Bu, Bərdənin Böyük Göyüşlü kəndindəki “Fatimə” Qadın İnkişaf Qrupunun çağırışıdır. Həm də qrup üzvlərinin real uğur hekayələrinə söykənən çağırış!
Çünki bərdəli qadınlar qısa müddətdə çoxlarına imkansız görünəni bacarıblar. Tarixçəyə gəldikdə isə…
Kənd yerində əkin-biçin işini bilməyən çox azdır. Onlardan 11-i düz 3 il əvvəl həm güclərini, həm də pay torpaqlarını birləşdirmək qərarına gəliblər. Nə yaxşı ki, yolları Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə yaradılan Azərbaycan Kənd Qadınları Assosiasiyası (AKQA) ilə kəsişib. Demək torpaq da var, himayə də, hələ üstəlik motivasiya da…Qalır zəhmət! Gecəni gündüzə qatan zəhmətkeş qadınlar işlərini elə bacarıqla qurublar ki, təkcə bir mövsümdə 384 ton tərəvəz becərərək, uğurla sata bilirblər. Amma əl əməyi həm əziyyətlidir, həm də daha çox zaman alır. Bunu nəzərə alaraq, USAİD təşkilatı 23 fevralda bacarıqlı qrupa traktor və əkin avadanlıqları verib.
Beləcə Böyük Göyüşlünün “Fatimə”si 8 mart öncəsi daha bir böyük xəyalını gerçəkləşdirmək imkanı əldə edib: daha çox məhsul toplayıb, tərəvəz emalı sexi yaratmaq və kənddəki aztəminatlı qadınları işlə təmin etmək. Müasir texnikalar sayəsində qurulan Aqrar Xidmət Mərkəzi yeni açılsa da, qadınların şüarı elə əvvəlkidir: “Zəhmət bizi ucaldacaq!”. Qrup üzvləri mərkəzi bərabər hüquq əsasında birgə idarə edəcəklər.
“Bu mərkəz kəndlərdə qadınlar üçün iqtisadi imkanların yaradılması və onların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin bir nümunəsidir. “- deyə USAID-in Azərbaycan üzrə missiyasının direktoru Cey Sinqx bildirib. AKQA sədri Gülbəniz Qənbərova isə vurğulayıb ki, “Fatimə” kənddəki əksər stereotipləri aradan qaldırıb və qadınlarda özünəinam hissi yaradıb: ”Bu əməkçi qadınlar nəinki öz həyatlarını dəyişiblər, hətta kəndin ictimai həyatına da müsbət təsir ediblər”.
Əlamətdar gündə, üstəlik Qadınlar bayramı ərəfəsində bərdəli xanımları təbrik üçün Ağdam, Tovuz, Zaqatala, Gədəbəy, Tərtər, Beyləqan, Ağstafadan olan qadın inkişaf qrupları da gəliblər. Həm də əliboş deyil, əkib-becərdikləri ekoloji təmiz məhsullarla.
Müstəqil.az