“Biz onların bir çoxunu xilas edə bilərik” Limunət Əmrahlı: “Yetər ki, bizimlə ünsiyyətə açıq olsunlar”

Son vaxtlar baş verən intiharlar fonunda media və sosial şəbəkələrdə intihar edən şəxslərlə bağlı bir sıra şərhlər yer alır, bu yanaşmalardan biri də onların normal psixologiyaya malik olmaması ilə bağlıdır.

Maraqlıdır, istisnasız olaraq intihar edən hər kəsə bu cür yanaşmaq nə dərəcədə doğrudur? Həqiqətənmi intihar edən insanlar birmənalı şəkildə psixoloji baxımdan qüsurlu insanlar kateqoriyasına daxil edilməlidir?

Müstəqil.Az bildirir ki,  Moderator.az-a açıqlama verən “Psixoqamma”nın rəhbəri, tanınmış psixoloq Limunət Əmrahlı məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“İlk növbədə birmənalı olaraq deyə bilərəm ki, intihar edən şəxslərin heç də hamısında psixoloji problem olmur. Əlbəttə, onların arasında belə şəxslərin olmasını inkar etmək də olmaz. İntiharların səbəbləri ilə bağlı psixologiyada müxtəlif fikirlər var. Əsas yanaşma budur ki, intihar bir sıra emosional hallar fonunda baş verir: affekt, uzun müddət davam edən stress, depressiya, aqressiya, qisas, qısqanclıq, çarəsizlik, gərəksizlik, səriştəsizlik və d. bu kimi hisslərin yaratdığı qorxu və həyacanlar. Gözlənilməz intiharlara bu amillərlə yanaşı, müxtəlif sosial -psixoloji situasiyalar da səbəb ola bilər. Baxın, bəzən elə situasiyalar yaranır ki, insan həmin anda nələrisə (məsələn, özünün maddi və mənəvi dəyərlərini) qorumaq üçün intihar edir. Yaxud həmin situasiyadan çıxmaq üçün yollar tapa bilmir. Hadisələri şüurlu şəkildə təhlil edərək əlverşli qərar vermək imkanı olmur. Buna “koqnitiv konstruksiyalar” deyilir. Kimsə birdən-birə elə bir situasiyaya düşür ki, başına glənlərin mahiyyətini anlamağa, səbələrini aydınlaşdırmağa imkan tapa bilmir, yalnız nəticələri düşünərək çarəsiz qalıb intihar edir.

Başqa vəziyyətlər də yarana bilər. Bilirsiniz ki, Qarabağ müharibəsində bizim nə qədər qız-gəlinlərimiz düşmən əlinə keçməmək üçün özlərini Araz çayının sularına təslim ediblər. Burada söhbət namusdan gedir. Kimsə onları qınamır. Əksinə, buna şəhidlik kimi yanaşırıq. Axı məişətimizdə, sosial həyatımızda nə qədər buna bənzər situasiyalar yaranır. Kiminə şər atırlar, kiminin bank borclarına görə ailəsi hədələnir, övladlarının oğurlanması, öldürülməsi, evsiz-eşiksiz qalması təhlkəsi ilə üzləşir. Yüzlərlə buna bənzər amilər vardır ki, nəticələr aparıb intihara çıxarır. Əgər intihar edənlərin hamısında psixoloji problemlərin olması fikrini qəbul ediriksə, o zaman dünyada psixoloji fəaliyyətlə məşğul olanların 6%-nin intihar etməsinin səbəblərini necə izah edək? Məgər onlar özlərini psixoloji müdafiə yollarını bilmirldilərmi? Bilirdilər. Deməli,bildikləri yol yaranmış problemli situasiyaya üstün gəlmək gücündə deyil. Yaxud onların bəzilərinin xarakteri buna imkan verməyib. Ona görə də, intihar edən hər kəs haqqında araşdırmadan, aydınlaşdırmadan hökm vermək, onların ruhuna hörmətsizlikdir. Fürsətdən istifadə edib bir məsələni də qeyd etmək istərdim. Hazırda cəmiyyətimiz siyasi-ictimai vəziyyətin yaratdığı amillərin təsiri ilə təhnalıq sindromu yaşayır. Onlar bizə açıq olmadıqlarına görə, kömək edə bilmirik. Düşünürəm ki, əgər onlar psixoloqların konsultasiyalarında olsalar, bir çoxlarını xilas etmək, bu yoldan çəkindirmək mümkündür. Kim bilir, yaxın həftələrdə, aylarda daha kimlərin intihar xəbərlərini eşidəcəyik. Kədərlidir, ancaq qaçılmazdır. Heç olmazsa intiharların sayını azaltmaq üçün əlaqədar təşkilatlar bir çox işlər görə bilərlər. Heç omazsa, layihələr formasında bunu etmək mümkündür”.

 

Share: