Böyük azərbaycanlı- Əhməd Obalı…

Böyük azərbaycanlı- Əhməd Obalı…

“Sevsən, biləcəksən nədir bu cahan,

Dolanmaq, sürünmək, yaşamaq nədir?

Ən gözəl yaşamaq, əslinə baxsan,

Azadlıq uğrunda mübarizədir!”

Söhbətimizə Xəlil Rza Ulutürkün bu misraları ilə başladı. Bütün ömrü boyu bütöv Azərbaycan uğrunda mübarizə aparıb. Çox əziyyətlərə qatlaşıb. Haqqını dananlar da olub, ona qarşı məkirli davrananlar da. Amma heç vaxt ruhdan düşməyib, geriyə çəkilməyib. Necə deyərlər, qarış-qarış, addım-addım hədəfə doğru irəliləyir…
Bəli, bu gün sizə əqidə adamı, öz amalı, mübarizə hədəfi olan bir fədai, əsl ziyalı Əhməd Obalıdan danışmaq istəyirəm. O, 1961-ci ildə Ərdəbildə dünyaya gəlib. Orta təhsilinin böyük hissəsini orada alsa da, sonuncu sinfi ABŞ-ın İllinoy ştatının Çikaqo şəhərində bitirib. 1989-1993-cü illərdə İllinoy Universitetində ali təhsil alaraq film və televiziya ixtisasına yiyələnib. 1993-2004-cü illərdə müxtəlif yerlərdə çalışıb. 2004-cü ildə Güney Azrbaycan Televiziyasını (GünazTv) yaradıb və hazırda həmin kütləvi informasiya vasitəsinə rəhbərlik edir…
Deyir ki,- “Mənim bir arzum var- Güney Azərbaycanını azad və hər iki Azərbaycanın bütövlüyünü görmək…”
Artıq otuz ildir ki, bu cihada qoşulub, müqəddəs amal uğrunda siyasi döyüşdədir. Bu döyüşün əvvəli 1989-cu ildən başlayıb. O vaxt ruslar Bakıda baş verən hadisələri dini fanatizmin hakimiyyətə gəlmək səyi kimi qələmə verirdilər. O isə dünyaya yayılan bu informasiyanın əleyhinə olaraq ABŞ-da piketlər keçirir, Azərbaycan həqiqətlərinin Amerika ictimaiyyətinə çatdırılmasına səy göstərirdi.
1992-ci ildə “Azərbaycan Cəmiyyəti”ni yaradır. 1993-cü ildə o vaxtki “Vətən Cəmiyyəti”nin xətti ilə Azərbaycana dəvət olunur, burada Bəxtiyar Vahabzadə, Məmməd Araz, Balaş Azəroğlu və sair xalqımızın görkəmli ziyalıları ilə görüşüb tanış olur. Onların təcrübəsindən yararlanmağa çalışır. 1997-ci ildən 2002-ci ildə parçalanadək DAK-ın tədbirlərində iştirak edir. 1998-ci ildə təsis olunan “İran Azərbaycanlıları Konqresi”nin fəal üzvlərindən biri olur və bu təşkilatın idarə heyətinə seçilir.
2006-cı ildən “Güney Azərbaycanlıları Milli Azadlıq Cəbhəsi”nin idarə heyətinin üzvü, təşkilatlanma və beynəlxalq əlaqələr üzrə məsul şəxsidir. Dəfələrlə Avropa Şurasında, eləcə də insan hüquqları ilə bağlı bir sıra beynəlxalq təşkilatlarda güney azərbaycanlılarının problemlərini qaldırıb. Qarabağın azadlığı uğrunda mübarizə isə həmişə onun gündəmində olub. Bir vətənpərvər kimi həmin təşkilatlardan Qarabağ probleminin həllində obyektiv mövqe tutmağı tələb edib. Elə il olmayıb ki, Xocalı, 20 yanvar hadisələri, 28 may müstəqillik günü ilə əlaqədar tədbir təşkil etməsin. Müstəqilliyimizin 100 illiyi ilə bağlı Çikaqoda baş tutan yubiley tədbiri isə çox möhtəşəm keçirilib və bu tədbirdə ABŞ-ın hər yerindən, Azərbaycandan soydaşlarımız iştirak ediblər…
Ömür-gün yoldaşı Nahidə Kərimli əslən Nefçala rayonundandır, ixtisasca memardır. Gözünün ağı-qarası bir oğlu var, adı Dənizdir…
Deyir ki,- “Təəssüf ki, ötən əsrin əvvəllərində olan milli idealogiyamız bu gün yoxdur. Etibar etdiyimiz, inandığımız ziyalıların sayı kəskin azalıb. Türkçülüyün əsaslarını yazan Ziya Gökalp çox gözəl deyib- “Ziyalılar iki cür olur. Saray və xalq ziyalıları. Saray ziyalıları xalqdan uzaq olduqları üçün heç vaxt xalqın dili ilə danışa bilmirlər. Xalq ziyalıları isə cəmiyyətin dərdini anlayır və ifadə etməkdən çəkinmirlər. Və maraqlısı da odur ki, saray ziyalıları həmişə xalq ziyalılarının əksinə olub””…
Nüfuzlu insanların danışarkən əcnəbi mütəfəkkirlərindən nümunə gətirməsinə təəccüb edir, söyləyir ki, niyə türk dünyasının görkəmli şəxsiyyətlərinin fikirlərinə istinad olunmur?..
Ana dilini milli kimliyin onurğa sütunu hesab edir. Ana dilində danışmağı bacarmayan insanın mənəvi şikəst olduğunu dilə gətirir…
Mütaliə etməyi özünə peşə borcu hesab edən və bütün varlığı ilə Azərbaycana bağlı olan bu soydaşımız xalqımızın qənimət övladlarından biridir. Bəli, Əhməd Obalı Amerikada Bütöv Azərbaycan sevdası ilə yaşayan böyük azərbaycanlıdır…
Bu günlərdə AB-ın Koloforniya ştatında olarkən ona vəhşicəsinə hücum olub. Hücum nəticəsində Əhməd Obalının bütün bədəni ciddi zədə alıb, boynu, sağ əlinin bütün barmaqları sındırılıb, gözləri ciddi zərbə alıb.
Qollarını və ayaqlarını hiss etmir. Vəziyyəti orta ağırdır…
Bu böyük azərbaycanlıya- dəyərli soydaşımıza tezliklə sağalıb aramıza qayıtmasını Allahdan diləyirəm.
Elman Eldaroğlu
Bütün reaksiyalar:

Rüstəm Fətullayev və başqa 1 nəfər

1
Bəyən

Şərh bildir
Paylaş
Share: