Biz birlikdə güclüyük

 Məlahət HÜMMƏTQIZI 

(hekayə)

Gözlərini açdı, tavan ona dəyişik gəldi, bir neçə saniyəlik harada olduğunu ayırd edə bilmədi. Tez də özünə gəldi. Cəld ayağa qalxdı, yuyunmaq üçün vanna otağına keçdi. Səhər  çağını çox sevirdi, xüsusən bahar sabahlarını. Dolçadan  stəkana su süzüb bir neçə qurtum aldı və pəncərənin  qarşısına  keçdi. Bir xeyli dənizkənarı bulvara baxdı. Erkən olsa da, həkim yoldaşlarından  bulvarda  gəzişənlər vardı. Qeyri-ixtiyari gülümsədi.  Amma üzündəki təbəssüm tez çəkildi, bulvarın  hüznlü  görünüşü ürəyini ağrıtdı. Qəribsədi, bulvardakı səs-küy, qələbəlik üçün darıxdı. Pəncərəni açdı, sərin havanı ciyərlərinə çəkdi, başını qaldırıb göyə baxdı, sayrışan günəşdən gözləri qamaşdı. Hava mülayim idi, gümüşü dəniz elə bil donmuşdu, təlatümlü Xəzər bu gün özünə bənzəmirdi. Xəyal onu uzaqlara apardı…

Tibb fakültəsi tələbələrinin asudə vaxtları çox olmazdı, dərsləri ağır, müəllimləri tələbkar idi, çox yorulurdu.Yeməklə-yatmaqla yorğunluğu canından çıxmazdı. Onu dincəldən bir tək dəniz idi, gömgöy Mərmərə dənizi. Sahildə oturub dənizə baxardı və ürəyi uçub Xəzərə qonardı. Ləpədöyəndəki evlərini,əzizlərini yadına salır, bir az kövrəlir, bir az darıxır, ən sonda yorğunluğunu sahildə buraxıb evə gəlirdi. Mehriban tələbə yoldaşları üçün burnunun ucu göynədi…

Pəncərəni bağlayıb mətbəx rolunu oynayan kiçik guşəyə keçdi. Ayaqüstü yeməyini yeyib, bir fincan çay içdi. Son bir neçə həftə içində hərbçi kimi çevik olmuşdu. İş rejimindən asılı olmayaraq, günün iyirmi dörd saatı həyəcan siqnalı gözləyən əsgər kimi ayıq-sayıq idi. Qəfildən dünyanı caynağına almış pandemiya onun da həyat ritmini dəyişmişdi. O,Tədris Cərrahiyyə Klinikasının urologiya şöbəsində cərrah  işləyirdi.   Həkimlərin səfərbərliyi başlayanda könüllü olaraq işlədiyi klinikada yerləşdirilən  viruslu  xəstələrin  müalicəsinə başlamışdı. Ailəsi narahat olsa da, xalqının bu çətin günündə kənarda qalmağı vicdanı qəbul etməmişdi. Həyat yoldaşı, valideynləri xasiyyətini bildikləri üçün çox dərinə getməmiş, onun qərarına etiraz etməmişdilər. Sakit, təmkinli olduğu qədər də qətiyyətli idi. Uzun illər işlədiyi klinikadan  pandemiya cəbhəsində növbənin nə vaxt ona çatacağını gözləməyi özünə yaraşdırmırdı.

Gərgin iş onu çox yorurdu.  Bir tərəfdən  heç vaxt geymədiyi hava keçirtməyən kamuflyaj geyim, tez-tez tərləyən plastmas eynək,  maska,  üst-üstə əlinə keçirdiyi əlcək, ayağındakı baxil   onu darıxdırsa da,  vəzifə borcu, ən əsas isə ürəyindəki şəfqət hər şeyi üstələyirdi. Peşəsini çox sevirdi, həkimlik onun uşaqlıq arzusu idi. Bu arzunun çin olması üçün uşaqlıq oyunlarından, yeniyetmə əyləncələrindən, gənclik həvəsindən kəsmişdi. Həkimlik onun həyatında baş rolda idi. O ən böyük arzusuna çatmışdı.Uralogiya ixtisası üzrə  həkimlik diplomu aldığı günün unudulmaz təəssüratı hələ də canında idi, bu ona tükənməz həvəs veririr, yorğunluğunun üstünə su səpirdi. Universitet müəllimlərinin tez-tez işlətdikləri söz qulağında sırğa olmuşdu: “Sənətinizi sevsəniz, heç nə, heç bir ağır xəstə sizi yormayacaq. Həkim olduğunuz üçün hər gün Allaha şükr edin”.

Qəhrəman həkim bu gün gecə növbəsinə çıxacaqdı. Hava qaralmış, gecə  düşmüşdü.  Bütün günü kompüter arxasında işləmişdi. Pandemiya ilə bağlı qaynaqları araşdırır, dünya xəbərlərini izləyirdi.  Saatına baxıb ayağa qalxdı. Artıq aşağı düşməyin vaxtı idi. Hər gün avtobus həkimləri qaldıqları “Bulvar otel”dən  Cərrahiyyə Klinikasına  aparırdı. “Covid 19” virusuna yoluxmuş xəstələrin  gözləri  yolda,  ümüdləri  həkimlərə idi. Onların ümüdlərini qırmaq olmazdı. Tələsik oteldən cıxıb avtobusa mindi. Həkim yoldaşları ilə salamlaşdı. Həmkarı Məmmədin yanında oturdu. Xəstəxananya çatanda  artıq  on ikinin yarısı idi.  Geyinmə otağında əynini dəyişdi. Kamuflyaj formasını  əyninə geyindi. Gözünə eynək, əlinə iki dəst əlcək, ayağına baxil taxıb, həmkarları ilə liftə mindi. Təmiz zonadan   8-ci mərtəbəyə qalxdılar.  Neytral  zonanı adlayıb, kirli zonaya –  xəstələr yatan sahəyə keçdilər.  Gecə növbəsini qəbul etdilər. Cəbhə xətti buradan başlayırdı..

Düşmənin – virusun həmləsinə tuş gəlmiş xəstələr xilaskarlarını gözləyirdilər. O, ön cəbhədə vuruşurdu, xəstələrlə birbaşa təmasda idi. Düşməndən qorxmurdu, vicdanı əmr edirdi: ”İtkiyə yol verilməməlidir”.

Yaşlı qadının vəziyyəti yaxşı deyildi. Xəstənin  səhhətində get-gedə problemlər yaranırdı,  zəifləyir,  gücdən düşür,  ağrılara  tab gətirə bilmirdi. Səhərə yaxın  hərarəti   çox yüksəldi. Xəstə qəfildən  huşunu itirdi.  Həkimlər və tibb bacıları   cəld  ilkin tədbirlərə başladılar.  Xəstə qızdırmadan yanırdı. Qəhrəman həkim anladı ki, infeksiya ilə yanaşı xəstənin başqa patologiyası da var. Hərtərəfli müayinə onun yanılmadığını göstərdi. Xəstənin böyrəyindəki daş sidik kanalına düşmüşdü. Həkimlər konsiliuma toplaşdılar, uzun müzakirələrdən sonra virusa yoluxmuş   xəstəni bayılmış vəziyyətdə əməliyyat etməyi məsləhət bilmədilər. Bu çox qorxulu və riskli durum idi. Yalnız xəstənin vəziyyəti  yaxşılaşdıqdan sona əməliyyat oluna bilərdi. Bir neçə vaxtdan sonra xəstənin hərarətini aşağı sala bildilər və xəstə yavaş-yavaş özünə gəlməyə başladı. Qəhrəman həkim səhərə kimi xəstəni tək qoymadı. Qadının yalvarışlı baxışları onun qəlbini göynədirdi. Nə qədər çətin olsa da, xəstəsinin baxışlarından gözlərini yayındırmir, vəziyyətinin ağır olmasından şübhələndirməməyə çalışırdı. Arada onunla zarafat edir, ümidsizliyə qapılmasına yol verməmək üçün özünü şax tuturdu.

-Gözəl anam, bizi bir az qorxutdun, amma müayinə göstərdi ki, qorxulu heç nə yoxdur. İnşallah nəvələrinin toyunda oynayacaqsan.

Qadının gözləri doldu, iki damla yaş yastığın üstünə damladı. Həkim:

-Darıxma, gözəl anam. Hər şey yaxşı olacaq, – deyib qadının əlindən tutdu. Yaşlı qadının gözləri azacıq qıyıldı, yəqin ki, gülümsəyirdi, amma maska arxasından bunu sezmək mümkün deyildi. Bir müddət sonra xəstə yuxuya getdi. Həkim palatadan çıxıb tibb bacılarının otağına gəldi. Gözləri qıpqırmızı qızarmış tibb bacıları şəffaf gözlüklər arxasından sualdolu nəzərlərlə həkimə baxdılar.

-Qızlar, yaşlı qadının vəziyyəti yaxşı deyil, biriniz yanında oturun. Bir azdan gəlib dəyəcəyəm,- deyib Qəhrəman həkim otaqdan çıxdı. Saatına baxdı, növbəsinin bitməsinə təxminən bir saat vardı.

Yerinə girsə də, gözünə yuxu getmədi. Yaşlı qadının imdad diləyən baxışları ağlından çıxmırdı. Yuxuya gedəndə dan yeri ağarmağa başlamışdı. Qəribə yuxu gördü. Gördü ki, hər tərəf alışıb yanır. O, alovun içindən  insanları çıxarır. Amma  yaşlı qadın gözünə dəymir, alovun içərisinə atılır ki, yaşlı qadını xilas etsin… Tər-su içində yuxudan ayıldı, əllərini üzünə çəkib  dərindən nəfəs aldı. Yerindən qalxıb pəncərəyə yaxınlaşdı. Pərdəni çəkib dənizkənarı bulvara baxdı. Telefonu açıb  həyat yoldaşı  və oğlu ilə  zəngləşdi. Telefonu yenicə söndürmüşdü kü,  xəstəxanadan zəng gəldi. Xəstəxananın qəbul şöbəsindən idi. Onun şöbəsinə xəstələr yerləşdiriləcəkdi. Onların arasında təcili yardım və şəhər xəstəxanasının həkiməri də var idi. Tələsik otaqdan çıxdı.  Aşağıya düşüb maşınına mindi,sürüb klinikaya gəldi.

Xəstəxanaya çatanda  qəbul şöbəsinin həkimi  ona xəstələr barəsində məlumat verdi. Formasını geyinib,  liftlə  8-ci mərtəbəyə  qalxdı.  Palataya on iki  xəstə gətirilmişdi. Əksəriyyəti  şəhər xəstəxanasının  həkimləri idi.  Xəstələrin səkkizinin vəziyyəti çox ağır idi. Qanı qaraldı, həmkarlarının xəstələnməsi ona çox ağır təsir edirdi. Bir tərəfdən də həkimlərə böyük ehtiyac olduğu bir vaxtda bu, fəlakət idi. Onları  palatalara yerləşdirib, təyinatlarını  yazdı. Tez-tez onlara baş çəkirdi.  Ağır xəstələrə sistemlər qoşdurub, onları böhran vəziyyətindən çıxardı. Hər bir xəstənin vəziyyətinin stabil olduğunu görüb,  dərindən nəfəs aldı. Çox yorulmuşdu, başından  kürəyinə qədər axan tər onu üşütməyə başladı. Yorğun-yorğun pəncərəyə yaxınlaşdı. Gecənin qaranlığında 11-ci mərtəbədən şəhərə açılan mənzərə  ürəyinə bir sərinlik gətirdi. Alov qüllələrində işıqlanan  “Biz birlikdə güclüyük, Azərbaycan həkimlərinə eşq olsun!” şüarları üzünə təbəssüm qondurdu.

Səhər yuxudan hövlnak oyandı. Bu gün əməliyyata girəcəkdi. Böyrək daşı  olan xəstəsini  əməliyyat edəcəkdi. Bu çox riskli və çətin əməliyyat  idi. Lakin o özünə arxayın idi. Amma yorğunluq hiss edirdi. Bir neçə idman hərəkəti edib, yorğunluğunu atmağa çalışdı. Başı hərlənir, gözləri qaralırdı, halsız idi. Belə vəziyyətdə əməliyyata girə bilməzdi. Həm özünü, həm də xəstəsini çıxılmaz vəziyyətə  sala bilərdi. Bir stəkan çay içib, ayağa qalxdı. Artıq avtobus  otelin qarşısında idi. Avtobusa mindi. Həkim yoldaşları ilə salamlaşdı. Məmməd həkim   onun  halını görüb təlaşını gizlətməyə çalışaraq soruşdu:

-Gözümə birtəhər dəyirsən.

-Hə, dünənki yorğunluq heç canımdan çıxmayıb.

-Bilirəm,  elə mənəvi ağırlığı bəs edir. Dünən  gecə  on iki həkim yoldaşımızı  qəbul etmisən. Halaldı sənə,  qəhrəmansan vallah, – deyib  Məmməd  həkim  onun kürəyinə ehmalca vurub gülümsədi. -Dünən çox ağır gün idi.  Hamımız sənin vəziyyətində idik. Bizim şöbəyə  gecə beş xəstə  gətirdilər.  Dünən bütün palatalara  xəstələr gətirilib.

-Hə,  düz deyirsən, gecə çox ağır keçdi. Hələ özümə gəlməmişəm.

-Bəs sən bu vəziyyətdə əməliyyata necə girəcəksən?

-Mən yaxşıyam. Sadəcə yorğunam.

-Vəziyyətin göz qabağındadır. İstəyirsən, sənin yerinə əməliyyata  mən girim.

-Yox, yox, olmaz, özüm girəcəyəm,  gecə xəstənin vəziyyətini araşdırmışam.  Müalicə taktikasını işləmişəm, narahat olma. Sən yaxşı dostsan,  sağ ol. Amma bu  mənim xəstəmdi. Özüm də əməliyyat edəcəyəm, – deyib Qəhrəman həkim köks ötürüb, pəncərədən  yola baxdı.

O hər şeyin yaxşı olacağına inanırdı.  Ürəyində bir sakitlik , əminlik vardı.  O,   bu əməliyyatı etməli idi. Xəstəsinin vəziyyəti get-gedə ağırlaşırdı. Hər dəqiqiə qanaxmadan və böyrəklərinin işləməməsindən  ölə bilərdi. Xəstənin kreatini də yüksəlmişdi, sidiyə gedə bilmirdi, katetr taxılmışdı. Fikrə dalmışdı. Tibb bacısını çağırıb, əməliyyat otağını   hazırlamağı və anestezioloqu  çağırmağı tapşırdı.

Tibb bacısı:

-Yaxşı, dokor, – deyib əməliyyat otağına keçdi.

Bir neçə dəqiqiədən sonra  gəlib əməliyyat otağının hazır olduğunu  bildirdi. O, palatalara keçib,  dünən qəbul etdiyi xəstələrlə bir-bir maraqlandı. Vəziyyətlrinin stabil olduğunu görüb rahatlaşdı. Əməliyyata rahat girə bilərdi.Əməliyyat olunacaq xəstənin palatasına gəldi, vəziyyəti ilə maraqlandı.

