Koronavirusun yoxsul ölkələrdə aktiv şəkildə yayılması halında onun vaksinə davamlı mutasiyaları yarana bilər.
Müstəqil.Az bildirir ki, bunu BMT-nin Baş katibi Antonio Quterriş Moskvaya səfəri öncəsi Rusiya mediasına müsahibəsində deyib.
“Hazırkı vəziyyət məni çox narahat edir. Bəzi ölkələr öz əhalisini çox sürətlə peyvənd edir. Ancaq hələ də heç bir doza belə, əldə etməmiş ölkələr var. İnkişaf etməkdə olan ölkələrdə isə ümumilikdə vaksinasiya məsələsində ciddi boşluğun olduğunu görürük”, – A.Quterriş bildirib.
Onun sözlərinə görə, COVID-19 cənub yarımkürəsində meşə yanğını kimi yayılarsa, daha çox növü, daha çox mutasiyası ortaya çıxacaq və hazırlanmış vaksinlərə davamlı virusun peyda olma riski var.
BMT Baş katibi “peyvənd millətçiliyi”ni böyük bir səhv adlandırıb: “Biz inkişaf etməkdə olan ölkələrdə peyvəndlərin effektiv şəkildə paylanmasına yönəlmiş “COVAX” təşəbbüsünü təşviq edirik. Lakin təəssüf ki, “COVAX” yalnız müəyyən maliyyə çatışmazlıqlarını (22 milyard dollar çatışmır) yaşamır. Bu gün müxtəlif ölkələr tərəfindən qoyulmuş ixrac məhdudiyyətləri səbəbilə də tədarükdə problemlər yaranıb”.
BMT Baş katibi qlobal tələbatı ödəmək üçün koronavirus vaksini istehsalçılarını istehsalı iki dəfə artırmağa və bu məqsədlə birgə fəaliyyət göstərməyə çağırıb.
Müstəqil.Az