BİZ NİYƏ ÖZÜMÜZ OLA BİLMİRİK?
Türk, bütün zamanlarda, yaratdıqları dəyərlərə “bu mənə məxsusdur” deməyib, bəşəriyyətin ümumi istifadəsinə, ümumi malına çevirib. Amma bu yanaşma, bu saflıq sonradan türkə baha başa gəlib. Nə yaxşı ki, 10 min il yaşı olan Qobustan yazıları ilə, 5-7-8 min il yaşı olan bir çox dastanlarımızla, eləcə də, bir çox yazılı və şifahi dəyərlərimizlə əcnəbi araşdırmaçıların sayəsində də olsa, tanış olmaq fürsətini bulmuşuq. Milli dəyərlərinə sahib durmayan, yad ideologiyaların əsirinə çevrilən millət ayaqda duruş gətirə bilməz. Necə ki, yüzillərdi bunun şahidi və iştirakçısı olaraq bugünkü duruma gəlib “çatdıq”. Min ildi, gah ərəb, gah fars, gah da rus havasına “oynadıq”.
Qonuya başlamazdan öncə qeyd edim ki, mən nə ədəbiyyatçı, nə də dilçiyəm. Bununla bərabər, dilimizlə bağlı bəzi nüansları, qısaca da olsa, qeyd etməyi özümə borc bildim. Çoxları, guya dilin qeydinə qalırlarmış kimi, rus dilində işlənən sözlərə qarşı azqala üsyan edirlər. Mövzuya birbaşa dəxli olan bir məsələni öncədən qeyd edirəm ki, sonra məni “russevdalılıqda” ittiham etməsinlər. Hər kəsə bəllidir ki, ruslar 200 ildən artıq bir zaman kəsiyində öz dövlətçiliklərini türk yurdları, öz xoşbəxtliklərini isə onlara qarşı düşmənçilik üzərində qurublar. Bu başqa bir mövzunun qonusu olduğu üçün geniş yazmaq istəmirəm. Tədbirlərin birində dilimizin saflığının “qeydinə” qalan, adını unutduğum bir ədəbiyyat adamı “mütəvaze” sözünün leksikonumuzdan çıxmasına, az-az işlənməsinə “yanıb tökülürdü”. Statistik müşahidələrə görə, bugünkü ədəbiyyatçıların, dilçilərin 99%-i müasir dilimizi, türk xalqları içərisində ən “təmizi” və ”millisi” hesab edirlər. Sual yaranır: tariximizi, antik türk abidələrini, türk dəyərlərini, türk mədəniyyətlərini azqala yer üzündən silməyə nail olan, leksikonumuzu böyük nisbətdə dəyişən ərəb kabusunun gətirdiyi “dəyərlər” saf və milli ola bilərmi? Az- çox rus dilinin qrammatik qaydalarına, etimologiyasına bələd olan biri kimi deyə bilərəm ki, ən təmiz türk dili elə rus dilidir. Rus etimoloq- alimləri, hələ bir az “simiclik” edərək, leksikonlarındakı sözlərin 60%-nin türkmənşəli olduğunu etiraf edirlər. Müasir azərbaycan dili isə, türk dilindəki feillərə uyğunlaşdırılmış, 80 % ərəb və fars sözlərindən ibarət yad sözlərdir. Bəllidir ki, millətə xarakterik olan sözlər, daha çox, feillərdən ibarətdir. Rus dilində istifadə olunan feillərin əksəriyyətinə isə müxtəlif türk xalqlarının leksikonunda rast gəlinir. Böyük araşdırma qonusu olan bu məsələ barədə cild- cild kitablar da yazmaq olar. Biz, nəhayət ki, dilçilərimizin ərəb və fars aşiqliyindən əl çəkmələrinin, dinin “sehrindən” çıxıb, doğma dilimizdə bugünümüzə çatan, 3-5-7-10 min il yaşı olan dastanlarımızda işlənən doğma türk sözlərin mənalarını araşdırmalarının və ümumtürk dilini hazırlayaraq qutsal bir amala imza atacaqlarının şahidi olacağıqmı?!
İlqar Türkoğlu
Müstəqil.Az