Ailə Məcəlləsində bu məsələ ilə bağlı yenilik nəzərdə tutulur
Azərbaycanda Ailə Məcəlləsinə dəyişiklik edilməsi gözlənilir. Qeyd edək ki, sözügedən sənədə olunan dəyişikliklərdən biri boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması ilə bağlıdır. Dəyişikliyə görə isə bundan sonra məhkəmə həm də uşaq həmin valideynin yanında deyildirsə, onun digər valideyndən alınıb, yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsini həll etməlidir. Məcəlləyə təklif edilən digər dəyişikliyə görə, məhkəmənin qətnaməsi qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Digər dəyişikliyə əsasən isə müvafiq icra hakimiyyəti orqanı nikahın pozulması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqdan sonra nikahın pozulmasının dövlət qeydiyyatını aparır. Nikahın pozulması qeydə alındıqdan sonra bu barədə şəhadətnamə almış şəxs yeni nikah bağlaya bilər. Vəkil Rövşən Qasımov deyir ki, cəmiyyətdə get-gedə nikahların pozulması hallarının artması istər-istəməz məhkəmə mübahisələrinə gətirib çıxarır: “Son 15-20 il ərzində Azərbaycanda nikahların pozulması ilə bağlı ənənə ailənin möhkəmliyi xüsusiyyətlərinə bir qədər cavab vermir. Əslində, nikahın pozulması təkcə ər-arvad arasında münasibətlərə deyil, eləcə də cəmiyyətdə, hətta dövlətdə bəzi məsələlərə də öz təsirini göstərir. İlkin olaraq uşaqların taleyində müəyyən problemlər yaşanır. Misalən, aliment məsələlərində fikir ayrılıqları ortaya çıxır. Sovetlər dövründə alimentlərlə bağlı məhkəmə qətnamələrinin dərhal icraya yönəldilməsini nəzərdə tutan norma vardı. Ancaq son illərə kimi birinci instansiya məhkəməsinin qətnaməsindən sonra nikahları pozulan cütlüklərə aliment məsələsi ilə bağlı yuxarı instansiya məhkəmələrinə müraciət, şikayət etmək hüququ verilmişdi və bu da haradasa ən azı 6-7 ay çəkirdi. Bu müddətdə də uşaqlara alimentlərin ödənilməsi məsələsində əlavə problemlər yaranırdı, bundan da ilk növbədə uşaqlar əziyyət çəkməli olurdu. Ona görə Ali Məhkəmənin Plenumu belə bir təkliflə çıxış etdi ki, birinci instansiya məhkəməsinin qətnaməsindən sonra alimentin tutulması dərhal təmin edilsin. Yəni, bundan sonra tərəflər yenidən yuxarı instansiya məhkəmələrinə müraciət edə bilərlər”. Hüquqşünas hesab edir ki, məhkəmələr boşanma zamanı tərəflərin hər ikisinin iştirakının təmin olunmasına zəmin yaratmalıdır: “Əsas diqqət olunmalı məsələ nikah pozularkən uşaqların üstün mənafeyinin təmin olunmasıdır. Yəni, valideynlərin arzusundan asılı olmayaraq uşağın kimin yanında qalması, alimentin miqdarının müəyyən edilməsi hallarında əsas uşaqların bütün mənafeyinə diqqət yetirilməsi vacib götürüləcək. Nikahların ləğv edilməsindən, daha çox bu nikahdan doğulmuş azyaşlı uşaqlar əziyyət çəkir: “Valideyinlər arasında baş verən problemlər və erkən boşanmalar uşaqların psixoloji və əqli inkişafına təsirsiz ötüşmür. Hesab edirik ki, ər-arvad arasında nikah ləğv edilərkən uşaqların hüquq və mənafeləri daha üstün olaraq qorunmalı, uşağın hansı valideyinin yanında qalması məsələsinə baxılarkən ilk öncə uşağın mənafeləri, onun hansı valideyinlə qalmasının gələcək inkişafına, tərbiyəsinə necə təsir göstərəcəyi mütləq nəzərə alınmalıdır. Elə bu hallardan da irəli gəlir ki, boşanmalar zamanı uşaqların kimin yanında qalması ilə bağlı mübahisələr məhkəmə təcrübəsində ən çox rast gəlinən məsələlərdəndir”. Onun sözlərinə görə, qanunvericilik müəyyən edir ki, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını müəyyən edən saziş təqdim edə bilərlər. Uşaqarın kimin yanında qalması barədə ər-arvad arasında belə saziş olmadıqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Bu halda, əgər valideynlər arasında razılıq yoxdursa, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir: “10 yaşına çatmamış uşağın valideynlərdən hansının yanında qalması arzusunu bilmək zəruri olarsa, uşağın fikri məhkəmə iclas zalından kənar qaydada müəllimin, yaxud sinif rəhbərinin, uşaq bağçası tərbiyəçisinin və qeyrilərinin iştirakı ilə öyrənilə bilər: “Məhkəmələr bu tipli mübahisələri həll edərkən hər şeydən əvvəl uşaqların mənafeyini əsas götürməli, valideynlərdən hansının öz şəxsi keyfiyyətlərinə əsasən uşaqların tərbiyəsi ilə daha yaxşı məşğul ola bilməsini, onların uşaqlara münasibətini, eləcə də uşağın yaşını, valideynlərdən hansının yanında qalması arzusunu və valideynə şəxsi bağlılığını nəzərə almalıdırlar: Valideynlərin maddi, mənzil-məişət şəraiti bu işlərdə həlledici faktor ola bilməz və mübahisə həll edilərkən bütün göstərilən, eləcə də digər hallarla birlikdə nəzərə alınmalıdır. Uşaq hüquqları haqqında Konvensiya müəyyən edir ki, iştirakçı dövlətlər valideynlərinin birindən və ya hər ikisindən ayrı düşmüş uşağın hər iki valideynlə müntəzəm şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəsləyirlər, amma bu münasibətlərin və əlaqələrin uşağın ən yaxşı mənafeyinə zidd olduğu hallar istisna təşkil edir. Ər-arvad arasında nikah ləğv edilərkən və valideyinlər ayrı yaşamağa qərar verərkən həm məhkəmələr, həm də valideyinlər özlərinin hüquq və mənafelərindən əvvəl uşaqların mənafelərini, onların gələcək inkişafını düşünməlidirlər: “Çünki hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. Hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunması, mütərəqqi tələblər əsasında təhsil alması, inkişaf etməsi, layiqli vətəndaş kimi formalaşması əsas amillərdən biridir. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qalmasını müəyyən edən saziş təqdim edə bilərlər: Ər-arvad arasında belə bir saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir”.Qeyd edək ki, məhkəmə tərəfindən nikahın pozulması ilə bağlı işlərə baxılarkən çox zaman yetkinlik yaşına çatmayan uşaqların ananın yanında qalmasının şahidi oluruq. Buna əsas səbəb kimi uşağın azyaşlı olması və atanın razılığı götürülür. Boşanmadan sonra valideynin birindən ayrı yaşayan uşaqlar bəzən müəyyən səbəblərdən (məsələn, evin olmaması və s.) başqa şəxslərlə (məsələn, baba, nənə, dayı, xala və s.) yaşamağa məcbur olur. Hətta bu vəziyyətdə onunla birgə yaşayan şəxslərin təsiri altında himayəsində olan valideyn uşağın digər valideyinlə ünsiyyət qurmasına hər vəchlə mane olmağa çalışır. Çox zaman buna əsas kimi uşağın tərbiyyəsinin pozulması və yaxud təhsilinin aşağı düşməsi halı əsas gətirilir. Yəni uşaqdan ayrı yaşayan valideyn onun tərbiyəsinə və yaxud təhsilinə mane olması ilə günahlandırılır: “Bütün bunlara baxmayaraq ailə qanunvericiliyinə görə hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Təəssüflər ki, başqa şəxslərlə birgə yaşam vəziyyətdə uşağın gələcək həyatının düzgün formalaşmasında mühüm rol oynayan tərbiyə və təhsildə müəyyən qüsurlar əmələ gətirir. Ona görə də məhkəmələrin bu məsələlərə həssas yanaşması vacibdir”.OLAYLAR.az