“Biz ki gün görmürük, bəs bu yazarlar, hansı günümüzə şeir yazırlar?!” – Xəyal Zeynal

***
 
Qansızlar miniblər kürəyimizə,
Gah sola sürürlər, gah sağa bizi.
Səsimiz çıxmamış qamçılayırlar,
Sıxıb, döndəriblər qorxağa bizi.
 
Gah şillə yeyirik gah da ki təpik,
Gah sümük atırlar gah da ki qəpik,
Həya pərdəsindən süzülən ipik,
Hər çatan dolayır barmağa bizi.
 
Bir yandan şər-xata, bir yandan çamur,
Cumur üstümüzə, it kimi cumur,
Ədalət divanı haqqı qorumur,
Əzdirir oğraşa, yaltağa bizi.
 
Sağ əli dağıdır sol əlin kiri,
Taxıblar qandalı, deyiblər kiri!
Bir sümük qalmışıq bir də ki dəri,
Soyublar təpədən-dırnağa bizi.
 
Bu dərdli dənizin suyu dəyişmir,
Tox olan acların huyu dəyişmir,
Bu adam balası Ayı, dəyişmir,
Hər dəfə keçirdir qarmağa bizi.
 
Siyasi mövqelər, siyasi sirrlər,
Siyasi cəhətdən şəhid-əsirlər…
Bir yandan doğrayır, asır, kəsirlər,
Bir yandan bükürlər bayrağa bizi.
 
Bizim xeyrimizə qızıl sarayda
Nə qanun yazılıb, nə də ki qayda,
Səsimiz duyulmaz, çıxsa nə fayda?
Diriykən gömüblər torpağa bizi.
 
***
 
Azadlıq yolunda tapdananlarıq,
Əzik tinimizə şeir yazırlar.
Düşmən yatağında rəqs eləyirik,
Yırtıq gönümüzə şeir yazırlar.
 
Ortaya top kimi atılmışlarıq,
Başı nağıllarla qatılmışlarıq,
Qeyrət bazarında satılmışlarıq,
Hər gün “şənimizə” şeir yazırlar.
 
Gah qapaz yeyirik gah da ki şallaq,
Nə düzük nə də ki kəlləmayallaq,
Görəndə əsəbdən gülürəm Allah,
Yönsüz yönümüzə şeir yazırlar.
 
Düşmən bəsləyirlər yaylağımızda,
Taqət də qalmayıb caynağımızda,
Sevinci kiflədib qursağımızda
Haqlı kinimizə şeir yazırlar.
 
Bir xalqa nə qədər quyu qazarlar,
Məhviyçün nə qədər plan cızarlar?
Biz ki gün görmürük, bəs bu yazarlar
Hansı günümüzə şeir yazırlar?!
 
***
 
QALX AYAĞA ŞƏHİDİM
 
Vətən asılı qalıb bağlı əllərimizdən,
Gərək duyur sənintək bir dayağa, şəhidim!
Biz ölmüş dirilərik, ağır yükük vətənə,
Sahib çıxa bilmirik bir ocağa, şəhidim,
Qurtar bizi bu dərddən, qalx ayağa şəhidim!
 
Bir yanımız od kimi, bir yanımız buz kimi,
Sızıldayan kamanıq, oynadırlar saz kimi,
Ərliyimiz tapdanıb, ağlayırıq qız kimi,
Qısılmışıq güvənsiz bir qucağa, şəhidim,
Qurtar bizi bu dərddən, qalx ayağa şəhidim!
 
Toxların gözü qalıb yavan çörəyimizdə,
Dünya yüku taxt qurub çökmüş kürəyimizdə,
Qisas hissi kül olub yanan ürəyimizdə,
Silah götür, yeriyək Qarabağa, şəhidim,
Qurtar bizi bu dərddən, qalx ayağa şəhidim!
 
Parçalanıb haqqımız dığaların əlində,
Yaxalanır, çimirlər gözümüzün selində,
Qeyrətimiz kiflənib tulaların dilində,
İt sürüsü milləti qoyub lağa, şəhidim,
Qurtar bizi bu dərddən, qalx ayağa şəhidim!
 
Yağıdadır torpağım, çoxdandır üzü gülmür,
Gecəsi qan ağlayır, qara gündüzü gülmür,
Yəqin məni duyursan, axı şəhidlər ölmür,
Sən gərəksən bu xalqa, bu torpağa, şəhidim,
Bu millətin xətrinə qalx ayağa şəhidim!
 
Xəyal Zeynal
 
Müstəqil.Az
Share: