Bosniya və Herseqovinanın uca qaya üzərində yerləşən ən qədim məscidlərindən biri Ramazan ayında qapılarını müsəlmanların üzünə açıb.
Moderator.az xəbər verir ki, Türkiyənin “Yeni Şafak” qəzetinin yazdığına görə, orucluq boyunca yerli sakinlər cümə namazlarını qılmaq üçün bu təhlükəli məkana gəlib.
Kuşlat tarixi məscidi Sultan II Mehmetin dövründə Osmanlı döyüşçüləri tərəfindən tikilib. Bu məbədi “Bosniya fəthinin rəmzi” də adlandırırlar. 1993-cü ildəki vətəndaş müharibəsi zamanı qədim ibadətgah serblər tərəfindən yandırılıb və yalnız 20 il sonra bərpa edilib.
Kuşlat məscidi eyniadlı qalanın içərisində yerləşir. Allahın Evinə gedən yol dik yoxuşlar və meşəliklə müşayiət olunur, qayanın kənarlarında isə qartal yuvaları var. Qonşu Drinyaça kəndinin imamı Nermin Akmetoviçin sözlərinə görə, qeyri-adi və sərt mövqeyinə baxmayaraq, onlarla mömin hər Cümə günü Kuşlata tələsir.
“Biz Kuşlat məscidini tariximizi, atalarımızı xatırlamaq üçün ziyarət etməkdə davam edəcəyik. Bu, bizim üçün özəl bir məkandır” -deyə imam qürurla söyləyib.
Sultan Laçın