Bolqarıstan Baş naziri Nikolay Denkov razılaşdırılmış rotasiyaya uyğun olaraq martın 6-da istefa vermək niyyətində olduğunu təsdiqləyib.
-nın TASS-a istinadən verdiyi xəbərə görə, Nikolay Denkov bunu Münxen Təhlükəsizlik Konfransından sonra keçirilən brifinqdə bildirib.
Nikolay Denkov deyib ki, 6 martda istefa verdikdən sonra növbəti qərarın qəbuluna qədər Konstitusiyaya uyğun olaraq hökumət fəaliyyətini davam etdirəcək. Nikolay Denkov yeni hökumətdə xarici işlər nazirinin kim olacağının hələ müəyyənləşmədiyini söyləyib. Bu barədə koalisiyanı təşkil edən “Dəyişikliyə Davam” və “Demokratik Bolqarıstan” birləşmiş koalisiyası ilə “Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı Naminə” və Demokratik Qüvvələr İttifaqı partiyalarının koalisiyasının birgə qərar verməsi lazımdır: “Xarici tərəfdaşlarla əlaqələr vacibdir. Əgər Mariya Qabriel Baş nazir, mən Baş nazirin müavini və xarici işlər naziri kimi sadəcə, yer dəyişdirəcəyiksə, bu əlaqələr asan olacaq. Qarşıda danışıqlar durur, çünki problemin həlli digər tərəfdən asılıdır”.
Qeyd edək ki, Nikolay Denkov 6 iyun 2023-cü ildə Bolqarıstanın Baş naziri seçilib.