Müstəqil.Az və “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin birgə lahiyəsi olan “Dənizçi həyatı” layihəsinin budəfəki qonağı “Azərbaycan” gəmisinin baş mexanniki Xallayevdir
-Bəhruz, səninlə “Dənizçi həyatı” layihəsində görüşürük. Özün haqda məlumat verməni istərdim.
– Mən Bəhruz Eyvaz oğlu Xallayev Qax rayonunda anadan olmuşam. 2004-cü ildə ADDA-a daxil olmuşam, 2008-ci il həmin Akademiyanı energetika mühəndisi ixtisası üzrə bitirmişəm . 2008 –ci ildən AXDG QSC DND idarəsinə məxsus tanker, quru yük, ro-ro tipli gəmilərində motorçu və mexanik vəzifələrində çalışmışam.
2014-cü ildən AXDG QSC XDND-nın kran gəmiləri olan “Atlet” və “Şirvan” gəmilərində II mexannik, “G. Şıxlinski” kran gəmisində böyük mexanik vəzifələrində çalışmışam. Hal-hazırda “Azərbaycan” kran gəmisində Baş mexanik vəzifəsini icra edirəm.
– Necədir dənizçi həyatı? Ümumiyyətlə dənizçinin həyat tərzi başqalarının həyat tərzindən nə ilə fərqlənir?
–Fikrimcə dənizçi həyatı tamamilə fərqli bir həyat tərzidir. Bu həyatın sevinci də fərqlidir, kədəri də. Bu həyatın dostluğu da fərqlidir, düşmənçiliyi də. Bəzən quruda buraxıb gəldiyin yaxınlarının, dostlarının, əzizlərinin sevincini-kədərini, xeyir-şərini həsrətlə yaşamaq məcburiyyətində olursan. Bu həyatda hər bir gördüyün hadisənin, eşitdiyin xəbərin də yanında həsrət var.
– Baş mexannik işləyirsən. Niyə mexannik? Qəbulda topladığın bal bu fakultəyə çatdı, yoxsa elə mexaniki qurğulara həvəsin vardı?
– Qəbul olunduğum ixtisas energetika mühəndisi ixtisası idi, lakin sonralar ixtisasımı dəyişmək imkanlarımın da olmasına baxmayaraq mən böyüklərimin də məsləhətiylə bu istiqamətdə təhsilimi davam etdirdim. Bu gün bu məslək həyatında müəyyən qədər yol keçmiş bir gəmi mühəndisi olaraq ixtisasımla, peşəmlə fəxir edirəm.
– Bu sənətin dərinliklərinə bələd olmaq üçün kimə təşəkkür edərdin?
-Bu sənətin dərinliklərinə hələ çatdığıma inanmıram, ancaq bu sənətin dərinliyə aparan yolda yolum çox şərəfli müəllimlərlə, çox məhsuliyyətli motorçularla, çox dəyərli gəmi mühəndisləriylə kəsişib. Bu sənətdə formalaşmağımda onların əməyi çox böyük olmuşdur.
Bunların içərisində hal-hazırda görüşdüyüm insanlar da var və bu yol çox uzun olduğuna görə unudulanlar da var. Mən sənətin hansı dərinliklərində olmağıma baxmayaraq onlara həmişə borclu olduğumu düşünürəm və düşünəcəm də.
– Gəncsən, ama səndən sonra gələn nəsil də var, onlara sözün nə olardı?
– Mən, ümumiyyətlə, həyatımda dönub geriyə baxdığım zaman, seçdiyim dəniz sahəsində bu gunə qədər gələn və gələcəkdə olan bütün uğurların gənclərin vasitəsi ilə gəldiyinə və gəlməkdə olacağına inananlardanam. Gənc dənizçilərlə tez-tez təcrübə keçmək üçün gəmimizə gəldikləri zaman görüşürük və müxtəlif söhbətlərimiz olur. Biz dənizçiyik, biz dünyanın hər yerindəyik və bir Azərbaycan dənizçisi olaraq həmişə mərd, qürurlu və dəyanətli olmalıyıq, harda oluruqsa, olaq. bir millət kimi yaxşı iz buraxmalıyiq.
– Qaxda doğulmusan. Dağlıq rayondur. Ordan dəniz necə “görünür”? Dənizə maraqğın necə yarandı?
– Qaxdan dəniz gözlə əlbəttə ki, görünmürdü, mən dənizi dənizçi qohumlarımda gördüm və hər bir gəncdə olduğu kimi həyat yolumda özümə bir istiqamət seçməli idim. Bu məqsədlə dəniz istiqamətində hərəkət etdim və bir çox məsləkdaşlarım da olduğu kimi bu yoldan dönmək istədim lakin sonradan həyatımda bir uğur varsa o da dənizdə olduğunu anladım. Dənizçi oldum və yoluma da dənizdə davam edirəm.
– Məlum məsələdir ki, gəminin yaxşı işləyib gəlir gətirməsi üçün mühərriklrin və digər mexanizmlərin daha işlək olması vacibdir. Komanda olaraq İşinizi necə qurursunuz?
– Mənə görə işdə qazanılan hər bir uğur, mehribançılığın və məhsuliyyətin nəticəsidir. Komandamdan həmişə tələbim mehribançılıq və məhsuliyyəli olmaqdır. Hal-hazırda böyük bir komanda ilə çalışıram və komandamızın tərkibində məndən yaşca çox boyük və kiçik əməkdaşlarımız var. Onlardan tələbim böyük qardaş kimi, kiçik qardaş kimi gəmidə öz üzərinə düşən vəzifələri məhsuliyyətlə və diqqətlə yerinə yetirmələridir.
– Bəzən gəmilərdə təmir işlərini öz gücünüzə görürsüz. De, ehtiyat hissələrinin təchizatı nə yerdədir?
– Mən həyatı dönüb geriyə baxaraq irəliləyən insanlardanam və dönüb geriyə baxdığım zaman istər təmir olaraq, istər təchizat olaraq bu günümdən razıyam. Mənim Neft donanması ailəsindən bir baş mexanik olaraq hal-hazırda işlədiyim gəmidə təmir və ya təchizatla bağlı heç bir problemim yoxdur. Rəhbərlik etdiyim komandamla birlikdə baş verə biləcək istənilən nasazlıqla və ya təmir işləriylə əlimzdən gəldiyi qədər mübarizə aparmağa hazıram.
– Heç olmayıbmı, işlərinizin səmərəli olmaması üçün hər hansı bir maneə olsun?
– Mən dənizçiyəm, mənim işimdə maneə də olur, problem də olaur, təhlükə də olur və olacaq. Əsası odur ki, bu maneəni keçmək, problemi həll etmək, təhlükədən yayınmaq və belə olduğu zaman mən dənizçinin və ya dənizçiliyin haqqını vermiş oluram və olacam.
– İllərdir dənizdəsən, yəni bezdiyin, təəssüf etdiyin vaxtlar heç olmayıb?
– Mən insanam, mən övladam, mən atayam və bu insani hisslərim, yuxarıda qeyd etdiyim həsrət hisslərim təbii ki, məni bezmək hisslərindən uzaq tuta bilməzdi. Dənizçinin həyatının çox hissəsi bu bezmək, təəssüf hisləri ilə mübarizə aparmaqla keçir və məndə o dənizçilərdənəm.
– Bəlkə idarənin texniki təchizat və istismar idarəsinə bir səmərələşdirici təklifin var, deyə bilərsən?
– İstər idarə rəhbərliyi olaraq, istər istismar xidməti olaraq demək olar ki, hər gün telefon əlaqəmiz olur. Biz Neft Donanması ailəsi olaraq donanmamızın uğuru və gələcəyi üçün birlikdə çalışan ailəyik və səmərələşdirici təkliflərimiz olduğunu düşündüyümüz zaman bu fikirləri bir birimizlə paylaşırıq və paylaşacağıq.
– Dənizçilərimizin daha yaxşı yaşaması üçün idarə rəhbərliyi əlavə nələr etsə yaxşı olar?
– Yuxarıda qeyd etdiyim kimi mən geriyə baxaraq irəliləyən insnlardanam. Mən gəmilərdə verilən ərzağın öz millətimin insanı tərəfindən mənimsnilib ac buraxıldığım dövür də görmüşəm, mən az bir əmək haqqımın kəsilib dəftər qələm adıyla mənimsənilən dövürünü də yaşamışam, bu gün fərli bir dönəm yaşayırıq. Bu və ya digər səbəblərlə dönüb geriyə baxdığım zaman məncə biz çox uğurlu yol qət etmişik və yolumuz davam edir. Məncə ölkə səviyyəsində baxsaq bir dənizçinin pis yaşayıram deməsi, düzgün olmazdı və bugünki dənizçi azadlığını da nəzərə alsaq dünya bizə açıqdir və əgər mən daha yaxşı qazanmaq arzusu xəyalına düşsəm gedib xaricdə işləməyi üstün tutardım, necə ki, 2010-2013 –cü illərdə işlədiyim kimi..
– Əlavə sözün varsa deyə bilərsən. Müsahibəyə görə sağ ol.
– Hörmətli Faiq müəllim, mənə, həmkarlarımın, dəyərli məslək böyüklərimin olduğu bir platformada söz verdiyiniz üçün sizə təşəkkürümü bildirirəm. Hər bir dənizçi qardaşlarıma uğurlar arzulayıram, canımız sağlam, həmişə başımız dik, uğurumuz, şansımız bol olsun, deyirəm. Çünki biz dənizçilərin buna çox ehtiyyacı var.
Söhbətləşdi: Faiq Balabəyli