“Fransa 1966-1974-cü illərdə 200-ə yaxın nüvə sınağının vurduğu zərərin maddi, ekoloji və sosial baxımdan kompensasiyası prosesinə hələ də başlamayıb”.
“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, bunu Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nəzdində fəaliyyət göstərən Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu İdarə Heyətinin üzvü Ella Tokoraqi BMT-də çıxışında deyib.
O qeyd edib ki, Fransanın bu mövqeyi onun müstəmləkəçilik siyasətini davam etdirməsini göstərir: “Üstəlik, bu, dekolonizasiyaya dair qərar qəbul edilməsinə baxmayaraq, Fransa hakimiyyətinin buna hörmət etməməsinin sübutudur”.
“Fransa ədaləti bərqərar edəcəyi və təzminat prosesinə başlayacağı təqdirdə bu ölkəni bağışlayacağıq”, – E.Tokoraqi əlavə edib.
“Biz Fransanı ədalətli mövqe tutmaq və ölkəmizin gələcəyi ilə bağlı vicdanlı dialoqda məsuliyyəti öz üzərinə götürməklə bağlı çağırışımızı bir daha bildirmək istəyirik”, – Bakı Təşəbbüs Qrupu İdarə Heyətinin üzvü vurğulayıb.
O xatırladıb ki, Fransa prezidenti Emmanuel Makron seçki kampaniyası zamanı müstəmləkəçilik siyasətini insanlığa qarşı cinayət adlandırıb: “Əlbəttə ki, bu, belədir”.