Müstəqil.Az saytında 12 sentyabr tarixində Modern. az saytına istinadən yayınladığımız “Bizim Cəbiş müəllim”in Makedonu – Kababçı Aqilin indiki halı” adlı yazıda maraqlı məqamlar var. Yazıda deyilir: “Belə məlumat yayıb ki, Aqillə bulvarda təsadüfən nərd oynayan rejissor Həsən Seyidbəyli nərddə uduzduqdan sonra sözünü tutaraq, onu Makedon roluna sınaqlara çağırır. Çünki oyuna başlamazdan öncə Aqil Ağacanov Həsən Seyidbəyli ilə mərc kəsir ki, əgər rejissor uduzsa, onu kinoya çəkəcək”.
Filmin rejissory olmuş Əbdül Mahmudov bu haqda Modern.az-a danışaraq deyib ki, əslində məsələ başqa cür olub: “Deməli, görkəmli rejissor Həsən Seyidbəyli əslən Maştağadan idi, Pirşağıda da bağı vardı. Elə bir zaman idi ki, artıq ssenari hazır idi, aktyor seçimi mərhələsindəydik. Yazqabağı idi. Həsən müəllim mənə təklif etdi ki, bir yerdə gedib bağda çalışan ustaların məvacibini verək, həm də bir havamızı dəyişək. Razılaşdıq. Sən demə, hələ mənə qədər bağa gedib-gələndə tində durub meyxana deyən uşaqlar onun diqqətini cəlb ediblər. Bir yerdə gedəndə mənə dedi ki, fotoqraf da gəlsin. Onun istədiyi kimi də oldu. Getdik, ustaların maaşını verib geri qayıdanda tindəki uşaqlar, o cümlədən Makedon rolunun ifaçısı Aqil Ağacanov da orada oturmuşdu”.
Elə bu dəmdə Həsən Seyidbəyli filmə çəkilməsi üçün Aqil Ağacanova “elçi” düşür, orada duran yeniyetmələrlə birgə meyxana deyib zarafatlaşır.Əbdül Mahmudov bildirir ki, rejissor filmə çəkilmək təklifini edəndə Aqil bunu qeyri-ciddi qarşılayır. Həsən Seyidbəyli “oğlum, mən kinoçəkənəm, səni çəksəm, gələrsən?”,- deyə soruşur.Aqil də cavabında “mənim kinoda nə işim var”, – deyir.
“Həsən müəllim təkid etməyə başladı ki, gözəl film olacaq, sənə yaxşı rol verəcəm və s. Aqil yeniyetmə idi. Elə bildi ki, onunla zarafat edirik. Sonra bildirdi ki, “əgər məhəllə uşaqlarını da çəksəniz, gələrəm”. Beləcə razılaşdıq. Bundan sonra dəfələrlə həmin məhəlləyə gedib Aqilin ailəsilə tanış oldum, onun özüylə yaxın münasibət qurdum”.
Əslində burda mübahisəlik bir şey yoxdur. Amma “Belə məlumat yayıb ki, Aqillə bulvarda təsadüfən nərd oynayan rejissor Həsən Seyidbəyli nərddə uduzduqdan sonra sözünü tutaraq, onu Makedon roluna sınaqlara çağırır. Çünki oyuna başlamazdan öncə Aqil Ağacanov Həsən Seyidbəyli ilə mərc kəsir ki, əgər rejissor uduzsa, onu kinoya çəkəcək”, -ifadələri də elə-belə yaranmayıb. Təxminən 20 il öncə tanınmış şair, “Azərbaycan dəmiryolşusu” qəzetinin redaktoru, Prezident təqaüdçüsü Vasif Süleyman o vaxtlar dəmir yolunda işləyən Aqil Ağacanla görüşüb “Durna kimi qatarından qalmısan” adlı maraqlı bir yazı yazmışdır. Həmin sözləri Makedon-Aqil Ağacanov onunla görüşdə demişdi. Oxucular üçün maraqlı olar deyə, həmin yazını sayğılı oxuculara təqdim edirik.
Müstəqil.Az
Vasif SÜLEYMAN
«Azərbaycan dəmiryolçusu” qəzetinin redaktoru,
Prezident təqaüdçüsü
Tanımadığımız tanışlar
DURNA KİMİ QATARINDAN QALMISAN…
…İndi o qatara nəinki qoşulmaq, heç onu tapmaq mümkün deyil…
Hamı onu «Bizim Cəbiş müəllim» filmində yaratdığı obrazdan tanıyır. Elə yaxın ətrafı da az qala onun həqiqi adını unudub «Makedon» deyə çağırır. Amma o, aktyor deyil, sadə bir peşənin adamıdır, Minlərlə tamaşaçı sevgisi qazanmış MAKEDON obrazını yaradan Aqil Ağacanov dəmir yolunda çalışır. Bakı-Sabunçu yol distansiyasının yol fəhləsi kimi. Düzdür, bir neçə il əvvəl cəhd eləmişdim onunla görüşüb yazı yazmağa. Amma alınmamışdı. Distansiyanın rəisi Şəmsəddin Talıbov olmasaydı, kim bilir, bəlkə yenə də alınmayacaqdı.
Nə isə… Hər halda Aqil Ağacanov redaksiyasızın qonağı oldu.
ÖMÜRLÜYÜNDƏN:
Aqil Ağacanov 1949-cu ildə Pirşağı anadan olub. Kənd orta məktəbini bitirib. 1969-71-ci illərdə Lvov şəhərində hərbi xidmətdə olarkən, İvanovo-Frankovoda aşbazlıq peşəsinə yiyələnib. Hərbi xidməti başa vurandan sonra Bakıda və Pyatiqorsk şəhərlərində daha iki dəfə aşbazlıq kursunu bitirib. 1971-1984-cü illərdə sevimli peşəsində çalışıb, el şənliklərində ləzzətli kababçı kimi çalışıb. 1984-cü ildə keçmiş Bakı hissəsinin Pirşağı stansiyasında qatar tərtibçisi kimi fəaliyyətə başlayıb və taleyini o gündən dəmir yolu ilə bağlayıb. 1986-cı ildə Bakı-Sabunçu yol distansiyasnda yol montyoru kimi fəaliyyətini davam etdirir və bu günə kimi öz sevimli dəmiryolçu peşəsində çalışır. 4-cü dərəcəli yol montyorudur.
Bir oğlu, iki qızı var.
DİLƏ GƏLDİ XATİRƏLƏR …
Aqil Ağacanov «Bizim Cəbiş müəllim» filminə çəkilmə tarixindən danışdı:
1969-cu il idi. Pirşağıdakı mədəniyyət evinin qabağında məhəllə uşaqları ilə söbhbət edirdik. Mərhum yazıçı, kinodramaturq, kinorecissor Həsən Seyidbəylinin «Volqa»sı yanımızda dayandı (Onun bağ evi Pirşağıda idi, kəndə tez-tez gələirdi, «37-37» nömrəli yaşıl «Volqa»sı var idi). Mənimlə nərd oynamaq istədiyini bildirdi. Oynamaq istəmədim, amma o, təkid etdi. Onu da dedi ki, əgər udsa, Şahbala dayının mağazasından istədiyi malı pulsuz götürəcək və onun pulunu mən ödəməli olacam. Yox, əgər uduzsa, məni filmə çəkəcək. Mən qalib gəldim. Vizit kartını mənə verdi və sabah səhər doqquzda Kinomatoqrafiya Komitəsində gözləyəcəyini dedi. İki nəfər kənd uşağı ilə birlikdə getdik.
Mərhüm Həsən Seyidbəyli mənə müəllifi Maqsud İbrahimbəyov olan bir ssenari verdi. Adı belə idi:
«MÜHARİBƏNİN 1001 GÜNÜ»
və yaxud«BİZİM CƏBİŞ MÜƏLLİM»
XATIRLATMA: «Bizim Cəbiş müəllim» bədii filmi 1969-cu ildə «Azərbaycanfilm» kinostudiyasında istehsal olunub. Filmdə İkinci Cahan müharibəsi zamanı hər cür məhrumiyyətlə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan insanların həyatından bəhs olunur.
Filmin recissor Həsən Seyidbəyli, ssenari müəllifi Maqsud İbrahimbəyov, operator Arif Nərimanov, rəssam Məmməd Hüseynov, bəstəkar Emin Mahmudovdur. Rollarda Süleyman Ələsgərov, Əliağa Ağayev, Şəfiqə Məmmədova, Muxtar Maniyev, Səfurə İbrahimova, Nəsibə Zeynalova, Aqil Ağacanov, Svetlana Morşinina, Səfər Novruzov, Fazil Salayev, Ziya Seyidbəyli, Mehriban Seyidbəyli və digərləri çəkiliblər.
YADDAŞINDAN:
Beləcə «Bizim Cəbiş müəllim» bədii filminin çəkilişləri başladı. Makedon rolunda mən çəkilməli oldum. Çəkilişlər təxminən səkkiz ay çəkdi. Çəkilişlər gedə-gedə rəhmətlik Adil İskəndərovun kino-aktyorluq kursuna yazıldım. Kurs iki illik idi. Bir ilini oxudum, sonra hərbi xidmətə getdim. Qayıdandan sonra kursu davam etdirmədim. Mənim müəllim Adil İskəndərov, Şeyx Əbdül Mahmudov olub. Onu da deyim ki, bu filmin ən çox əziyyətini çəkən Əbdül Mahmudov idi. Makedon rolunu oynamaq üçün bir neçə adam seçilmişdi, o cümlədən hörmətli xalq yazıçsı Anar. Amma sınaq çəkilişləri zamanı recissorlar, təcrübəli aktyorlar Anar müəllimin yaşının bu rola uyğun gəlmədiyini bildirdilər və mənim üzərimdə dayandılar. Yeri gəlmişkən bir şeyi demək istəyirəm. Bəzən görürsən ki, ağzıgöyçəklər deyir ki, Makedon rolunu oynayan Aqil Ağacanov aktyorluq təhsili yoxdur və s. Amma unudurlar ki, insan anadan aktyor doğulmalıdır.
-Süleyman Ələsgərov, Əliağa Ağayev, Şəfiqə Məmmədova, Muxtar Maniyev, Səfurə İbrahimova, Nəsibə Zeynalova kimi böyük sənətkarlarla çəkilmək çətin deyildi ki…
– Bilirsiniz necədir… Çəkiliş qrupundakı aktyorların birini ana, birini bacı, birini qardaş biləndə arada doğma bir əhval-ruhiyyə yaranır və həyəcan-filan itir. Təsəvvür edin ki, mən filmə istədiyim kimi çəkilirdim, yəni, recissor, təcrübəli aktyorlar tərəfindən heç bir təzyiq olmurdu. Bəzən özümdən artırmalar da edirdim və mənimlə razılaşırdılar.
Nədənsə heç vaxt ürəyimdən keçməyib ki, taleyimi incəsənətlə bağlayım. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, cəmisi bir filmlə oynadığım rolla insanların ürəyinə yol tapdlım. Xalq məni elə özünün sənətkarı hesab edir. Düşünürdüm ki, elə bir obraz yaratmaq da kifayət edir. Düzdür sonralar sonralar bir filmə də çəkildim. Fikrət Əliyevin çəkdiyi «Yuxu» filmində leytenant Mansurov rolunu mən oynadım.
\Film çəkiləndən sonra o insanlarla elə bir əlaqəm olmadı. Təkcə Şeyx Əbdül Mahmudovla dostluğumuz davam edir. Filmdə Tanya rolunun ifaçısı da peşəkar aktyor deyil. Svetlana Morşinina Bayılda böyüyüb başa çatıb. Hazırda da gəmiqayırma zavodlarının birində baş mühasib işləyir. Gec-gec də olsa əlaqə saxlayırıq.
…O filmdə Azərbaycanın ünlü sənətkarları yaddaqalan obrazlar yaradıblar. Amma «Bizim Cəbiş müəllim» filmi deyən kimi, o anda nədənsə adamın Makedon, Makedon deyən kimi filmdə səslənən meyxana düşür:
Durna kimi qatarından qalmısan,
Dərin-dərin dəryalara dalmısan.
Makedonu dərdə-qəmə salmısan,
Çağırsa ellər, gedərəm davaya,
Ol mənə dilbər, gedərəm davaya.
Aqil Ağacanov həmin durna qatarının səfində daimi olmasa da, hər halda bir-iki qanad çalmışdı. Sonra da həmişəlik qatardan ayrıldı. Və daha sonra durna qatarı pərən-pərən oldu…
…İndi o qatara nəinki qoşulmaq, heç onu tapmaq mümkün deyil…