“Boğazımda qalan artıq tikədi xoşbəxtlik…”- Elcan Rəcili

Müstəqil.az gənc şair Elcan Rəcilinin şeirlərini təqdim edir:
Qapım ölüm zəngidi…
(Elcan Rəcili)
 
Uzaqdan səsin gəlir,
Unudulmuş səs kimi.
Sən də düşüb yollara,
Gedirsən hər kəs kimi.
 
Bir kölgəyə sığınıb,
Yıxılıram həyata.
Əsəbimi daş kimi,
Çırpıram hey saata.
 
Bağışla,əbəs yerə,
Zəng edirəm hər səhər.
Hər kəs eyni unudar,
Hər kəs eyni tərk edər.
 
Yenə vaxtım dayandı,
Yenə ömür ləngidi.
Gəlsən qapımı döymə,
Qapım ölüm zəngidi.
 
 
Günəş işığına düşən kölgədə…
 
Günəş işığına düşən kölgədə,
Gözlərim açıldı, özümü gördüm.
Bu yandan o yana baxdım gizlicə,
Qaranlıq gecədə üzümü gördüm.
 
Çırpıldım zülmətə qara daş kimi,
Qaranlıq gecədən ağ günə düşdüm.
Bir gündə titrədi əlimdə ömür,
Bir gündə ölümün eşqinə düşdüm.
 
Uzatdım əlimi, ölümə dəydi,
Özümə ağladım dayandım bir az.
Deyəsən qayıtdım özümə, Allah,
Deyəsən yuxudan oyandım bir az.
 
Bu gecə gördüyüm şirin yuxuda,
Ömür pilləkənin düşdüm və çıxdım.
Bu gecə öldürdüm özümü, yatdım,
Bu gecə ölümün dadına baxdım.
 
Oyandım, kölgələr gözümdən itdi,
Bir səs pıçıldadı-
…yuxunu qatdım.
Bağışla, yuxuna xəbərsiz gəldim,
Bağışla, yuxudan səni oyatdim…
 
İNDİ
İndi nə doğmasan,nə özgə mənə,
Daha uzaqlığın heç nə dəyişmir.
Səntək xəyalın da yadlaşıb artıq,
Gecələr qapımdan gəlib ötüşmür.’
 
Daha pəncərədən baxmıram çölə,
Küçələr qaradı,ağdı, bilmirəm.
Hələ o özünə qəsd edən qonşu,
Dərdindən ölüdü,sağdı,bilmirəm.
 
O da öz başına iş açdi,yazıq…
Bəlkə də qəsd edib,seçdi düzünü.
Hər gecə bir ümid divara çırpıb,
Araq şüşəsindən asdi özünü.
 
Mən də ki,qara gün, fikir içində,
İtən corabıma tapammıram tay.
Bir sınıq külqabi,bir də otaqda,
Səni xatırladır soyuduqca çay.
 
Ta qova bilmirəm sıxıntıları…
Birinə doğmayam,yüzünə yadam.
Qırıq pəncərədə,dağınıq evdə,
Yaşaya bilməz ki,ümidsiz adam…
 
İndi tək-tənhayam səndən uzaqda,
Saçımı daramaq yadıma düşmür.
Sənə ağlayırdım, qonşumuz dedi:
– Ölüyçün ağlamaq adama düşmür.
 
 
Sonuncu yarpağam
İndi bir payız tənhalığı var içimdə,
Küləyin çırpıb budaqdan yerə atdığı
sonuncu yarpağam.
Yaşamağa ümidsiz,küləyə əsir.
Əslində son vidamı küləyə yazmışdım,
Bilirdim, bir gün düşəcəm üzü üstə torpağa,
Bilirdim qırılacam,
Bilirdim, gün gələcək tənhalığa sarılacam.
Necə ki, yalqızlar hazır olur sabahın şərinə,
Necə ki, sarılır tənha şairlər şeirinə.
…Daha özümü ovutmuram,
Daha dirənmirəm yaşamaqçün…
Düyünlənir boğazımda arzular,
Daha inandırıcı gəlmir xəyallar.
Sağ yanım çarəsizlik,
Sol yanım təklik.
Boğazımda qalan artıq tikədi xoşbəxtlik,
Su içsəm bitəcək,
İçməsəm öldürəcək…
 
 
Ömrün payız nağılı
Baxıram ulduzlara yığışıblar bir yerə,
Tufan qopur içimdə, sığışmıram otağa.
Gecələri içkili, siqaretə qurşanıb,
Yenə bütün hər şeydən çəkilirəm qırağa.
 
…Qərq olur qaranlığa gündüzlərin arzusu,
…Gecə niyə qəm olur fikirlərin axını?!
…Öpüb xəyallarını, dərindən köks ötürüb,
…Çəkirəm ciyərimə məktublardan qoxunu.
 
Qəribsəyir içimdə neçə- neçə istəyim,
Çöldə külək qoparır ağaclardan yarpağı.
Arabir yağış yağır, soyuq payız gecəsi,
Xəzəl olan yarpaqlar qucaqlayır torpağı…
 
…Mən də kədər içində düşürəm lal sükuta,
…Döndərirəm üzümü gur yağışlı payıza…
…Bir yanım xatirələr, bir yanımda uzaqlıq,
…Ağlayıram sakitcə şeirlər yaza-yaza…
 
Bu bir günün deyil ki, bu illərin təkliyi,
Mənə qalan darıxmaq, mənə qalan kədərdi.
Xoşbəxtlik son qatarla çıxıb getdi uzağa,
Verdi mənə yadigar bu əzabı, bu dərdi…
 
…İndi daha payızdı, indi bahar deyil ki,
…Bitdi üç alma ilə ömrün ayaz nağılı.
…Bu da məndən xatirə, oxuyarsan haçansa,
…Bu da sənsiz ötüşən, ömrün payız nağılı…
 
 
Tanrının xəbəri yox
Heç nə bildiyim qədər doğru ola bilmədi,
Gecələr səhər oldu, gündüzlər zülmət gecə.
Bu gün ümidlərimi öldürdüm səhər çağı,
Buna Tanrı şahiddi, mən və kimsəsiz küçə.
 
Mən onda anladım ki, insanlar yalqız ölür,
Başdaşın dönür olur torpaq üstə gülqabi.
Bu gün sevgimi atdım sonuncu siqaretlə,
Buna bir mən şahidəm, birdə sınıq külqabı.
 
Tənhalıq otağımda silahıma son tətik,
İndi ha köks ötürüm, ha gözümü bağlayım.
Bu gün sənə ağlayıb oyandım yatağımda,
Buna Tanrı şahiddi, divarlar,mən, çarpayım…
 
Getməz məndən uzağa sevgin xəyalın kimi,
Həsrətin ürəyimə amansız vurulan ox.
Bir gün yaşamaq üçün hər gün,hər gün ölürəm,
Buna bir mən şahidəm, Tanrının xəbəri yox.
 
Yarım qalır həyatda bütün hisslər,həvəslər,
Nə yalanı bilinir,nə əyrisi,nə düzü.
Mən səndən danışırdım hər gecə ulduzlara,
Buna bir mən şahidəm, birdə uzaq göy üzü…
Müstəqil.Az
 
Share: