Bitibdi bu yerdə sözüm…

Bitibdi bu yerdə sözüm…

A dağlar.

Keçirdim gəncliyi sizinlə qoşa,
Qalıbmı bu yerdə izim a dağlar.
Atlandım,fırlandım dolaşdım daşa,
Sıyrıldı o qədər dizim, a dağlar.

Başında bitibdi bir orman ağac,
Yamyaşıl bəzənib hər yal,hər yamac.
Böyüyür qoynunda sığırçın, turac,
Həmişə sizdədir gözüm, a dağlar.

Qəlbimdən keçəni kim bilə,duya,
Möhtacam tər təmiz bir ovuc suya.
Anam insaf edə gedəndə qoya,
İstəməyə tutmur üzüm, a dağlar.

Çəməndə çiçəklər çıxıbdı dizə,
Naxışlar çəkilib cığıra, izə.
Ziyarət etməyə gəlmişəm sizə,
Bitibdi bu yerdə sözüm, a dağlar.

Şəhidlər.

Qürurla yad edib anırıq sizi,
Qaranlıq zülməti yaran şəhidlər.
Həsrətdən,xiffətdən qurtardız bizi,
Paşikin əzmini qıran şəhidlər.

Qırxdörd gün içində səngərlər aşan,
Qələbə eşqiylə qaynayıb coşan.
Son gündə Şuşaya tam yaxınlaşan,
Düşmənin boynunu vuran şəhidlər.

Qatilə göz verib işiq verməyən,
Məscidə qalxaraq azanlar deyən.
Tox olsunlar deyə torpağı yeyən,
Günlərlə ac,susuz duran şəhidlər.

Gülnarın qibləsi and yeri sizsiz,
Sizinlə fəxr edir vətənim sözsüz.
Kiminiz ayaqsız, kiminiz gözsüz,
Xilasa qovuşdu Turan şəhidlər!

Gülnar Gədəbəyli

Share: