Bu gün özünü az qala xalq lideri kimi təqdim edən şəxslər var ki, ölkədən kənarda fəaliyyəti sosial şəbəkə çərçivəsindən kənara çıxmır və onlyan tv-lərdə özlərini cəmiyyətə politoloq, millət fədaisi kimi sırayırlar. Bu günlərdə bu iki hal bir şəxsin timsalında birləşib və Teymur Eminbəyli adlı şəxs Vətəndaş Həmrəyliyi Partiyası sədrinin birinci müavini, vitse-spiker Fəzail İbrahimli haqda heç bir əsası olmayan iddiaları dilə gətirib. Öncədən onu bildirək ki, bu şəxsin bütün siyasi fəaliyyəti Azərbaycan dövlətinə, dövlət idarəçiliyində yer alan nüfuzlu şəxslərə şər-böhtan atmaqla, əslində ölkəmizi gözdən salmağa hesablanıb. Bu günlərdə VHP Siyasi Şurasının üzvü, partiya sədrinin birinci müavini Fəzail İbrahimliyə qarşı şər və böhtanla dolu fikirləri gündəmə gətirib. Əgər onun fikirləri təkcə Fəzail İbrahimliyə qarşı yönəlmiş olsaydı biz onun danışdıqlarına önəm verməzdik. Çünki, 73 saylı Masallı-Cəlilabad seçki dairəsindən VHP namizədi Fəzail İbrahimlinin imzatoplama kampaniyası uğurla başa çatdırılıb. Çox yaxın dövrün parlament tarixində belə dili dolaşaraq yanlışlığa yolverən Teymur Eminbəyli adlı şəxsin diqqətinə onu da çatdıraq ki, partiyanın bu seçki dairəsi ərazisindəki təkcə üzvlərinin sayı belə lazım olan imza sayından çoxdur. İmza toplama kampaniyasında nəinki hər hansı insident yaşanmayıb, əksinə imzalar çox qısa müddətdə toplanıb. Ancaq məsələ bu deyil. Onun fikirləri içərisində regionçuluq, insanları üz-üzə qoymaq keçiriləcək seçkiyə heç bir real əsas olmadan xalqın inamsızlığını ifadə etmək kifayət qədər ciddi məsələdir və bunun üzərindən sükutla keçmək olmaz. Bu fikirlərin ona ötürülməsində seçki prosesində iştirak edənlərdən olması da ayrıca ciddi məsələdir və bizim diqqətimizdən kənarda deyil. Biz bu şəxsin adını açıqlamırıq, ancaq onun kimliyi bəllidir. Lakin xarici blogerlərlə belə insanların əlaqəsinin olması bizi bu məsələni diqqət mərkəzinə gətirməyə vadar etdi. Bütün siyasi proseslərdə sivil, taleyüklü məsələlərdə çevik hərəkət edib dövlətçiliyin müdafiəsində xüsusi dəsti xətti olan Masallı camaatının kobud obrazının yaradılması bizi çox təəssüfləndirir. Hesab edirik ki bütün bunlar aidiyyatı qurumların diqqətindən kənarda qalmayacaq , məşhur məsəldə deyildiyi kimi “çoxbilmiş quş dimdiyindən ilişəcək”. Azərbaycan əleyhinə fəaliiyət quran bu insanların əsl sifəti üzə çıxacaqdır.
Vətəndaş Həmrəyliyi Partiyası olaraq efirdən səslənən yalan və böhtanları siyasi təxribat və qara piar kampaniyası hesab edir. Bütün seçkilərdə partiyamıza və seçkiyə qatılan liderlərə qarşı belə təxribatların şahidi olmuşuq. Ancaq ümummmilli və dövlətçilik maraqlarımızı firqə maraqlarından üstün tutduğumuzdan bu faktları bəzən görməzdən gəlmişik. Amma bu dəfə daxildəki siyasi təxribatçılar Azərbaycan dövlətinə və dövlətçiliyə qarşı olan qüvvələrlə bir cəbhədən hərəkət edir. Bütöv Azərbaycan ərazisində ilk dəfə keçiriləcək parlament seçkilərini baykota çağırmaq, əhalinin guya seçki əleyhinə olması yalanlarını yaymaq kimi sabotaj ortadadır. VHP bu təxribatları qətiyyətlə pisləyərək dövlətə qarşı olan planlar haqda hüquq mühafizə orqanları tərəfindən ölçü götürüləcəyinə əminliyini ifadə edir. Əlbəttə sonda yenə xalq iradəsi, Azərbaycan maraqları qalib gələcək və Teymur Eminbəyli kimilərin muradı gözündə qalacaq.
VHP MƏTBUAT XİDMƏTİ