Biz səninlə birlikdə böyüdük,qızım…
Sən dünyama gələndə hələ ana olmağın necə bir fədakarliq və məsuliyyət tələb etdiyinin fərqində deyildim, yeni bir gəlinciyim,”kuklam” olmuşdu sanki…Onu geydirib yedirmək,bəzəmək, köksüm üstə yatırmaqdan aldığım zövqün fərqinə yavaş-yavaş varmışdım. Sonra bir daha anladım ki, həyatın mənə hədiyyə etdiyi ən gözəl gəlinciyim elə sən imişsən…
Hələ ilk dəfə balaca əllərini tutarkən qəribə duyğular bürümüşdü məni, qucağıma dünya boyda bir sevgi vermişdilər…9 ay boyunca çırpıntılarını hiss edərkən belə səninlə birlikdə, yavaş-yavaş böyüdüyümün fərqində olmamışdım. Sən damcı -damcı yığılıb böyük bir ümmana çevrilmişdin…
Sonra biz səninlə birlikdə addımlamışdıq, yuxusuz gecələr keçirmişdik,diş çıxarmışdıq, məktəbə getmişdik…Hərfləri yenidən öyrənmişdim səninlə…Bir gün qulağıma gələn ən müqəddəs kəlmə – ana sözünü səndən duyunca fərqinə varmışdım ana olduğumun…
Bilmirəm,nə qədər ana ola bilmişəm sənə…Amma ,qızım ,inan ki,buna var gücümlə ,bütün sevgimlə çalışmışam.
Hərdən sənə bacı ,dost da olmaq üçün əlimdən gələni etmişəm.
Bacarmışammı?..Bilmirəm…Onu sən deyə bilərsən ancaq…
Hələ 3 yaşındaykən atanla ən kiçik küsülülüyümüzün fərqinə varar varmaz, içinə özündən böyük sevgi sığdırdığın balaca ürəyinin gücü ilə gəlib əllərimizi birləşdirərdin…
Bəlkə indi xatırlamırsan, hər kəsin çəkindiyi ,zəhmli babanı da körpə uşağa çevirmişdin varlığınla…
Qızım, mən səni tanıdıqdan sonrakı həyatımda elə böyük keşməkeşlərdən, savaşlardan keçdim ki…Sayənizdə güclü olmağı,ayaqda durmağı öyrəndim, mübarizələrdən yorulmadım…
Təkliyimə ,ağrılarıma məlhəm oldun, sən abla,bacı olmağı bəlkə məndən də yaxşı bacardın…Necə bir bacarığa,qüdrətə sahib olduğunun fərqində deyilsən… Gücümə güc qatan, həyatıma yaşam enerjisi gətirənim oldun…Siz məndən utanmayın deyə həyatda ən doğru yoldan getməyə çalışdım…Necə qaranlıqları sizin işığınızla aydınlatdım, bir bilsəniz…
Qızım, bilirsən,əslində sən böyümüsən,amma, mən hələ də uşaq qalmışam…39 yaşında qızı ilə birlikdə son zəng həyəcanını yaşayan ,kövrək bir uşaq.
Bu gün mən də səninlə birlikdə ikinci dəfə,yenidən məzun oluram, kövrəlirəm, həyəcanlanıram…
İçimdəki kövrək hisslərə sevinc, xoşbəxtlik süsü verib nəmli gözlərimdən asmışam…
Sənin ən unudulmaz günündə zərif görkəmimə güclü obrazı qataraq yanında ,arxanda , durmuşam, sənin üçün, sizin üçün yaşadığımın fərqinə vararaq…Siz çox şanslı və xoşbəxt olun ki, zəhmətimin boşa getmədiyinə sevinim…Mənim xoşbəxtliyim, sevincim, yaşam həvəsim də sizə bağlı…Xoşbəxt yaşayın ki, yaşaya bilim…
Müstəqil həyata atıldığın günün,məzun günün mübarək,
adı adıma yaraşan mələyim, mənim gözəl Aytelim…
Hər zaman zirvələrdən baxıb əl salla sevdiklərinə…Mən sənin zirvələrinə baxaraq qürurlanmaq arzusuyla yaşayıram…
Sizi yuxarı qaldırıb ömür pillələri ilə yavaş-yavaş dünyanın sinəsindən qüruba tərəf enərkən gözlərimi yüksəklikdəki işığınla qamaşdır! Səni sevirəm, mənim körpəm, balaca məzunum…
Aysel Xanlarqızı Səfərli
Müstəqil.Az
144 saylı məktəbdən son zən reportajı
Foto: Arzu Murad