“Boynumda boyunbağım, qolumda bazubəndim, Dəmirqapı Dərbəndim…”-Zeynəb Dərbəndlinin yeni şeirləri…

Müstəqil.Az doğma diyar Dərbənddə yazıb,yaradan nəğməkar şairə Zeynəb Dərbəndlinin yeni şeirlərini təqdim edir:

DƏMİRQAPI DƏRBƏNDİM

Sən mənim qürur yerim, mənim ümid yerimsən,
Sözümə qanad verən, ruhum, ilham pərimsən.
Misra- misra yazılan dastanımsan, şeirimsən,
Sənə arxalanıbdır hər cığırım, hər bəndim,
Dəmirqapı Dərbəndim.

Sən Qafqazın baş tacı, əlçatmaz zirvəsisən,
Koroğlunun, Şamilin yurd, torpaq həvəsisən.
Min əsrdən boylanan Qorqudumun səsisən,
Boynumda boyunbağım, qolumda bazubəndim,
Dəmirqapı Dərbəndim.

O yan bu yan hasarlı, şah yurdu, xan elisən,
Dağıstanın milyonu əvəz edən ləlisən.
Hər millətin Allaha, uzanacaq əlisən,
Sənə səcdə eyləyir hər şəhərim, hər kəndim,
Dəmirqapı Dərbəndim.

Sən dahilər diyarı, bir müqəddəs şəhərsən,
Sabaha doğru inam, açılan nur səhərsən.
Zeynəbin məğrur adı, millətimçün hünərsən,
Nə yaxşı bu dünyaya, sənin qoynunda endim,
Dəmirqapı Dərbəndim.

………………………………………

 

NARIN QALAM
 
Düşmən qarşısında durdun ər kimi,
Qazandın savaşı igid, nər kimi.
Həmişə oyaqsan igidlər kimi,
Narın Qalam.
 
Aldılar, satdılar boyun əymədin,
Minbir şər atdılar, boyun əymədin.
Atəşə tutdular ,boyun əymədin,
Narın Qalam.
 
Qələbə çalmısan hər savaşında,
Dayanmısan Dərbəndimin başında.
Bir ulu ozansan beş min yaşında,
Narın Qalam.
 
Neçə xanı, bəyi yola salmısan,
Hər əsrdən saysız yara almısan.
Görkəminlə öz yerində qalmısan,
Narın Qalam.
 
Hər yanı hasarlı, bir dar bəndin var,
Sənə səcdə qılan, necə kəndin var.
Əsrlər sirdaşın, Şah Dərbəndin var,
Narın Qalam.
 
Gözü üstündədir bütün dünyanın,
Dilindi gəzirsən cümlə, cahanın.
Sən, şah əsərisən bu Dağıstanın,
Narın Qalam.
 
Sən bütün Qafqaza, böyük həyatsan,
Sən cahan gözündə, bir kainatsan.
Zeynəbə hər zaman qolsan, qanadsan,
Narın Qalam.
……………………………………
 
HƏSRƏT NƏĞMƏSİ
 
Baxdıqca buludun dolan gözünə,
Ürək haray saldı, ah nalə çəkdi.
Gözlərdən süzülən həsrət yaşları,
Sanki yanağımda bir ağır yükdü.
 
Bulud ağladıqca ağladım mən də,
Səsimi duymadı o mavi göylər.
Şimşək elə çaxıb, fəqan eyləyir,
Elə bil ki, bizə dərdini söylər.
 
Yerə çatanacan incə damcılar,
Sanki, yerə göydən şikayət edir.
Buludu anladım, küsmüşdü göydən,
Təkcə bilmədiyim yaşlarım idi.
Görən nə etdim ki, küsmüşdü məndən.
 
Bəlkə təsadüfdür, bulud ağlayıb,
Onun damcıları düşüb üzümə.
İndi anlasam da mənası yoxdur,
Artıq sevgim küsüb, baxmır sözümə.
………………………..
VƏTƏN
 
Ey vətən, adınla qürur duyuram,
Mən də bir zərrənəm, azınam sənin.
Hər yerdə adınla çəkilir adım,
Alnına yazılmış yazınam sənin.
 
Yazıram otundan, suyundan, Vətən,
Güllü baharından, yayından ,Vətən.
Mən qürur duyaram soyundan ,Vətən,
Çünki Tanrı yazan, yazınam sənin.
 
İçimi haqsızlıq yeyir, yazıram,
Hekayə yazıram, şeir yazıram.
Çünki, Allah nəyi deyir, yazıram,
Bir hüsnünə heyran Ozanam sənin.
 
Haqqın tərəfdarı, haqq soraqlıyam,
Həsrətdən, hicrandan qəlbi dağlıyam.
Vətən sevdalıyam, sənə bağlıyam,
Avazı naləli sazınam sənin.
 
Başımın tacıdır, o Rükəl kəndim,
Mənimçün doğmadır hər bərəm, bəndim.
Min əsrin tarixi, ulu Dərbəndim,
İndi çiçək açan yazınam sənin.
 
Dağlarında olan, çəni sevirəm,
Səndən bəhrələnən, məni sevirəm.
Hayana getsəm də, səni sevirəm,
Zeynəb adlı, qərib qızınam sənin.
 
……………………………………
AZƏRBAYCAN-AZƏRBAYCAN
 
Adın min illərdən yaşar,
Qocaman bir tarixin var.
Ey müqəddəs ulu diyar,
Azərbaycan-Azərbaycan.
 
Ey ürəyim canım mənim,
Ümidim gümanım mənim.
Laylay səsli Anam mənim,
Azərbaycan-Azərbaycan.
 
Adın ən böyük sərvətim,
Var sənə sonsuz hörmətim.
Ey vüqarlı məmləkətim,
Azərbaycan-Azərbaycan.
 
Ey tarixim, adım mənim,
Sınmayan qanadım mənim.
Heç sönməyən odum mənim,
Azərbaycan-Azərbaycan.
 
Zeynəbin ruhu,hünəri,
Qoy olsun sözün kəsəri.
Xalqımın böyük əsəri,
Azərbaycan-Azərbaycan.
 
 
Share: