”Sülhməramlıların nəzarətində olan ərazini Rusiyanın ümidinə buraxmaq olmaz. Milli Məclis “Dağlıq Qarabağ və Laçın rayonunun bir hissəsinin müvəqqəti nizamlama qaydaları haqqında” Qanun qəbul etməlidir”.
Müstəqil.Az xəbər verir ki, bunu tanınmış vəkil Fuad Ağayev sosial şəbəkədəki hesabında yazıb. Vəkil bildirib ki, Kəlbəcər, Ağdam və Laçın rayonları qaytarılandan sonra hələ tam nəzarətimizdə olmayan ərazilərimizdə sülhməramlıların və yerli əhalinin davranış qaydalarını Kreml diqtə etməli deyil, biz müəyyənləşdirməliyik:
“İlk növbədə Azərbaycan-Ermənistan sərhədində, Laçın rayonuna olan sərhəd məntəqəsində Azərbaycan sərhədçiləri oturmalı, ərazimizə daxil olanlara qanunlarımıza müvafiq şəkildə nəzarəti həyata keçirməlidirlər. Eynilə orada gömrük məntəqəmiz yaradılmalı, fəaliyyət göstərməlidir. Həmçinin, Azərbaycan polisi və Dövlət Təhlükəsiziliyi Xidmətinin də normal işləməsi üçün şərait yaradılmalıdır. Əks təqdirdə, həmin əraziyə külli miqdarda silah-sursat, hərbi texnika da göndəriləcək, terrorçular da.
Bundan başqa, qanunda ərazinin silahsızlaşdırılması da nəzərdə tutulmalı, yaxın beş ildə bütün odlu silahların olması qadağan edilməlidir. Ərazidə qalmaqda olan silahlı dəstələr, onların üzvləri ilə bağlı vəziyyət də tam nizamlanmalıdır”.
F. Ağayev layihənin hazırlanması ilə bağlı hər cür kömək edə biləcəyini də qeyd edib.
Müstəqil.Az