“Bizim hədəflərimiz vətən anlayışından böyükdür”. Bu sözləri Olaylar.az-a açıqlamasında yazıçı-publisist, “Olaylar” qəzeti və eyniadlı informasiya agentliyinin rəhbəri, siyasi şərhçi Yunus Oğuz deyib:
“Təbiidir, hədəflərimiz Türk Dövlətləri Təşkilatını daha da inkişaf etdirmək, bu təşkilatı Avropa Birliyindən daha yüksək səviyyəyə çatdırmaqdır. Vətən anlayışı bu baxımdan hədəflərimizdən balacadır. Vətən anlayışı, deyək ki, bizim yaxın qonşularımızda yaşayan azərbaycanlılarla bağlıdır. Amma bizim bütün türk dünyası ilə əlaqələrimiz daha güclü olmalı və Avropa, dünya bizimlə daha çox işləməyə can atmalıdır. Düşünürəm ki, bu sahədə vətənpərvərlik təbliği televiziyalarda, filmlərdə, teatr tamaşalarında, bədii ədəbiyyatda və s. daha geniş və daha çox aspektdə güclənməlidir. Əsas da odur ki, dövlət şüurunun inkişafında milli ruhumuz dirçəlsin. Milli ruhumuzun dirçəlməsi Yaxın, Orta və Uzaq hədəflərimizə çatmaq deməkdir. Əgər milli dövlət şüurumuz inkişaf etməyəcəksə, biz təəssüflər olsun ki, geridə qalacağıq. Amma hədəflərimiz düzgün müəyyənləşir və prioritet hədəflərimizi də, cənab Prezident andiçmə mərasimindən sonrakı nitqində açdı.
Prezident İlham Əliyevə bütöv, suveren Azərbaycanın ilk prezidenti demək olar. Yəni, ilk seçki idi ki, müstəqil Azərbaycanın bütün ərazilərində keçirildi və seçkini qazanmaq İlham Əliyevin haqqı idi. Çünki 20% torpaqlarımızı, suverenliyimizi, ərazi bütövlüyümüzü o bərpa etdi. Ona görə də, ona müstəqil Azərbaycanın ən yeni tarixində ilk Prezidentimiz demək olar”.