-Narahat olma, hər şey yaxşı olacaq, – deyib  xəstəsini sakitləşdirdi. Palatadan çıxıb əməliyyat otağına gəldi. Əməlliyyat paltarını geyinib, içəri keçmək istəyəndə  yenidən başının  hərləndiyini hiss etdi. Əlini divara dirəyib özünü ələ almağa çalışdı. Ürəyi sürətlə döyünməyə başladı. Onu soyuq tər basdı. Kürəyini  divara söykəyib  gözlərini yumdu. Əli ilə üzünü  tutub, bir xeyli belə  dayandı. Dərindən nəfəs alıb, əlini üzündən çəkəndə qarşısında Məmməd həkimi gördü.

-Bismillah!  Sən hardan çıxdın?- deyib dostuna baxdı.

Məmməd isə narahatlıqla onu süzüb, başını yellədi.

-Sənin vəziyyətin yaxşı deyil, qoy sənin yerinə mən çıxım, belə olmaz. Get dincəl.

-Yox, yaxşıyam, inan, yaxşıyam. Hər şey yaxşı olacaq, – deyib Məmmədin  çiyninə vurub gülümsədi.

Əməliyyat otağına keçdi. Xəstə artıq hazır idi.  Narkoz da verilmişdi. Əməliyyat başladı. Get-gedə başı daha çox gicəllənirdi. Alnından aramsız tər axırdı. Tibb bacısına baxdı.  Tibb bacısı   həkimin nə demək istədiyini anlayıb, tez onun alınını   tənziflə  sildi. O özünü güclə ələ alıb,  xəstənin böyrəyindəki və sidik kanalına düşmüş daşları təmizləyib  əməliyyatı  başa vurdu.

Məmməd həkim dəhlizdə qoyulan  monitordan  həkim yoldaşları ilə birgə  əməliyyat otağındakı  prosesləri həyəcanla izləyirdi. Dostunun əməliyyatı bitirib, bayıra  çıxmağı ilə Məmmədin onun qarşısına qaçmağı bir oldu.

-Yaxşısan?

-Hə, yaxşıyam, narahat olma,  –  deyib Məmməd həkimin qoluna girdi.  Danışa-danışa   dəhlizə çıxdılar. Həkim dostları onları görüb əl çalmağa başladılar.  Hamısı bir ağızdan “doktor, təbrik edirik!” dedi. Neytral sahədə əyinlərindəki kamuflyaj paltarları çıxarıb  aşağı düşdülər. Maşına oturub  sürmək istəyəndə Məmməd əlini  maşının açıq  şüşəsinə dayayıb qayğıkeşliklə dedi:

-İstirahət elə, qalan işləri  özüm görəcəyəm, gəlmə, bir-iki gün dincəl. Mənə arxayın ola bilərsən.

-Yaxşı, – deyə Qəhrəman həkim əlini sükana atdı. Məmməd ona əl edib,  arxasınca  baxdı. Qəhrəman həkim bir az gedib maşını  saxladı.  Güzgüdən   arxasınca   qəmli-qəmli baxan  dostunu süzüb başını  yellədi. Məmməd həkim nəsə  baş verdiyini  düşünüb, getməyə tələsmədi. Maşının ger-geri ona sarı gəldiyini  görəndə narahat oldu. Maşın onun qarşısında dayandı.  Məmməd həkim  maşının şüşəsinə  tərəf əyilib, ”yaxşısan? “, -deyə soruşdu. Dostunun  gülümsədiyini görüb sakitləşdi:

-Qorxutdun məni, – deyib başını  yellədi.  Kövrəldi, hətta gözləri də doldu.

Qəhrəman həkim də təsirləndi. Maşından düşüb dostunu qucaqladı.

-Hər şey yaxşıdı, qardaş, – dedi.

-Hə, get,  narahat olma,  özünə yaxşı bax, – deyib  Məmməd həkim dostunu   maşına qədər ötürdü.

Maşın tezliklə gözdən itdi…

Məmməd həkim  qayıdıb, yeni əməliyyat olunan xəstəni reanimasiya otağına köçürdü. Səhərə kimi yatmayıb növbə çəkdi. Xəstənin narkozdan ayılmasını gözlədi. Xəstə  səhərə yaxın gözlərini açdı. Ağrıları vardı. Məmməd  həkim  tibb bacısına  xəstəyə ağrıkəsici iynə  vurmağı tapşırdı. Yuxusuzluq onu haldan salmışdı. Bir tərəfdən də hava keçirtməyən kamuflyaj forma onu sıxırdı. Deyəsən, istiliyi qalxmışdı, tər içində idi. Bircə tez qaldığı otelə gedib yatmaq istəyirdi. Oturduğu stuldan qalxıb, bir neçə addım  atmışdı ki, gözləri qaraldı, başı gicəlləndi, müvazinətini itirib  yerə yıxıldı.

Qəhrəman həkim dostuna arxayin olub, üç gün istirahət etdi, yorğunluğunu çıxardı, dincəlməsəydi iş qabiliyyətini itirə bilərdi. İşdən icazə vermişdilər. Artıq özünü yaxşı hiss edirdi. İşə qayıda bilərdi. Tibb bacısına  tez-tez  zəng vurub, xəstəsinin vəziyyətini soruşurdu. Yaxşılaşdığını eşidib sevinmişdi.  Amma Məmməd onun zənglərinə cavab vermirdi. Dostundan çox nigaran idi. Səhərə yaxın yuxuda Məmmədi gördü. Dostu  alov içində yanırdı. Nə qədər əlini uzatsa da, əli ona çatmırdı. Yuxudan oyananda bir əzginlik hiss etdi. Dalğın halda  dənizkənarı bulvara düşdü. Səhər  mehi eynini bir az açdı. Bir xeyli dənizə baxdı. Darıxdı. Özündən başqa bulvarda heç kim yoxdu. Karantin insanları evlərinə qapatmışdı. Şəhərin səsi batmışdı. Sanki həyat ölmüşdü, şəhər ölmüşdü. Həyatı diriltmək isə onun, həkim yoldaşlarının əlindəydi. Dənizin dalğaları  pianonun dilləri kimi  səslənərək, həzin musiqi çalmağa başladı. Qəhrəman həkim də canlandı. “İşə getmək lazımdır” deyə, fikirləşib addımlarını sürətləndirdi.

İşə çatdı.  Geyinmə otağında əynini dəyişib, skafandrı geyindi. Liftlə təmiz zonadan kirli zonaya qalxdı. Dəhlizdə tibb bacısı ilə rastlaşdı. Qızın gözlərində  bir hüzn var idi. Qəhrəman həkim tez xəstəsini soruşdu

-Hər şey yaxşıdır, doktor, narahat olmayın, – deyib, gözlərini həkimindən  qaçırdı.

Qəhrəman həkim duruxdu.

-Bir şey olmayıb? Gözümə bir təhər dəyirsən. Məmməd həkim haradadı, zənglərimə də cavab vermir. İşə çıxır?

Tibb bacısı cavab vermədi, üzünü kənara çevirdi.

-Çinarə, mənə düzünü de, nəsə olub?

-Bəli, doktor, Məmməd həkim ağır vəziyyətdə reanimasiyada yatır. Tənəffüs aparatına qoşulub, vəziyyəti çox ağırdı. “Covid”ə yoluxub. Üç gündü həkimlər hərarətini sala bilmirlər. Xəstəyə katetr taxanda əlcək və  eynəyini  çıxarıb.  Deyib ki, əlcəklə işləmək olmur. Eynək də gözlərini tərlədirmiş. Gecə-gündüz sizin xəstənin başı üstündən əl çəkmədi.

Qəhrəman həkimin əlləri yanına düşdü, əhvalı əməlli-başlı pozuldu. Yuxusu çin çıxmışdı. Fikirli-fikirli palataya keçib,  əməliyyat etdiyi xəstəsinə baş çəkdi. Xəstə oturaq vəziyyətdə yemək yeyirdi. Gözlərinə inanmadı. O gələnə qədər Məmməd həkim xəstəsini ayağa qaldırmışdı. Reanimasiya  şöbəsinin müdiri Cavid  həkimə zəng vurub, dostunun vəziyyəti ilə maraqlandı. Həkim  ona dostunun vəziyyətinin ağır olduğunu dedi, kompüter tomoqrafiyası ağ ciyərlərində ikitərəfli virus pnevmoniyası, buzlu şüşə  dz.  aşkarlamışdı. ”Analizlərini yoxladıq. Qan təhlillərinə baxdıq. Normativlər həddindən artıq yüksəkdi. Həmişə qan azlığından şikayət edirdi. Səhlənkardı özünə qarşı, heç vaxt müalicə almırdı. İmmuniteti düşən kimi, virus onu yaxaladı. Müalicələrə başlamışıq. Amma ona təcili qan  köçürtməliyik. Qanbanka zəng vurmuşuq. Birinci qrup qan lazımdı. Gözləyirik. Bilirsiniz də, indi qan da problem olub”.

Qəhrəman həkim telefonu söndürüb, neytral zonaya yaxınlaşdı. Əynini dəyişdi.  Birbaşa qanköçürmə institutuna gəldi. Qan vermək istədiyini bildirdi. Onun qanı dostunun qanı ilə eyni idi. Dostuna kömək edəcəkdi, onu ölümün pəncəsindən qutaracaqdı.

Klinikaya çata-çatda  reanimasiya şöbəsinin müdiri Cavid həkim  ona zəng vurdu. Sevinclə onu muştuluqladı. “Gözün aydın, doktora qan tapmışıq. İndi yoldadı. Beş dəqiqəyə çatacaq.  Qanköçürmədən zəng ediblər”. Qəhrəman həkim dərindən nəfəs aldı. Güzgüyə baxıb gülümsədi. Saçını əli ilə darayıb, məmnun halda  maşından düşdü. Geyinmə otağına keçib əynini dəyişib, reanimasiya şöbəsinə qalxdı. İçəri girəndə  müalicə həkimi ilə rastlaşdı. Görüşüb hal-əhval tutudular. Birlikdə dostunun yatdığı  reanimasiya  otağına keçdilər. Məmməd həkim  tənəffüs aparatına qoşulmuşdu.

-Nə kömək lazımdı? – deyə Qəhrəman həkim həyəcanla  Cavid həkimə baxdı.

-Narahat olma, qan köçürmüşük. Ayılsın, aparatdan ayıracağıq. Bircə  ayılsın…

-Sənin proqnozuna görə nə vaxt ayılar?

-Tənbəlliyini atsa, tez bir zamanda. Bir-iki saata ayılmalıdı. Özün bilmirsən, yatmağa meyillidi, – deyib Cavid həkim həmkarını güldürməyə çalışdı.

-Hə, inşallah, şir kimi ayılacaq.

-Sənin kimi oğlanın qanı axır damarlarında, ayılmaya bilər? – deyə Cavid həkim mənalı-mənalı yoldaşına baxdı. -Mən bilirdim, qanı  sən  vermisən. Təşəkkür edirəm sənə.

-Xahiş edirəm, özünə  demə, qoy bilməsin, istəmirəm, özünü  borclu bilsin.

-Yaxşı,  narahat  olma,  mən gedirəm, işim çoxdur, istəyirsən,  sən də get. Ayılanda sənə xəbər edəcəyəm, – deyib Cavid həkim razılıqla gülümsədi.

Məmməd həkim ayılmışdı. O, bütün söhbəti eşitmişdi. Sadəcə gözlərini açmamışdı. Qəhrəman həkim otelə getmədi, üçgünlük istirahətin əvəzini çıxmalıydı, bu üç günü boş keçirdiyi üçün özünü borclu hiss edirdi. Onu gözləyən insanların yanına tələsirdi. Hələ nə qədər xəstəsi var idi… Onları sağaldıb evlərinə yola salmalıdı. Bu onun həkimlik, vətəndaşlıq  borcu idi. Son xəstəsi palatanı tərk edənə kimi  evə  getməyəcəyinə  and içmişdi.

20.05.2020

Share: