“Biz xalq, iqtidar, müxalifət olaraq, birləşdik, bütövləşdik” – İqbal Ağazadə Prezidenti təbrik etdi

“Biz xalq, iqtidar, müxalifət olaraq, birləşdik, bütövləşdik” – İqbal Ağazadə Prezidenti təbrik etdi

Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycan Respublikasının prezidentinin ad gününü təbrik edib.

Müstəqil.Az Partiya sədrinin sosial şəbəkə ünvanında paylaşdığı təbriki  təqdim edirik:

Möhtərəm Cənab Prezident!

Sizi doğum gününüz münasibətilə təbrik edir, uzun və sağlam ömür, ailə səadəti, işlərinizdə uğurlar arzulayıram.

Azərbaycan cəmiyyətində bir müxalifət partiyası sədrinin iqtidar mənsublarını, özəlliklə Prezidenti təbrik etmək kimi ənənəsi yoxdur, açığı, heç iqtidar da müxalifətlə bu münasibətlər sistemində deyil.

Lakin 2020-ci ilin 27 sentyabrında başlayan Vətən Müharibəsi və 44 gün ərzində ordumuzun torpaqlarımızı işğaldan azad etməsi yeni münasibətlər formalaşdırdı.

Biz xalq, iqtidar, müxalifət olaraq, birləşdik, bütövləşdik, millətləşdik, hamımız çəkici eyni zindana vurduq.

Nəticə xalqımız, dövlətimiz, millətimiz üçün möhtəşəm oldu.

27 il işğalda qalan, əslində isə 207 il bizi təhdid edən Qarabağ problemində əhəmiyyətli və prinsipial irəliləyiş əldə olundu.

Bu Zəfər və Milli Birlikdə Sizin Ali Baş Komandan və Prezident kimi xidmətləriniz danılmazdır. Nə Azərbaycan xalqı, nə tarix bu xidmətlərinizi unutmayacaq. 17 illik Prezidentlik dönəmində 2020-ci il xüsusi bir il oldu.

Qarşıdan həm də Yeni İl və Dünya Azərbaycanlılarının həmrəyliyi günü gəlir, fürsətdən istifadə edib bu bayramlar münasibətilə də Sizi və ailənizi təbrik edirəm.

2020-ci il dünya xalqları, insanlıq üçün nə qədər ağır olsa da, Azərbaycan xalqının yaddaşından silinməyəcək il oldu. Əgər 1993-cü ildə Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan kimi böyük rayonlarımızı itirmişdiksə, 1992-ci ildə Xocalı faciəsini yaşamışdıqsa, Şuşa və Laçın işğal olunmuşdusa, 2020-ci il bu torpaqlara geri dönüşümüzü yaşadıq.

Millət, xalq olaraq, diz üstündən qalxa bildik, qürurumuzu bərpa etdik, ordumuzu məğlub ordudan qalib orduya dönüşdürə bildik.

Bir sözlə, bu zəfər yeni tarix və yeni insan yaratdı…

İnanmaq istəyirəm ki, milli birliyimiz və qətiyyətimiz nəticəsində Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgəran da Azərbaycan bayrağı ilə bəzənəcək, doğru və məqsədli siyasətimiz Qarabağda tam hakim olmağımızı gerçəkləşdirəcək, hərb meydanındakı qələbəmizi masa arxasında davam etdirəcəyik.

Möhtərəm Cənab Prezident!

Bu Vətən Müharibəsi yeni münasibətlər sisteminə qədəm qoymağımız üçün unikal fürsətdir.

Ən böyük problemimiz Qarabağdırsa, sosial problemlər, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə, azad və demokratik seçkilər, insan haqlarının qorunması, söz və mətbuat azadlığı, müstəqil məhkəmələrin formalaşdırılması, bir sözlə, demokratik və firavan Azərbaycan yaratmaq da qarşımızda dayanan ən böyük vəzifələrdəndir.

2021-ci ildə çox istərdik ki, Azərbaycan bu problemlərin həlli üçün də əhəmiyyətli il olsun.

Növbəti ildə Azərbaycanda azad və ədalətli, çoxpartiyalılıq əsasında parlament seçkiləri keçirilsin. Qanunverici orqana xalqın səs verdiyi və milli mövqeyə cavab verən milət vəkilləri seçilsin, çoxpartiyalı sistem əsasında yeni parlament formalaşsın.

Sosial sferada əhəmiyyətli islahatlar həyata keçirilsin, insanlarımız məmur özbaşınalığı və laqeydliklə üz-üzə qalmasın, Azərbaycan vətəndaşı sosial güvənli siyasət nəticəsində firavan və rahat yaşasın, şəhid ailələri, qazilər, aztəminatlı vətəndaşlarımız dövlətimizin qayğısından məmnun qalsın.

Korrupsiya və rüşvətxorluğa qarşı əhəmiyyətli və sistemli mübarizə aparılsın, vətəndaş cəmiyyəti və müxalif partiyaların nümayəndələri korrupsiyaya qarşı mübarizə üçün ictimai nəzarət şuralarında təmsil olunsunlar, şəffaflıq üçün bütün insanlar səfərbər olunsun.

İnsan haqlarının qorunması sahəsində əhəmiyyətli addımlar atılsın, Amnistiya və ya Əfv fərmanı ilə siyasi məhbus hesab edilən bütün şəxslər azadlığına qovuşsun, ölkəmizdən uzaq düşən siyasi mühacirlərimizin vətənə dönüşünə şərait yaradılsın.

Məhkəmələrin müstəqilliyi üçün beynəlxalq təcrübəyə əsaslanan islahatlar gerçəkləşdirilsin, söz və mətbuat azadlığı istiqamətində mühüm qanunlar qəbul edilsin.

Bizi birləşdirən 44 günlük Vətən Müharibəsi saydığım problemlər səbəbindən bizi gələcək illərdə parçalamasın, əksinə, bu problemlərin həlli bizi sivil, demokratik xalq və toplum halına gətirsin.

Bu müharibədə qazandığınız reytinq və inam bir məmurun rüşvətxorluğu və laqeydliyi, məhkəmə hakiminin ədalətsiz qərarı, bir seçki komissiyası sədrinin xırda maraqları və ya yarıtmaz birinin deputat seçdirilməsi, kimlərəsə xoş gəlmək üçün bir müxalif fəalın təqibi ucbatından zədələnməsin, azalmasın, ziyan görməsin.

Bu reytinq və inamı o məmurların fəaliyyəti nəticəsində qazanmamısınız, bu reytinq və inam 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusu ilə birgə qazandığınız Zəfərin nəticəsidir.

Möhtərəm Cənab Prezident!

Təbrik fürsətindən istifadə edib ölkəmiz qarşısında dayanan bu problemlərə bir daha səmimiyyətlə toxundum.

İnanıram ki, 2021-ci il xalqımızın həyatında yeni dəyişikliklər ili kimi qala bilər.

Bir daha Sizi təbrik edir, şəxsi və siyasi fəaliyyətinizdə uğurlar arzulayıram!

Share: