Bizim Sabir – Faiq Balabəyli yazdı

Bizim Sabir – Faiq Balabəyli yazdı

SABİR RÜSTƏMXANLI – 75

Onu nə vaxt tanıdım, dəqiq yadımda deyil. Bildiyim odur ki, məktəbli idim və Cəlilabad rayonun Sabirabad kənd orta məktəbində oxuyurdum. Kənddə ondan söz düşəndə dəfələrlə şahidi olmuşdum ki, onu “Bizim Sabir”, deyə çağırırlar.

Sonradan biləcəkdim ki, o bu doğmalığı kəndimizə ara-sıra olan gəlişi ilə qazanıb. O zaman kəndimizdən yeganə şair olan Ayaz Vəfalı ilə birlikdə “Ədəbiyyat qəzeti”ndə işləməsi və dost olmaları, Ayaz müəllimin oğlu İftixarın kirvəsi olması sözsüz bu doğmalığın əsasını qoymuşdu. Həm də kənddə böyüklərin “Geroy Dünyamalı”, uşaqların isə “Dünyamalı baba” dedikləri yaxın qohumumun evində qonaq olması da onu kəndin sevimlisi etmişdi. Hər halda mənim yeniyetmə yaddaşıma köçüb qalan bunlar idi.

Onu Azərbaycanımızda tanımayan olmaz. Sevənləri də həddindən artıqdır. Bədxahları da var. Amma o bədxahlar sözsüz ki, onun böyüklüyünün qarşısında tablamayanlar, içləri qurd olanlardı. Əslində bu naqislikləri ilə Sabir Rüstəmxanlının böyüklüyünü, onun adının könüllərdə  həkk olunduğu yüksəkliyi  etiraf edirlər.

Sabir bəyi ölkəmizin hüdudlarından da uzaqlarda tanıyır və sevirlər. Bir neçə dəfə Türkiyədə, Özbəkistanda, Tatarıstanda Türk dilli dövlətlərin ədəbiyyatla bağlı tədbirlərində, şeir şölənlərində olmuşam və ona olan ümumtürk sevgisinin həzzini yaşamışam. Sabir bəy haqda deyilən sözləri, tərifləri birbaşa Azərbaycanımızın ünvanına deyilirmiş kimi qəbul etmişəm. Qazaxıstanın xalq şairi, Sovetlər dönəmində az qala disident ömrü yaşayan Muxtar Şağanovla söhbətimdə də, Sibirdən, daha doğrusu Çuvaşıstandan olan xanım şairə Raisa Sabirin Sabir bəyin gənclik illərindən tanıdığından bəhs etməsində də, Tatarıstanın xalq şairi Renat bəylə  onun haqqında söhbətləşməmdə də  bu sevginin böyüklüyünü görmüşdüm və içimdəki fəxarət hissini bu kiçik yazımda ifadə etmədəyəm. Ona olan sevgi Türkçülüyə olan bağlılığından, əsl vətəndaş olmasından irəli gəlirdi. 2009-cu ildə Türkiyənin Elazığ şəhərində keçirilən 17-ci Xazar şeir axşamlarında həmsöhbət olduğum bir qadın Sabir bəy haqda belə söylədi: Hər bir ana məmmuniyyətlə Sabir Rüstəmxanlının anası olmaq istər.
O, bu sevgini illərlə ruhunda, əqidəsində, xarakterində gəzdirdiyi Vətən, türkçülük eşqi ilə yanaşı, bir də uşaqdan tutmuş böyüyə qədər hamıyla paylaşa bildiyi səmimiyyəti ilə qazanıb. Şeiri nəsrini, nəsri şeirini qabaqlayır. “Xətai yurdu”nda “Bu sənin xalqındı” deyərək, “Ömür kitabı”nın vərəqlərini səhifələyib, “Zaman məndən keçir” deyib, “Qan yaddaşı” ilə “Gəncə qapısı”nı, “Akademikin son arzusu” olaraq “Atamın ruhu” ilə bizlərə çatdırıb.

Düz 60 il bundan qabaq yəni 15 yaşı olanda yazıb bu misraları:

Gəzirəm Moskva prospektiylə
Təbriz xiyabanı həsrətiylə mən.

 

Milli olması, əlbəttə onu milyonların sevgisini ona bəxş edib.

“Bir əlçim buluddu,

Bir ömür umuddu,

Bir içim sudu,..

…21 Azərin qanıdı,

Cavad xanın qətl yeridi,

Sabirin “Fəxriyyə” şeiridi,

Dağları dumanında itən, –

Vətən… Vətən…”

Bu şeirin də yaşı ömrünün gənc çağlarına təsadüf edir…

Həmişə Milli ruhda yazıb, yazır və yazacaq. O siyasətçilərin sırasında öndə olan siyasətçi, şairlərin sırasında da öndə olan şairdir. Həmişə öndə olun, ŞAİRİM. Çox yaşayın, xoş yaşayın.

Share: