Kulis.az Simran Qədimin “Sayrışan esselər” silsiləsindən IV yazısını təqdim edir.
Statuslar
İnformasiya xaosu
Reallıq budur ki, aldığımız hər informasiyanın ardınca düşüb onun doğruluğunu, obyektivliyini yoxlaya bilmərik. Məlumat nə dərəcədə həqiqəti əks etdirir? Hansı nüanslarına, detallarına görə təhrif olunub? Biz necə manipulyasiya edilir, müəyyən istiqamətlərə yönəldilirik?
Bunlar informasiyanın özü ilə gətirdiyi ağır, yorucu suallardır. Hər oxuduğumuzu, eşitdiyimizi dəqiqləşdirə bilmiriksə, deməli, heç olmasa, informasiya mənbələrinin etibarlılığına şübhə duymalı, onların dəqiqliyini yoxlamalıyıq. Bir çox hallarda çıxardığımız nəticələr yox, aldığımız informasiyalar yanlış olur.
Əslində, nə qədər çox məlumat əldə ediriksə, bir o qədər həqiqətə yaxınlaşmış, beynimizdəki suallara cavab tapmış olmuruq. Əksinə, faydasını görmədiyimiz, tətbiq edə bilmədiyimiz məlumat yığnağı çaşqınlığa yol açır, saxta özünə əminlik, psevdosavadlılıq yaradır.
Məlumat xaosuna, “informasiya kirliliyi”nə qarşı dura biləcək əsas qüvvə skeptisizm (şübhəçilik) və analitik düşüncədir. Yalnız dünyagörüşümüzü genişlətməklə, məlumatları beyin süzgəcindən keçirmək qabiliyyətini təkmilləşdirməklə nəsə əldə edə, saxtakarlıqdan, yalandan, manipulyasiyadan qaça bilərik.
Obyektiv olmaq
Obyektiv olmaqdan ötrü müəyyən şərtlər üst-üstə düşməlidir. Məsələn: istək, savad, məntiq.
Əgər haqqı müdafiə etmək maraqlarımıza ziddirsə, çox güman ki, istəyimiz olmayacaq. Hər halda, hisslər ağılın işinə əngəl törətməyə çalışacaq.
Əgər savadımız, biliyimiz yetərincə deyilsə, haqqın harada olduğunu necə, hansı meyarlarla müəyyənləşdirəcəyik?
Əgər məntiqimiz zəifdirsə, etik, əxlaqi dilemmalarla nə edəcəyik?
İstək, savad və məntiq həmişə bir-birlərini tamamlamalıdır. Bunlardan hansısa biri çatışmasa, oxlar subyektivliyə tərəf yönələcək.
Odur ki obyektiv baxış daim cilalanmağa, itilənməyə məhkumdur. Bu isə uzun illər, gərgin zəhmət, böyük fədakarlıq tələb edir.
Ön mühakimə
Mühakimə rasional fəaliyyətdir, tutarlı arqumentlərə, məntiqi təhlillərə söykənməlidir. Ön mühakimə isə rasional fəaliyyət deyil, ilkin reaksiyadır, beynimizdəki hazır cavablara əsaslanır. Bir insana və ya hadisəyə dair düşünmədən, heç bir məntiqli əsas gətirmədən fikir irəli sürürüksə, deməli, şüurumuza yerimiş düşüncə qəliblərinin – stereotiplərin təsiri altındayıq. Dar dünyagörüşü, başqa mədəniyyətlərlə zəif tanışlıq, əks fikrə qarşı dözümsüzlük, ümumilikdə, savadsızlıq, cəhalət ön mühakimələrin meydan sulamasına rəvac verir. Beyinin bir qismi işini yüngülləşdirməkdən ötrü hər şeyə etiket yapışdırmağa, düşüncə qəlibləri formalaşdırmağa çalışırsa, digər qismi doğru sandığımız yanlışları üzə çıxarmağa, tələskənliyin tələsindən qaçmağa kömək etməlidir.
Bəzəkli fikirlər
Dəqiq bildiyimiz, yarımçıq bildiyimiz və bilmədiyimiz şeylər var. Ona görə də bir çox hallarda düşüncələrimiz anlaşılmaz, qarışıq, ziddiyyətli olur.
Dəqiqləşdirilməmiş, sahmana salınmamış, dolaşıq düşüncələri dilə gətirəndə vəziyyət lap qəlizləşir, nəinki başqalarının, heç özümüzün də baş aça bilmədiyimiz fikirlər ortaya çıxır.
Anlaşılmaz, dumanlı fikirlər cəlbedici, rəngarəng bədii cümlələrlə bəzədiləndə isə çaşqınlıq daha da artır. Belə hallarda çox vaxt dilin gözəlliyinə, ifadə tərzinin özəlliyinə vurulub aldanır, illüziyaya qapılıb öz-özümüzə deyirik:
“Yəqin, mən başa düşmürəm, cümlələrin, fikirlərin nüvəsində dərin mətləblər gizlənib. Çox dərin, ucsuz-bucaqsız, bitib-tükənməz mətləblər…”
Sərhədlərimiz
Dünya həddən artıq mürəkkəb olduğundan heç kəs onu tam anlaya bilmir. Tam anlamaq üçün sonsuz bilikləri tam qavramaq, yadda saxlamaq, təhlil etmək lazımdır. Bu isə mümkün deyil. Biz qərar verəndə “doğru” seçim etmirik, sadəcə, biliyimiz çərçivəsində düşünüb müəyyən bir rəyə gəlirik. Əslində, çıxardığımız nəticələr yanlış deyil, aldığımız informasiyalar yanlışdır. Ona görə də Şopenhauer deyirdi: “Hər kəs öz dünyagörüşünün sərhədlərini dünya sərhədləri kimi qəbul edir”.
Həqiqəti necə tapmalı?
Hər mövzunu dərinliyinə qədər bilmək mümkün deyil. Mövzunun dərinliyini nə qədər az biliriksə, aldanmaq ehtimalımız bir o qədər çox olur. Digər tərəfdən, çoxluq həmişə haqlı deyil, amma bu o anlama gəlmir ki, azlıq daim düz deyir. İstənilən halda aldadıla, başqalarının təsiri altına düşə bilərik. Bunlara diqqət edəndə doğruyla yanlışı, həqiqətlə yalanı bir-birindən ayırmağın çətinliyi, konkret düsturun olmadığı aydınlaşır. Əlimizdən gələn tək şeysə manipulyasiyalara uyub aldanmaq ehtimalını aşağı salmağa cəhd göstərməkdir. Bilgini artırmaq, həm başqalarının fikirlərinə, həm də öz düşüncələrimizə şübhə ilə yanaşmaq, suallara cavab axtararkən “məntiq artilleriyası”ndan bolluca yararlanmaq…
Təxəyyülün yaradıcılığı
Təsəvvür, xəyal, yuxu, hallüsinasiya… Bu anlayışların sərhədsizliyində hər şey mümkündür. Ən ağlasığmaz, irrasional, fantastik filmlərdə belə rast gəlinməyən səhnələr təxəyyüldə gerçək qədər inandırıcı, həqiqi şəkildə yaşana bilər. Beynimiz hekayələri çox sevir: həm haradasa oxuyub-eşitməyi, izləməyi, həm də özü uydurmağı.
Hekayələr təxəyyül məhsulu olsa da, onların yaşatdığı hisslər uydurma deyil, gerçəkdir. Digər bir vacib məqam: təxəyyül hekayələri elə-belə, heç nədən yaratmır, iş prinsipində bəlli təsadüfilik, xaotiklik də var, müəyyən qanunauyğunluq, səbəb-nəticə əlaqəsi də. Şüur, şüuraltı nə ilə qidalanıb zənginləşirsə, nələrdən qıcıqlanıb narahatlıq keçirirsə, təxəyyül də öz sərhədsiz yaradıcılığını həmin “sərhəd”lərdə gerçəkləşdirir.
Üz, yoxsa vaza?
Aşağıdakı şəkildə nə görürsünüz? Üz, yoxsa vaza?
Optik illüziyanı ötən əsrin əvvəllərində danimarkalı psixoloq Edqar Rubin hazırlayıb.
Şərhsiz