“Birgə çəkilmiş rəsmlərə baxarkən, o andaca donmaq, elə o rəsmdəki kimi heykəlləşməyi arzulamaq…”- Günay Nəriman…

Sevərək ayrılmaq
(Esse)
 
Hər kəsin üzündə onun üzü canlanır. Sanki hamı onun maskasını taxmış kimi.
Evdən çıxanda gözün arxada qalır, hərdən arxaya baxmadan ” tez gəl!” söyləyirsən. Ya da başıaşağı getdiyin yerdə deyirsən ” məni də gözlə, yavaş get!”
Yemək yeyəndə zarafatla, yemək oğurlamaq üçün onun boşqabına çəngəl atmaq və masada sənin boşqabından başqa boşqab olmadığını görüb, yeyəcəyin yeməyin içərisinə axıtdığın göz yaşlarıdı .
Darıxanda qollarının qucaqladığı hava boşluğudu.
Üzüləndə başını qoyub da, için-için ağlamaq üçün axtardığın çiyni tapa bilməmək. Evin içərisində o otaqdan-bu otağa qaçmaq və nəhayət dizləri üstə çökərək , başını dizlərinin üstünə qoyub hönkürməkdi.
Hər gün onu görmək üçün, yolu başında dayanmaq, uzaqdan görüb, göz yaşını silə-silə geri dönməkdi. Evi önündə, gizlin yerdə saatlarca dayanmaq, pəncərini açıb çölə baxacağını gözləməkdi.
Birgə çəkilmiş rəsmlərə baxarkən, o andaca donmaq, elə o rəsmdəki kimi heykəlləşməyi arzulamaqdı .
Xəstə olanda, hər kəsin başına pərvanə kimi dolandığı zaman, bircə onun gəlib alnının tərini silib, alnından öpməsini istəməkdi. Nağıllardakı kimi bu öpüşün səni sağaldacağına inanmaqdı.
Uda bilmədiyin barıt dolu böyük loxmadı. Sanki boğazında tıxınlaşıb, nəfəs ala bilmirsən. Udqunduqca loxma daha da bərkiyir və nəfəsi kəsir. Nəhayət, o loxmanı güclə udursan, biraz nəfəsin gəlir, indi də barıt daxilini partladır. Bütün daxili orqanların sızıltıyla bir nəfəsə pıçıldayır sənə xəlvəti:” İntihar et! Qurtul bu əzabdan.”
Telefonuna hər zəng gələndə ekrandakı adı oxumadan dərhal açıb, qulağına tutmaq və bu saniyələr ərzində Allaha yalvarmaqdı: ” zəng edən o, olsun kaş”. Telefondakı başqa səsi eşidib, udqunmaq, içini çəkə-çəkə hıçqırmaqdı. Gözlərindən səssiz axan yaşı silib, telefondakının səsin niyə belə gəlir, nə olub sualına ” qrip olmuşam, burnum axır” deyə cavab verməkdi.
Onunla birgə gəzdiyin hansısa bir küçənin, parkın yanından keçərkən balaca uşaq kimi hönkürmək və ətrafdakı insanların sənə acıyaraq baxmasıdı.
Onun sevdiyi musiqini hardasa eşidəndə, ordan işıq sürətilə uzaqlaşmaq istəməkdi, yenə də günahsız göz yaşları gözlərindən süzülməsin deyə.
Onun sevdiyi yeməyi yeməməkdi, kaş o da burda olub, bu yeməkdən yeyəydi. Amma yox, mən də yemirəm deməkdi.
Onunla üz-üzə gəldiyində gözlərinin içinə baxa bilməməkdi. O gözlərdəki sevgini, həsrəti, iztirabı görməmək üçün. Onunla qarşılaşdığında bütün hərəkətlərini itirmək, qaçıb boynunu qucaqlamamaq üçün özünü güclə saxlamaqdı. Ən pisi də odur ki, onun da eynən sənin yaşadıqlarını yaşamasını bilməkdir.
 
GÜNAY NƏRİMAN
Share: