“Bizim tanıdığımız Zümrüd xanım…” – Elman Eldaroğlu yazır…

Bizim tanıdığımız Zümrüd xanım

BDU-nun “Jurnalistika” fakultəsinin fəaliyyətə başlamasından 50 il ötdü. Məlumdur ki, bu müddət ərzində yüzlərlə insan jurnalist ixtisasına yiyələnib və peşəkar qələm adamı kimi ölkə mətbuatının müxtəlif redaksiyalarında çalışıb. Aralarında məşhurları çox olsa da, əksəriyyətin yaxından tanımadığı jurnalistlər də az deyil. Bu gün sizə onlardan biri- hazırda “Möhür” nəşriyyat müəssisəsinin təsisçisi və direktoru Zümrüd Nohbala qızı Baloğlanova haqqında söhbət açmaq istəyirəm…

…Mərd, işgqzar, zəhmətkeş, qəlbi insan sevgisi ilə dolu xanımdır. Dürüstlük həmişə həyatının meyarı olub. Ağlı, məntiqi ona hər zaman geniş əhatə dairəsi yaradıb. Dostluğa, yoldaşlığa çox əhəmiyyət verir. Xəyanəti bağışlamır. Hər kəsi olduğu kimi qəbul etməyi bacarır. Ehtiyacı olsa belə, dilə gətirməyi xoşlamır, qürurludur. Milli-mənəvi dəyərlərə sədaqətli, adət-ənənəyə riayət etməyi xoşlayan insandır…

1964-cü ildə Maştağa qəsəbəsindəki 187 saylı eksperimental orta məktəbi qızıl medalla başa vurub. Sonra BDU-nun “Jurnalistiaka” fakultəsində ali təhsilə yiyələnib. Eyni zamanda “Sosialist Sumqayıtı” qəzetində korrektor və ədəbi işçi kimi çalışıb. 1973-1979-cu illərdə Sumqayıt Kimya Sənaye İstehsalat Birliyinin “Kimyaçı” qəzetində məsul katib vəzifəsində işləyib. 1979-1993-cü illərdə isə “Kirpi” siyasi satira jurnalında felyeton şöbəsinin redaktoru və xüsusi müxbir olub. Keçmiş “SSRİ Jurnalistlər İttifaqı”nın, həmçinin “Azərbaycan Jurnalistlər Birliyinin” üzvü olmaqla yanaşı, ötən müddətdə bir çox fəxri fərman və diplomlara layiq görülüb. Dövri mətbuatda və internet saytlarında müxtəlif mövzularda qələmə aldığı yazılarla çıxış edir. “Naxış” ədəbi-bədii, publisistik jurnalın redaksiya heyətinin, “Zərif” qadınlar məclisinin üzvüdür…

Deyir ki,- “Əsl jurnalistin geniş dünyagörüşü, zəngin mütaliəsi, mühakimə yürütmək və nəticə çıxarmaq qabiliyyəti olmalıdır. Hadısələrə önəm verməyi, dəyərləndirməyi bacarmalıdır. İnsanlarla dil tapmalıdır. Onların nə istədiyini başa düşməlidir və onlara istədiklərindən də artıq nəsə verməlidir”…

Əslən Abşeronun Pirəküşkül kəndindəndir. Necə deyərlər, imanlı, təqvalı bir nəslin nümayəndəsidir. Bəlkə də içindəki Allah sevgisi mənsub olduğu şəcərədən qaynaqlanıb. Xeyirxah əməlləri az olmayıb. Doğrudur, təvazökarlıq edib, gizlətməyə çalışır, amma bir neçəsini nəzərinizə çatdırmaq istəyirəm: Ağdərə döyüşləri zamanı Sumqayıtda onun təklifi ilə böyük marafon keçirilib. Həmin xeyriyyə tədbirində toplanan sovet puluyla 30 milyon rubl “Döyüşən Cəbhə Fondu”na, 289 qram qızıl isə “Prezidentin Ləl-Cəvahirat Fondu”na təhvil verilib. Təsadüfən “Facebook”-dan bir ev-eşiksiz adamın küçədə yaşaması, ölüm ayağında olması haqqında məlumat oxuyub. Ertəsi gün həmin adamı taparaq, ona əyin-baş alıb və onu dənizkənarındakı xəstəxanaya aparıb, cərrahi əməliyyat etdirib. Və onun xeyirxahlığı, şəxsi vəsaiti hesabına bir aylıq müalicədən sonra, ölüm ayağında olan bu insan yenidən həyata qayıdıb…

Ömür-gün yoldaşı Aydın Seyfullayev iş adamıdır. Nigar adlı bir qızı, iki nəvəsi var…

Yalana, iftiraya nifrət edir. Sözün düzünə dəyər verməyi bacarır. Asudə vaxtlarında komputerdən yenilikləri, dostlarının sosial şəbəkələrdəki yazılarını izləməyi xoşlayır. Mütaliə etməkdən, gözəl musiqi əsərlərini dinləməkdən zövq alır. Şopeni, Bethoveni, Ştrausun valslarını, lirik, instrumental musiqilərinə saatlarla qulaq assa da doymur. Təbiət vurğunudur. Səyahət etməkdən yorulmur. Dünyanın bir çox ölkələrində olub. Azərbaycanın isə elə bir bölgəsi yoxdur ki, oraya ayağı dəyməsin…

“O insanlar xoşbəxtdilər ki, qocalanda xatırlamağa nələrisə var. Və bu, onları yaşadır. Axı xatirələrlə yaşamaq insanın ömrünü uzadır. Əgər xatırlanası heç nəyin yoxdursa, deməli boş bir həyat yaşamısan”- söyləyir…

Həyatını heç də mənasız keçirməyən, ömrünün böyük hissəsini mətbuata, nəşriyyat işlərinə həsr edən bu xanım barəsində söhbətimi hələlik burada başa çatırmaq istəyirəm.
Bəli, BDU-nun “Jurnalistika” fakultəsinin məzunu, istedadlı qələm sahibi Zümrüd Baloğlanovanı Sumqayıtda belə tanıyırlar…

Elman Eldaroğlu,
[email protected]

Müstəqil.Az

La imagen puede contener: 1 persona, sonriendo, sentado, tabla e interior
Share: