Böyük sözün qohumu

Böyük sözün qohumu

Meyxoş ABDULLAH-60

O, mənim yerlimdir, bir rayonda doğulmuşuq. Dağ ətəyi kənddə böyüyüb, orta məktəbə gedib, hərbi xidmətə yollanıb və sair. Tanışlığımızın yaşı isə 30 ildən çox ola bilər. Səhv də edə bilərəm, dəqiqliyi o bilər, axı o, həm də iqtisadçıdır. Həm də dedimsə, demək onun başqa bir fəaliyyət dairəsi də var. Demək, oxucumu intizardan qurtarmağın zamanı çatdı.

Mən Meyxoş Abdullahdan bəhs edirəm. Cəlilabadın Xəlilabad kəndinda dünyaya göz açan, rayon mərkəzində yaşayan, yazıb-yaradan, əsərləri ilə artıq Azərbaycanın sərhədlərini çoxdan keçərək sevilən, seçilən bir yazıçıdan söz açmaq istəyirəm.

Onu ilk dəfə Rəhmətlik Abbasağa Azərtürkün rəhbərlik etdiyi “Cəlilabad töhfələri” ədəbi məclisində görmüşdüm. Məclis sonrası qısa söhbətimiz də olmuşdu. Amma bu qısa söhbətimizdən sonra bizim davamlı olaraq söhbətləşməyimizə, ədəbi mübadilələr, mülahizə və müzakirələr aparmağımıza qədər çox vaxt keçdi. Sən demə, bu qədər vaxtı bir-birimizin yaradıcılığını uzaqdan izlməklə, həm də indilərdə möhkəm bünövrəsi olan dostluğumuzun təməlini qoyurmuşuq.

Bir bir və ya daha çox şəxs, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər

… Bütün bunlardan əvvəl və sonra biz Meyxoşla SÖZ qohumuyuq. Bir ədəbi mühitdə böyüməsəydik, yerli olmasaydıq belə biz BÖYÜK SÖZün qohumlarıyıq…

Meyxoşun yazıçı olaraq fəaliyyəti haqda onlarla qələm adamının çox sayda yazıları dərc olunub. Tənqid və tənqidçilərimiz onun yaradıcılığını bacardıqca diqqətdə saxlayıb, amma əminliklə demək olar ki, bu diqqət o boyda yaradıcılığın qarşısında çox azdır. Bilmirəm, bəlkə də onun əyalətdə yaşaması, ədəbi mühitin “qaynar qazanından” bir qədər uzaq olması buna səbəb olub. Ya da başını aşağa salıb yazı-pozusu ilə məşğul olmaqla, bütün dövrlərdə hökm sürən hansısa qruplaşma üzvü olmaması bir qədər loyal münasibətlə qarşılaşmasına gətirib çıxarıb. Hər halda, məhsuldar yazıçı olan, əsərləri bir çox dünya dilinə təqdimsiz, kiminsə xüsusi dəstəyi və tapşırtığı olmadan, öz gücünə çevrilərək ədəbiyyatımız haqda təsəvvür və təəssürat yaradan bir yazıçıya ölkəmizdə daha böyük diqqət kəsilməli idi. Sözssüz ki, burada oxucular qınaq yeri deyil, çünkü Meyxoşun kifayət qədər oxucusu var.

Bir bir və ya daha çox şəxs, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

O, mənim qələm dostum, eloğlum olmaqla kifayətlənmədiyim bir adamdır. Yaxın dostumdur, Cəlilabada hər gedişimdə onunla mütləq görüşürəm. Bir neçə dəfə müsahibə almışam, ədbiyyatımızda, eləcə də ictimai-siyasi həyatımızda baş verən müəyyən  məsələlər barədə onun yazıçı fikrini öyrənmişəm, açıqlamalarını dərc etmişəm. O, da mənim haqqımda yazıb, qələmini “incidib”, ürək sözlərini oxuculara çatdırıb. Hiss etmişəm ki, haqqımda yazdıqlarında dost münasibəti daha çox nəzərə çarpıb.

Dost, demişkən, dostu seçmirlər, dost seçilir və bu seçim heç də hansısa məqsəd və planla, öhdəliklə olmur. Nə vaxtsa tanış olub, ruh qohumluğunu, fikir və əqidə birliyini gördüyün adamdan ötrü darıxdığın zaman məhz həmin adamın sənin dostların sırasında olduğunu görürsən. Əgər bu adam istedadlı yazıçıdırsa, əsərlərinin altında qoyduğu imza yüzlərlə imzanın içində səni özünə çəkirsə, bu dostluğun daha bir tellə möhkəmlənməsi zəruridir.

Meyxoş Abdullah məhz belə kriteriyalara cavab verən yazıçıdır, dostdur… Həyatımın müəyyən dolanbac anlarında, dost məsləhətinə, dost rahatsızlığından irəli gələn isti münasibətə, qayğıya, diqqətə ehtiyac duyduğum zamanlarda yanımda olan dostlarımdandır Meyxoş. 2006-cı ilin may ayının 12-də şərlənərək zindanlara atılarkən, adımı çəkməyə ehtiyat edən qələm dostlarımızdan fərqləndi, o dostlarımızın sırasında oldu ki, mənim şair, jurnalist kimi imzamı diqqətdə saxladı, haqqımda yazılar yazdı, dərc elətdirdi.

Şəkilin açıqlaması yoxdur.

2016-cı ilin dekabr ayında bir əlim o dünyanın qapısın cəftəsində olanda, o biri əlimlə bu dünyanın qapısının dəstəyindən möhkəm yapışıb, ayaqlarımı dirəyib qalmaq istəyəndə də ağır günlərin sınağından keçən dostlarımızın arasında oldu. Açıq ürək əməliyyatı keçirib, ürəyimdə 5 damar dəyişiləndə Meyxoş, ailə üzvlərim, qohumlarım, iş yoldaşlarım, qələm dostlarım Vasif Süleyman, Natiq Muxtarlı, İbrahim Rüstəmli, Dayandur Sevgin, rəhmətlik Fərqanə Mehdiyeva və digərləri ilə bir sırada duranlardan oldu. O, məni bir dost kimi istədi, mən onu həm dost, həm də bir yazıçı olaraq yerini  “təmirdən” təzə çıxmış ürəyimdə qalanların sırasında daha da möhkəmləndirdim.

Bir çox hekayələrinin ilk oxucularından olmuşam, qəzet redaktoru olanda dərc etmişəm, indilərdə isə rəhbərlik etdiyim saytda yayınlamışam. Uğuruna sevinmişəm. “Alagöz”ü ilə, “Əsir qadın”ı ilə bəzən məni sarsıtsa da, qələminin, fikrinin böyüklüyünə heyrət etmişəm.

Meyxoşun yaşının üstünə yaş gəlir. 60 yaşı tamam olur, Əlbəttə ki, 50-dən çoxdur bu yaş. Amma 100-dən də xeyli azdır.

Hörmətlə: Qələm dostuna yeni-yeni əsərlərinə sevinmək istəyi ilə, ona çox və xoş yaşamağı arzu edən

Faiq Balabəyli

 

Share: