“Böyük yeddilik” ölkələrinin müdafiə potensialının güclənməsinə 10 il və 10 trilyon dollar vəsait lazımdır.
-nın məlumatına görə, bu barədə yazı “Bloomberg”də dərc olunub.
Məqalədə bildirilir ki, Ümumi Daxili Məhsulun 4 faizini təşkil edən bu göstərici “soyuq müharibə” dövrü ilə eynidir.
Müəllif yazısında eyni zamanda, 2023-cü ildə dünya ölkələrinin silahlanmaya ayırdığı vəsaitin həcmi barədə statistikanı da təqdim edir. Bildirilir ki, həmin dövrdə bu rəqəm 2,2 trilyon dollara çatıb: “Avrozonaya daxil olan əksər dövlətlər hərbi sahədə artan xərcləri kompensasiya etmək üçün istər vergi və sosial təminat, istərsə də dövlət borcları ilə bağlı çətin qərarlar verməli olacaq. Belə olan halda dövlət borcları və vergi dərəcələrində artım, o cümlədən xərclərin azaldılması qaçılmaz olacaq. Yaranmış qlobal geosiyasi vəziyyət əksər ölkələrdən müdafiə sektoruna ayrılan büdcənin artırılmasını tələb edəcək”.
Məqalədə önə çəkilən proqnozlara əsasən, böyük problemlərlə üzləşəcək ölkələrdən biri də Birləşmiş Ştatlar olacaq. Bu ölkə həm Rusiya-Ukrayna müharibəsi, həm də Çindən gələ biləcək təhlükənin qarşısını almaq üçün hərbi xərclərini mütləq şəkildə artırmalı olacaq. Yaranmış vəziyyət ABŞ-nin digər strateji sahələrində vəsait çatışmazlığına gətirib-çıxaracaq.
Yazının sonunda qeyd olunur ki, qlobal səviyyədəki çəkişmələr səbəbindən Asiya ölkələri də hərbi büdcələrinin artırılması perspektivlərini nəzərdən keçirir.