Bizim Əlisəmid Kürdür, Azərbaycanımızın böyük şairi!.. – Şahin Bağırov

Bizim Əlisəmid Kürdür, Azərbaycanımızın böyük şairi!.. – Şahin Bağırov
… Hər üzünə maraqlı insandı, dostdu, qardaşdı…
Yeni “Yaş Günü”nü dünən – 8 fevralda günorta radələrində təbrik etdim! Telefonda ilk sözü bu oldu ki, Kulis.az-ı oxudun? -dedim, oxuyaram… Bizim Əlisəmid Kürdür, Azərbaycanımızın böyük şairi! Əlisəmid Kürün yaradıcılığını sevməmək mümkün deyil! Şəxsini sevənlər isə onu komplekt formada sevir. Yəni həm onun dostlarıyla, həm də düşmənləriylə birgə! Onlarsız Əlisəmidi təsəvvür etmək belə mümkün deyil… Dedi ki, oxuyandan sonra zəng elə, elədim də! Dedim ki, şair ayamanı “Kür” götürməsəydin, “şair Əlisəmid Orijinallı” necə də gözəl səslənərdi, – deyə, zarafat etdim… Kövrəldi! … Düzü, onun müsahibəsində Ali Baş Komandan İlham Əliyevin Ağdam və Şuşada dediyi sözlərin Əmir Teymurun Firdovsinin məzarı üstündə dediyi sözlərə bənzətməsi də məni kövrəltmişdi…
Mən burdayam, gəlmişəm! –
Belə demişdi Əmir Teymur,
Firdovsinin məzarı başında.
Belə dedi Ali baş komandan,
Dağıdılmış Ağdam məscidinin qarşısında –
Mən burdayam, gəlmişəm!
 
… Şair Əlisəmid Kürün 66 yaşı tamam olanda onun haqqında ürəyimdən keçən yazını tanınmış jurnalist Aydın Can yazmışdı. Onun şair haqqında “Əlisəmid Kür həm orijinal, həm də oriqinal şairdi” fikirləri ovqatımı qaldırmışdı. 67 yaşının tamam olması münasibətilə də xeyli yazılara rast gəldim.
Təbrik yazılarında Rəbiqə Nazimqızının “Əlisəmid Kür bütün misralarında şairdi…”yanaşması da diqqətimi çəkdi. Mən də xanım şairəyə qoşulub Əlisəmid Kürün doğum gününü öz şeiriylə təbrik edirəm.
 
ADAMLAR DƏYİŞİR HAVALAR KİMİ
 
Çəkilib uzaqdan baxdım özümə, –
Gördüm görkəmim dəyişib,
Üst-başım tamam köhnəlib,
Dabanı yeyilib çəkmələrimin…
Tanrının gözünə dik baxdığımdan
Xəbərim olmayıb üzümə düşən qırışdan
Yaman inanmışam arvad sözünə:
«- Dağa bənzəyirsən sən bu duruşda».
Güzgüdə özünə baxıb göz vuran
O şux, o kür adam mən deyilmişəm.
Adamlar dəyişir havalar kimi
İlahi, mən niyə dəyişməmişəm?!
Dünyaya piyada gəlib-gedənlər
Odu eee… yanımdan atlanıb keçir.
Ürək qızdırdığım, çörək kəsdiyim
Qəfildən üstümdən atdanıb keçir.
Mən koram… Sən hara baxırsan, Tanrım!
Sənin də oyunun yamannan-yaman.
Haqqın tərəzisi qurulan vaxtı
Kiminə taxt verdin, kiminə palan.
Çəkilib uzaqdan özümə baxdım, –
bir də üzə gülüb,
arxamca daş atanlara…
Yol üstə ilantək qıvrılanlara…
Başımın üstündə qovğalar kimi
Bu yağış adamlar, külək adamlar –
Bu payız oğlanlar, bu qış gözəllər,
Bu külək oğlanlar, kələk oğlanlar,
Bu payız gözəllər, bu xəzəl qızlar,
Dayanıb yolumda qovğalar kimi, –
Adamlar dəyişir havalar kimi, –
Niyə dəyişmədin, Cəfərin oğlu?!
Şahin Bağırov 
Müstəqil.Az
Share: