Üzündəki təbəssüm ilk baxışdan adamı heyran edir, heç zaman tükənməz. Ən çətin anlarda belə narahatlıq keçirmir. Onu heyrətləndirmək elə də asan deyil, hər bir baş verən hadisəni təbii hal kimi qəbul edir. İnsana xas əlamətidir, söyləyir. Hissləri ayıq, istedadı rəngarəng, təxəyyülü parlaq, ideyaları geniş adamdır. Ürəyi həddən artıq yumşaqdır. Maraq dünyası geniş olsa da, biruzə verməməyə çalışır. Daima yeni-yeni insanlarla görüşə can atır. Gözəllikdən zövq almaq, ürəkdən sevinmək onun həyat kredosudur. Dünyanın müvəqqəti məkan olduğunu çox yaxşı bildiyindən, xoşbəxt sonluğun yalnız sehrli nağıllarda baş verdiyini dərindən dərk edir…
Atası İsmayıl kişi Xızının Xirək kəndindən olub. Kəndin ilk ali təhsilli yetirməsi idi. Uzun illər “Azərittifaq”da müfəttiş işləyib. Anası Bibixanım Kərbəlayi Həmid qızı evdar xanım olub. Özündən böyük dörd qardaşı var. Böyük qardaşı Nəcəfqulu haqq dünyasına qovuşub. İkinci qardaşının adı Abbasqulu, üçüncünün adı Mehdi, dördüncünün adı isə İlhamdır…
Deyir ki,- “2022-ci il bədii rəhbəri olduğum İ.Əbilov adına Mədəniyyət Mərkəzinin yaranmasının 100 illiyidir. Yubiley tədbirinin Dövlət səviyyəsində qeyd edilməsini və mədəniyyətimizdə xidmətləri olan kollektiv üzvlərimizin əməyinin dövlətimiz tərəfindən dəyərləndirilməsini arzulayıram. Axı İ.Əbilov adına Mədəniyyət Mərkəzi ölkəmizdə adi mədəniyyət ocaqlarından biri deyil. Bu ocaqdan Kor Əhəd (Ə.Əliyev), Ə.Ələkbərov, M.Məmmədov, Ş.Ələkbərova, S.Qədimova kimi korifey sənətkarlar çıxıb. Həmçinin mədəniyyət mərkəzinin binası yararsız haldadır. Həmin binanın əsaslı təmir olunmasını və ya şəhərmizdə daha geniş bina ilə əvəzlənməsini istərdim…”
On üç yaşından bu günə qədər nə az, nə çox, qırx üç ildir ki, peşəkar səhnədədir. 1973-cü ildə S.S.Axundov adına 172 N°-li məktəbin 1-ci sinfinə, 1976-cı ildə K.Səfərəliyeva adına Uşaq Musiqi Məktəbinin tar sinfinə qəbul edilib. Musiqi məktəbində oxuduğu illərdə bir çox müsabiqələrdə laureat olub. 1981-ci ildə orta məktəbin 8-ci, UMM-nin də 5-ci sinfini bitirərək, A.Zeynallı adına Bakı Musiqi Məktəbinin tar sinfində təhsilini davam etdirib.
Elə həmin il Azərbaycan Televiziyası və Radiosunun “DASTAN” folklor ansamblına ud ifaçısı kimi dəvət olunub. 1983-cü ildə Qədim Azərbaycan Musiqi Teatrı “İRS” folklor ansamblına simli və nəfəs alətləri ifaçısı kimi dəvət alıb. Zarafat deyil, on yeddi yaşında olarkən çoxsaylı musiqi alətlərinin ifaçısı kimi şöhrəti ölkəni dolaşmağa başlayıb. Və nəhayət “DASTAN” folklor ansamblına konsertmeystr (1-ci tar ifaçısı) təyin edilib. Azərbaycanda peşəkar kollektivlər içərisində ən gənc konsertmeystr kimi onun adı ilklər siyahisindədir, ta ansambl dağılan günə qədər həmin ansamblda çalışıb. Azərbaycan Televiziyasının hazırladığı “QIZ QALASI” cizgi filminin solo musiqilərini ifa edib. Həmin filimdə solist müğənni xalq artisti Mələkxanım Eyyubova olub. 1987-ci ildə bədii rəhbər Rasim Müzəffərli onu AzİMİ-nin “OZAN” estrada qrupuna dəvət edib. “OZAN”la bir çox müsabiqələrdə laureat olublar. Belə ki, Zaqafqaziya üzrə Ümumittifaq müsabiqə laureatı, Qazaxstanda keçirilən müsabiqədə isə caz ustası Əzizə xanım Mustafazadə ilə birgə QRAN PRİyə layiq görülüblər…
1988-ci ildə Azərbaycanda İLK olaraq, qardaşları ilə birlikdə müstəqil “QARDAŞLAR” kvartetini yaradıblar. Həmin kvartet haqqında Aztv-nin “DALĞA” proqramında, şəhid jurnalist Osman Mirzəyevin aparıcılığı ilə, tele-rejissor Akif Salamov tərəfindən xüsusi telesüjet hazırlanıb. Kvartet bir çox Dövlət tədbirlərində çıxışlar edib. SSRİ-nin bir çox şəhərlərində, hətta qardaş Türkiyədə qastrol səfərlərində olublar…
Əgər onun fəaliyyətini tam şəkildə ifadə etsəm, vaxt çatmaz. Bu insanın o qədər zəngin həyat yolu var ki, lap həsəd apardım. Yeri gəlmişkən, 1997-ci ildən başlayaraq, Azərbaycan Televiziyası ilə solo konsertləri təşkil olunub. Tədbirlərin birində təsadüfən Yasamal Rayon İcra Hakimiyyətinin o vaxtkı başçısı Arif Ağayevlə tanış olublar və bu tanışlıqdan sonra Arif müəllim onun İ.Əbilov adına Mədəniyyət Mərkəzinə işə götürülməsi üçün, o vaxtkı bədii rəhbər Mirəhməd Əsgərliyə tapşırığını verib. Həmin ildən bu günə qədər fasiləsiz 25 ildir ki, müxtəlif vəzifələrdə çalışıb. Metodist, quruluş hissə müdiri, müşaiətçi çalışdıqdan sonra 2015-ci ilin sentyabrından bu günə qədər Mədəniyyət Mərkəzinin bədii rəhbəri vəzifəsini daşıyır. Radionun Qızıl Fondunda bir neçə musiqi alətində ifaları qorunur…
Təsadüfən Dövlət tədbirlərinin birində Zeynəb xanım Xanlarova ilə görüşərkən, onu öz ansamblına dəvət edir. Təklifdən məmnun olsa da, o, Xanım sənətkatımıza işlərinin həddindən artıq çox olduğunu bildirir…
“Yeni nəsil musiqçilərimiz çox düzgün yoldadırlar. MaşALLAH olsun, musiqi mədəniyyətimizin hər sahəsində ildırım sürətilə inkişaf davam edir. Deyərdim ki, bu gün Azərbaycan musiqi aləmi, gənclərimizin timsalında, etibarlı əllərdədir. Onlara bir müəllim kimi UĞURLAR diləyirəm!”- söyləyir.
Nə isə, bu dəfəki söhbətimin qəhrəmanı- musiqi dünyasının fədaisi Məhərrəm Nəcəfzadə idi. O, Məhərrəm Nəzafzadə ki, Azərbaycan mədəniyyətinin MARŞALlarından biri, sənətşünaslıq elmləri doktoru, professor Abbasqulu Nəcəfzadənin sonbeşik qardaşıdır…
Elman Eldaroğlu