İstedadlı və yaradıcı şəxs üçün janr və mövzu məhdudiyyəti olmur. Uşaq yazıçısı yaratdığı əsərlərdə dilin sadəliyini gözləyir, mövzunu tamamlayan struktura üstünlük verir. O, hekayə və şeirlərini oxucunun yaş xüsusiyyətlərini nəzərə almaqla yazır. Belə olmasa, müxtəlif janrlarda yaradılan əsərlər həm uşaqlar, həm də böyüklər tərəfindən sevilə-sevilə oxunmaz.
Trafaret ifadələrlə danışsaq, uşaq ədəbiyyatının məqsəd və vəzifəsi uşaqlarda, yeniyetmələrdə, gənclərdə doğma vətənə və xalqa sevgi aşılamaq, mənəvi dəyərləri təbliğ etmək, estetik zövqü formalaşdırmaqdır. Uşağın oxuduğu bədii əsərlər həm də onun nitqini formalaşdırır, bədii qavrama qabiliyyətini inkişaf etdirir. Bu mənada uşaqlar üçün yazılmış əsərlər mühüm tərbiyə vasitəsi sayılır. Çox kitab oxuyan, şeir əzbərləyən, oxuduğu hekayələri danışmağı xoşlayan uşaqların söz ehtiyatı da zəngin olur. Bədii əsərlər uşaqlarda erkən yaşlarından başlayaraq həyatı dərketmə bacarıqlarını yaradır, dünyagörüşünü genişləndirir. Ümumiyyətlə, uşaq ədəbiyyatı bilavasitə uşaqlar üçün yazılmış əsərlərdən və yaşlılar üçün yazılmış əsərlərin uşaqlar üçün maraqlı olan hissələrindən ibarətdir. Uşaqlar üçün yazılmış əsərlər də yaş qrupları üzrə təsnifləşdirilir. Şübhəsiz, M.Ə.Sabirin “Uşaq və buz” şeirini yeniyetmələr və gənclər deyil, daha çox məktəbəqədər yaşlı uşaqlar əzbərləməkdə maraqlıdırlar. Bu da ondan irəli gəlir ki, uşaq ədəbiyyatı nümunələrinin ən mühüm funksiyası ətraf aləm haqqında dolğun bədii məlumat vermək, uşaqları bilgiləndirməkdir. Böyük Sabirin adı çəkilən şeirində qış və yaz fəsillərinin xüsusiyyətləri yer almışdır.
Azərbaycanda uşaq ədəbiyyatı nümunələri əsasən XIX yüzillikdən məqsədli şəkildə yazılmağa başlanmışdır. Maarifçilik hərəkatının nümayəndələri dünyəvi təlim metodları ilə dərs keçən məktəblərdə uşaqlar üçün bədii nümunələrin azlıq təşkil etdiyini görüb, belə əsərləri özləri yaratdılar. Abbasqulu ağa Bakıxanov, Qasım bəy Zakir, Seyid Əzim Şirvani uşaqlar üçün yazılmış ilk nümunələrin müəllifləri oldular. İyirminci yüzilliyin başlanğıcında C.Məmmədquluzadə, M.Ə.Sabir, S.S.Axundov, bir qədər sonra A.Şaiq, Abbas Səhhət, C.Cabbarlı, M.Seyidzadə, M.Müşfiq kimi sənətkarlar uşaqları da unutmadılar. Ömrünü yalnız uşaqlar üçün əsərlər yazmağa sərf eləyən sənətkarlar var. Xanımana Əlibəyli, Xalidə Hasilova, Teymur Elçin, Hikmət Ziya, Məstan Günər, Ələviyyə Babayeva, Əli Səmədli, Yusif Əzimzadə, Zahid Xəlil, Rafiq Yusifoğlu, Əzizə Əhmədova, Gülzar İbrahimova, Ələmdər Quluzadə və başqalarının yaradıcılıq nümunələri orta, orta ixtisas və ali məktəb dərsliklərinə salınmışdır.
İstər dünya ədəbiyyatında, istərsə də Azərbaycan ədəbiyyatında yaşlı nəsil üçün yaradılmış bədii əsərlərin içərisində uşaqlara maraqlı görünən nümunələr də mövcuddur. Klassik ədəbiyyatda, xüsusən N.Gəncəvi, Ş.İ.Xətayi, M.Füzuli kimi sənətkarların yaradıcılığında da məktəb yaşlı uşaqların bir oxucu kimi zövqünü oxşayan və bədii təfəkkürünü zənginləşdirən hissələr var. Dünya ədəbiyyatında V.Hüqonun Qavroşu (“Səfillər”), Azərbaycan ədəbiyyatında Mir Cəlalın Baharı (“Bir gəncin manifesti”) təkcə yaşlı nəslin mütaliəsevərlərini deyil, uşaqları da düşündürür, narahat edir. Yaxşı yazılmış əsər yaş qrupu hədlərini aşa bilir, bütün oxucu təbəqələri üçün eyni dərəcədə maraqlı görünür.
Sovet dönəmində kiçik yaşlı məktəblilər üçün “Göyərçin” adlı jurnal, orta yaşlı məktəblilər üçün “Azərbaycan pioneri” adlı qəzet çap olunurdu və bu mətbu orqanlarda uşaqlar üçün yazılmış hekayələr, şeirlər işıq üzü görürdü. Respublikada uşaq ədəbiyyatını kütləvi tirajla müntəzəm çap edən “Uşaqgəncnəşr” adlı bir nəşriyyat fəaliyyət göstərirdi, müəlliflərə də yüksək qonorar verirdi. Bunlar artıq keçmişdə qalıb.
Etiraf etmək lazımdır ki, çağdaş uşaq ədəbiyyatı ilə bağlı ciddi problemlər yaşanır. Bunun başlıca səbəblərindən biri yaradılan bədii əsərlərin uşaqların maraq dairəsindən aşağı səviyyədə olması ilə bağlıdır. Digər səbəbi uşaq maraqlarının şaxələnməsi, texniki inkişafın, xüsusən televiziyanın, internet məkanının, sosial şəbəkələrin körpələrin və yeniyetmələrin diqqətini özünə bağlamasıdır. Mobil telefondan ayrılmayan uşağın maraq dairəsi yaradılan çağdaş uşaq ədəbiyyatı nümunələrindən qat-qat yüksəkdir. Hələ də rəvayət şəkilli, nağılvari, əhvalat tipli əsərlər yaradılır ki, bunlar da uşağın diqqətini özünə bağlaya bilmir. Ən fəal məktəbli oxucu artıq ədəbi nümunələri internetdən əldə etmək istəyir. Azərbaycanda isə bu sahədə görülən işlər olduqca aşağı səviyyədədir. Əlbəttə, fərdi qaydada saytlar yaradıb, uşaqlar üçün səsli və görüntülü ədəbi aura yaradanlar var, lakin bu tipli internet inkanları çağdaş uşaq ədəbiyyatını tam əhatə edə bilmir. İradə Aytelin öz şəxsi təşəbbüsü ilə səsləndirdiyi hekayə və şeirlərin dəstəklənməsinə, bu işə peşəkar aktyorların cəlb edilməsinə ehtiyac duyulur. Ədəbi prosesin, xüsusən uşaq ədəbiyyatının internet məkanında tezliklə yer alması hələ ki, mümkün deyil. Bu da uşaq oxucuların bədii təfəkkürdən uzaq düşməsinə şərait yaradır. Texniki inkişaf baxış bucağını dəyişib, indi kiçik yaşlı oxucunu ədəbiyyatın ayağına gətirmək çətinləşib, buna görə də ədəbiyyatı kiçik yaşlı oxucunun ayağına aparmaq lazım gəlir. Əlbəttə, bu fikri qəbul etmək bir qədər çətindir, amma başqa yol yoxdur, reallıq, həm də texniki inkişafla bağlı reallıq bunu tələb edir.
Gəlin, orta məktəbin “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliklərinə fikir verək. Kurikuluma əsaslanan dərsliklər bu sahədə irəlidə gedən xalqların dillərindən tərcümə olunduğundan müəlliflər özlərini əziyyətə salıb verilmiş ədəbi nümunəyə qarşılıq olaraq Azəırbaycan şair və yazıçılarının əsərlərini çıxarmamış, çevirməyə (tərcüməyə) üstünlük vermişlər. Bu da ibtidai siniflərdə mürəkkəb, Azərbaycan məktəblisi üçün çətin anlaşılan mətnlərin yer almasına gətirib çıxarmışdır. Beşinci sinif “Ədəbiyyat” dərsliyində Şimali Amerika əfsanəsi, özbək nağılı, C.Londonun, M.Tvenin əsərləri əsas mətnlər kimi verilmişdir, halbuki bu əsərlər sinifdənxaric oxu materialı kimi təqdim edilməlidir. Bu cür mətnlərin yerinə çağdaş və klassik Azərbaycan yazıçılarının əsərləri gətirilməlidir. Yeri gəlmişkən, bir təklifimi də deyim: Təhsil Nazirliyi həm ibtidai siniflər, həm də orta yaşlı şagirdlər üçün özündə xeyli bədii əsəri cəmləşdirən sinifdənxaric oxu vəsiti nəşr etməlidir ki, kitabxanalarda tapılmayan uşaq ədəbiyyatı nümunələri kiçik yaşlı oxucular üçün əlçatan olsun!
İndi kiçik yaşlı oxucular üçün ədəbi nümunələr az yazılır, amma bu azın içində elə hekayə və şeirlər vardır ki, onlar doğrudan da dərsliklərə salınmalı nümunələrdir. Ədəbi mühitdə az tanınmasına baxmayaraq, uşaqlar üçün yazılmış gözəl hekayə və şeir müəlliflərindən biri bölgədə, Cəlilabad rayonunda yaşayan Cəbrail Həşimovdur.
Cəbrail Həşimov 04 iyun 1959-cu ildə anadan olub, Bakı Dövlət Universitetini bitirib və Cəlilabad rayonundakı Üçtəpə kənd 2 nömrəli tam orta məktəbdə müəllim işləyir. Bu qısa kimlik məlumatı əslində onun haqqında çox şey deyir. Cəbrail müəllim bölgədə ucqar bir kənddə yaşayır. Kənd isə ədəbi fəaliyyət üçün imkansız bir məkandır. Ədəbi mühitdə layiqli yerini tutmaq üçün bölgə əlverişli şərait yaratmır. Söhbət mətbuatı olmayan bölgədən gedir. Ədəbi mühitə yeganə çıxış internet və sosial şəbəkələr vasitəsi mümkündür. Cəbrail müəllim də yazdıqlarını bu məkanda yayımlayır. Amma onun yaradıcılığına diqqət çəkməyin məqamı artıq yetişmişdir. O, təkcə yaşlı nəsil üçün yazmır, uşaqların da bədii təfəkkürünün inkişafı qayğısına qalır. Uşaqlar üçün yazdığı hekayə, təmsil və şeirlərlə tanış olduqca, Cəbrail Həşimovun müraciət etdiyi janrlarda kamil nümunələr yaratmasının şahidi oluruq. Bu cür əsərlərə kiçik yaşlı oxucuların böyük ehtiyacı var. Oxucu Cəbrail Həşimov yaradıcılığı ilə tanış olduqca, onun qələminin qüdrətini daha yaxşı anlayır. Onun elə təmsilləri var ki, nəinki uşaqları əyləndirir, hətta böyükləri dərin düşüncələrə qərq edir. Təmsil, alleqoriya reallığın astar üzünü, əslində həqiqəti təsvir edir. Birbaşa deyilməsi mümkün olmayan fikrin Ezop dili sayılan təmsil Cəbrail Həşimovun qələmində yeni imkanları ilə təzahür edir. Bu həqiqəti görmək üçün həmin hekayətləri, təmsilləri və şeirləri oxumaq kifayətdir, belə bədii yazılar arif oxucu üçün “işarə” simvolu rolunu oynayır.
Cəbrail Həşimovu oxuculara yaxından tanıtmaq üçün onun “Kimin Vətəni gözəldir” (2021) adlı ilk kitabında getmiş yazılarına diqqət çəkmək istəyirəm. kitabda verilmiş “Hörümçək və Milçək” adlı hekayə iki ac həşəratın haqqında olsa da, burada ibrətamiz bir nəticə var: Səndən asıl olan, yəni sənin varlığına möhtac olan varsa, öz həyatınla risq etməyə, təhlükəli hərəkətlərə yol vermək olmaz! “Konsert” hekayəsində də oxşar hadisədən danışılır: “Meşədə konsert verilirdi. Hökmdar şir hündür bir yerdə oturub təkəbbürlə ətrafı süzürdü. Yan-yörəsində vəzir-vəkili: pələnglər, bəbirlər və ayılar əlləri sinələrində əmrə müntəzir idilər. Başının üstündə qartallar və qızılquşlar qanadlarını açıb dayanmışdılar. Onlar hökmdarın üstünə kölgə salır, hərdən qanadlarını ahəstə-ahəstə yellədərək ona sərinlik verirdilər. Aşağıda rəiyyət dayanmışdı. Marallar, ceyranlar, dovşanlar, dələlər, zürafələr, tısbağalar, çəyirtkələr qorxa-qorxa bir-birlərinə qısılıb dayanmışdılar. Onlardan irəlidə xırda məmurlar: tülkülər, çaqqallar, canavarlar, porsuqlar, kaftarlar, goreşənlər gəzişir, rəiyyəti sakitliyə çağırır, sözə qulaq asmayan və ya qorxusundan çaşıb səs salan heyvan və quşları yerindəcə cəzalandırırdılar. Cəza isə parçalanıb yeyilməkdən ibarət idi”.
Konsert davam edir, “müğənnilər” – ala qarğa, bayquş, çaqqal, uzunboğaz qaz gözəl səsləri ilə hökmdarın özü, arvadı, atası, anası, qardaşı, bacısı, qayınatası, qayınanası və bütün nəsil-nəcabəti haqqında mahnılar oxuyurlar. Tamaşaçıların sayı get-gedə azalır, çünki əl çalmayanları canavarlar və tülkülər parçalayıb yeyirlər. Təbiətin gözəlliyindən oxuyan Bülbül hökmdarı tərifləmədiyinə görə digər heyvanlar tərəfindən məhv edilir.
“Turuquşunun şahlığı”, “Dəyişməyən Qarğa”, “İnək və donuz”, “Boz Qurd”, “Bülbül və Qoyun”, “Kimin Vətəni gözəldir”, “Aclıq”, “Hər işə qarışan Məstan”, “Qarğa və kəklik”, “Toplan”, “Sarıdimdik”, “Sərçə və Qarğa”, “Üç meymun”, “Öküz və Quzu” hekayətləri təmsil janrının ən gözəl nümunələridir. “Kiçik təmsillər”də daha çox komiklik, yığcamlıq aparıcıdır. Bu təmsillərdə taxta, mişar, stul, mismar, sərinkeş kimi obrazlar insan xarakterlərini ifadə edir. Həmçinin kirpi, qartal, milçək, dovşan, tülkü heyvan və quş obrazlarının xarakterik xüsusiyyətləri kiçik dialoqlar vasitəsi ilə açılır. Əslində bu təmsilləri “heyvanların lətifələri” də adlandırmaq olar. Məsələn, Dovşanla Tülkünün dialoquna baxaq: “Dovşan tülküyə lağ edərək dedi:
-Bu nə addır e sənə qoyublar? Tülkü… Fərli-başlı bir ad tapa bilmədilərmi qoyalar? Hər yerdə lağa qoyulursan. İnsanlar səni bicliyin, hiyləgərliyin, çoxbilmişliyin simvoluna çeviriblər artıq.
Tülkü halını pozmadan cavab verdi:
-Dovşan olub qorxaqlığın simvoluna çevrilməkdənsə, tülkü olub çoxbilmişliyin simvoluna çevrilmək yaxşıdır, əzizim”.
Cansız əşyaların da dialoqu maraqlıdır: “-Səndə heç insaf yoxdurmu? –deyə mismar ağlamsınaraq çəkicə altdan yuxarı baxdı.
-Niyə, nə etmişəm ki mən sənə? –deyə çəkic təəccüblə soruşdu.
-Daha nə edəcəksən ki? Təpəmə bu cür güclü zərbələr vurursan, heç yazığın da gəlmir, -dedi mismar.
Çəkic dinmədi. Bir az fikirləşdikdən sonra dedi:
-Əslində, yazıq mənəm. Çünki sənə iki-üç zərbə vurandan sonra canın qurtarır, daha heç kimin səninlə işi olmur, qalırsan yerində. Mən isə gündə sənin kimi yüzlərlə mismarın hər birinə neçə zərbə vururam. Nəzərə al ki, bu zərbələri başımla vururam ha!”
“Pələng” hekayəsində isə söhbət pələngdən deyil, Pələng adlı itdən gedir. “Ördək balaları” da ibrətamiz hekayədir. Toyuq kürt düşür, yumurtasının ikisi ördəyin idi, bala çıxarandan sonra axar suyun sahilində gəzişir. Birdən ördək balaları suya girib üzməyə başlayır. Bu hərəkətə Toyuq narahat olur, onların boğulacağından ehtiyat edir. Onun qaldırdığı hay-küyə yığışan digər quşlar suda üzən ördək balalarına baxıb, sakitcə çıxıb gedirlər: “Hamı dağılışdı. Ördək balalarının isə baş verənlərdən xəbərləri belə yox idi. Onlar hələ də suda üzməkdə davam edirdilər”.
“Bir manat”, “Şahın turacı”, “Xilaskar qızcığaz” adlı yazılar rəvayətşəkilli hekayələrdir. Cəbrayıl Həşimovun kiçik yaşlı uşaqlar üçün qələmə aldığı “Qış”, “Sərçələr”, “Sevgi və hiyləgərlik” təmsilləri heyvan obrazlarının insan xarakterləri ilə qarşılaşdırılması üzərində qurulmuşdur. Tülkü (əslində tülkü xislətli insan) hiyləgərdir, Dovşan (əslində dovşan xislətli insan) qorxaqdır və sair.
Cəbrail Həşimovun “Suallar”ı da düşündürücü və öyrədici mətndən ibarətdir. Nəvənin babasına sualından və babanın nəvəsinə cavabından bir parçaya diqqət yetirsək, müəllifin fikirlərini bu şəkildə qələmə almasının da səbəbi bizə aydın olar:
-Baba, ermənilər bizdən nə istəyir?
-Torpaq istəyirlər, gözəl qızım?
-Bəs onların özlərinin torpağı yoxdurmu?
-Var, qızım, var torpaqları, amma, görünür, yenə də istəyirlər.
-Bəs biz niyə vermirik onlara torpaq, nə olar, bir az verək də, yazıqdırlar axı.
-Torpaqdan pay olmaz, gözəl qızım! Hər bir şeydən olar, amma torpaqdan olmaz. Çünki torpaq müqəddəsdir. Babalarımızın qanı tökülüb o torpağa.
Cəbrail Həşimovun uşaqlar üçün, daha doğrusu, öz şagirdləri üçün yazdığı şeirlər də maraqlı mövzulardadır. “Mənim şagirdlərim” şeirində özünü qocaman çinara, şagirdlərini isə pöhrələrə bənzədir:
Durmuşam qocaman bir çinar kimi,
Şagirdlər pöhrəmdir, qol-budağımdır.
Bu gün gördüyünüz məktəb həyəti
Mənim gülüstanım, güllü bağımdır.
Mənzum təmsillər, deyişmələr, hətta sərbəst və əruz vəznində olan şeirlər də sadə bir dildə, düşündürücü, narahatedici mövzularda qələmə alınmışdır. “Tutuquşu”, “Ayı”, “Canavar”, “Tülkü”, “Xədicə və Hörümçək” mənzum təmsilləri nəsrlə qələmə alınmış təmsillərdən yığcamlığı, konkretliyi ilə fərqlənir. “Qış”, ”Qar yağır”, “Bahar gəlir”, “Bahar bayramı” kimi uşaq şeirləri kiçik yaşlı şagirdlərə ətraf aləmi, təbiəti, təbiət hadisələrinin əlamətlərini tanıdır. Bəzi şeir formaları var ki, onları “şəkli gəzişmələr” də adlandırmaq olar. Müəllifin “akrostix” adlandırdığı “Amid” və “Rüqəyyam” şeirləri bu qəbildəndir. Şeirlərin misralarının başlanğıcındakı hərflər sonda bir adı bildirir.
“Amid” şeirındə:
Adın bilmək istədim bu göyçək oğlanın mən,
Min cürə dillər töküb, soruşdum lap özündən.
İnciməyib söylədi, əgər bilmək istəsən,
Durma, baş hərfləri oxu, onda bilərsən.
“Rüqəyyam” şeirində;
Rəhm eləyib Allahım bir nəvə vermiş bizə,
Üstümüzə gün doğub, nur saçılıb evmizə.
Qəlblərimiz açıldı, döndü evim gülşənə,
Əllərimiz göydədir, şükürlər olsun sənə.
Yazdı onun taleyin sağ tərəfə mələklər,
Yaydı adın dünyaya dalğalanan küləklər.
Adın bilmək istəsə, bu körpənin bir nəfər,
Məlum olar, oxunsa, başda gələn hərflər.
“Müəllim və valideyn” deyişməsi Sabiranə üslubda yazılıbsa, “Ayların söhbəti”, “Yekəqarın və Armudboğaz” deyişmələri öyrədici xarakterdədir. “Ana dilim” şeiri sərbəst vəzndə yazılsa da, ruhu oxucuya bayatı qədər, layla qədər doğmadır:
Ana dilim!
Əsrlərin qaynağından
zərrə-zərrə, damla-damla
süzüb keçən.
Ana dilim!
Füzulinin, Nəsiminin
bal dilindən şərbət içən.
Ana dilim!
Dədəm Qorqud qopuzunu çala-çala,
nəğmə deyib
bax bu dildə.
Şah Xətayim qılıncını çala-çala
bir səltənət
qurub gedib
bax bu dildə.
Hekayələrdəki, nəsrlə və nəzmlə qələmə alınmış təmsillərdəki rəngarənglik Cəbrail Həşimovun yaradıcılıq imkanlarının genişliyindən soraq verir. Amma etiraf edim ki, Cəbrail Həşimovun qələmindən çıxan bütün yazılar şedevr deyil. Bu yazılar ona görə maraqlıdır ki, onların poetik strukturu folklordangəlmə olsa da, mövzusu aktualdır.
Uşaqlar üçün yazılmış hekayətlər, təmsillər və şeirlər Cəbrail Həşimovun ədəbi fəaliyyətinin bir qismini təşkil edir. Belə bir məsəl var, dəniz suyunun acı, yoxsa şirin olduğunu bilmək üçün bir qurtum dadmaq kifayətdir. Şübhəsiz, Cəbrail Həşimovun təqdim olunan əsərləri oxucularda onun yaradıcılıq dünyasına marağı gücləndirəcək. Bu isə onun oxucu qarşısında yazıçı kimi, şair kimi məsuliyyətini artırır.
Cəbrail Həşimov “Mənim yolum” adlı sayca ikinci kitabında toplanmış şeirlər, hekayələr və publisistik yazılarda ilk kitabındakı ənənəyə sadiq qalır. Təqdim olunan şeirlərdə həyat fəlsəfəsi poetik şəkildə çözülür, bəzən oxucu alleqorik bir mühitə düşür, insan xarakterlərini təmsil edən heyvan obrazları ilə üz-üzə, baş-başa qalır.
“Bülbül və ovçu” lirik üslubda yazılmış epik təmsildir. Həcminə və süjet xəttinə görə bu bədii nümunəni poema da adlandırmaq olar. “Güzgü” şeiri təəssüratdırsa, “Ana” şeiri nostalji hisslər üzərində qurulub. “Yaz gəlib” şeiri təbiət lövhəsidir, “Mənim şagirdlərim” şeiri yaşantıdır. Cəbrail Həşimovun bütün şeirlərini bu şəkildə xarakterizə etmək olar. Amma onun qələmindən çıxan nəzm parçaları şəkil rəngarəngliyi ilə fərqlənir və hər bir şeir fərqli yanaşma tələb edir. Şübhəsiz, Cəbrail Həşimov nədən yazırsa yazsın, bu yazılar onun şəxsi yaşantılarının təzahürü kimi meydana çıxır, necə deyərlər, bütün bədii əsərləri onun poetik tərcümeyi-halıdır, kimliyidir. Bunu “Ağı” şeirindən aldığımız təəssüratda daha yaxşı görürük:
Qoyub qabağıma cənazəmi,
Doyunca ağlamaq istəyirəm.
Yığıb tökdüyüm göz yaşlarımı
Ovcumda saxlamaq istəyirəm.
Təkcə mənə layiq olan ağıları
Yalnız özüm deyərəm ürəkdən.
Mən özüm üçün heç sızlamaram,
Qıy vurub hönkürərəm lap bərkdən.
Mənə məndən başqa heç kim bu cür
Ürəkdən ağlaya bilməz, əlbət.
Nə də tökdüyü göz yaşlarını
Ovcunda saxlaya bilməz, əlbət.
Folklora dərindən bələdliyi onun digər yazılaarında da təzahür edir. İstər janr seçimində, istər də obraz təyinatında, istərsə də ifadə gözəlliyində folklorun təsirini hiss etməmək mümkün deeyil. Lakin folklordan bəhrələnmə müəllifi müasirlikdən salmır, əksinə, çağdaş oxucunu düşündürən mövzular ədəbi gündəmə gətirilir. Bunu onun şeirlərinin janr çalarında da görmək mümkündür. Qoşma xalq şeirindən, aşıq ədəbiyyatından gələn janrdır və Cəbrail Həşimovun qələmində çoxəsrlik qoşma janrı klassik formasını çağdaş qəhrəmanın yaşantıları ilə bağlayır:
Küsdürüb, sonra da könlümü alan,
Qıyma saçlarıma ağarsın getsin.
Qoyma qara gözlər dolsun yaş ilə,
Qəmindən rüxsarım saralsın getsin.
Gözlərin bir cəllad – durub qəsdimə,
Söylə, bu nə arzu, nə həvəsdi, nə?
Bu sevgi, bu istək bəs əbəsdi, nə?
Ağlımı başımdan aparsın getsin.
Könlüm qırıq sazdır, qırma tək simi,
Bulaq gözlərində saxla əksimi.
Ox at kirpiyinlə, dağıt köksümü,
Öldür Cəbraili, qutarsın getsin.
“Mənim yolum” şeirində sərbəstliyə meyil hiss olunur, amma vahid ölçülü qafiyələnən misralar və ahəngdarlıq bu nəzm parçasını heca vəznli şeirə çevirir:
Qatıb qabağına tale məni
aparır sonuma doğru.
Mənim yolumsa gedir həyatda
tutduğum yoluma doğru.
Nədir o yol belə çəkir məni,
qoymur gedəm öz yolumla?
Bir şair taleyidir, dayanmır,
aparır məni söz yolumla.
Sözlər bir yəhərli köhlən kimi
çapır, çapır hey dayanmır.
Taleyimsə bax, xəyala dalıb,
yatır, yatır, heç oyanmır.
“Pəncərə” şeirində isə sərbəstliyin gözəl nümunəsi ilə tanış oluruq, bu sərbəst misralar oxucunu düşündürə-düşündürə çəkib poetik yekuna aparır:
Bu binanın gör neçə pəncərəsi var,
Hər pəncərənin də özünün
bir mənzərəsi var.
Birindən baxırsan, dağ görünür,
Birindən baxırsan, bağ görünür.
Biri baxır cənuba, biri şimala.
Birindən də bir cüt qara göz
səhər-axşam dikilir yola.
Kimi gözlər
bu qara gözlər?
Kimdən ötrü yola baxır?
Görəsən, kimdən ötrü darıxır?..
Cəbrail Həşimovun bir şair kimi ən yaxşı qabiliyyəti əruz vəznində yazılmış nümunələrdə üzə çıxır. Açığını deyim, çağdaş ədəbi cameədə əruzun sirlərini Cəbrail Həşimov kimi bilən tək-tək şair var. Cəbrail Həşimov əruzun bəhrini, bu bəhrin tələblərinə uyğun mövzunu düzgün seçir, məzmunla ritmi tamamlaya bilir. Sabir üslubunda yazdığı “Səri” şeirində olduğu kimi:
Ay dədə, mən neyləyirəm elm, ədəb,
Çantalı hər kim görürəm, qorxuram.
Dəftəri bax höccələyib qanmağa
Çatmadı səbrim, görürəm, qorxuram.
Salma yada gəl yenə sən məktəbi,
Məktəb adın sil, görürəm, qorxuram…
Rəcəz, rəməl, münsərih, həzəc və başqa bəhrlərdə olan qəzəl və qəsidələr klassik janrın çağdaş mövzulu nümunələridir. Sabirə, Nəbatiyə, Şəhriyara, Baba Pünhana yazılmış nəzirələr və bənzətmələr, əslində, çağdaş mövzulara calaq edilmiş şeirlərdir. Rəməl bəhrində yazılmış qəzəllərdən təkcə birini nəzərdən keçirdikdə, Cəbrail Həşimov “klassizminin” qüdrətini görmək mümkündür:
Sevdiyim ol məhcəmalın yox tayı bir danədir,
Bənzəməz heç kəs ona, hətta mələk əfsanədir.
Can alandır gözləri, qoymaz gecə rahət yatım,
Bir çıraqdır, nur saçır, canım ona pərvanədir.
Görməsəm tək bircə gün, ağlım gedər başdan mənim,
Onsuz aləmlər mənə gör bir necə viranədir.
Yarə açdım qəlbimi, gördüm o da sevmiş məni,
Mən ona bir sevgili yar, ol mənə canənədir.
Qoy eşitsin Cəbrailin sözlərin namərd rəqib,
Yoxdur heç qorxum mənim, çünki sözüm mərdanədir.
Bu qəzəl isə münsərih bəhrindədir:
Gözlərin almış məni, dustaq edib zindana,
Bunca əzab eyləmə, sən bu sənə heyrana.
Ağlımı almış mənim, başdan edib sözlərin,
Bənzəyir ol gözlərin bir dəlisov ceyrana.
Dərdimi heç bilməyir, etina etmir mənə,
Sözlərimi dinləmir, göndərirəm canana.
Amma onun işvəsi can evimi yandırır,
Bircə nəzər salmayır, baxsa da hər bir yana.
Sözlərimi düzmüşəm inci kimi saplara,
Cəbrailə rəhm elə, döndü ciyərlər qana.
Cəbrail Həşimovun vətənpərvərlik mövzusunda olan şeirləri də ətraflı öyrənilməyə və araşdırılmağa layıqdir. Onun “Vur, komandir, vur”, “Vətənimə borcluyam” kimi şeirləri oxucularda emosional ovqat yaradır. “Orxanım” adlı kiçik poema isə Cəbrail müəllimin şagirdi olmuş şəhid Orxan Paşazadənin həyat və döyüş yolu haqqındadır. Onun bir çox şeirləri isə neqativ streotipləri dağıdır. Məsələn, “Yeddi sual, yeddi cavab” şeirində müəllif hazırcavablıq nümunəsi yaradır:
-Haralısan, a qardaşım?
-Bu dünyadan.
-Adın nədir?
-Bir insan.
-Söylə, kimin fərzəndisən?
-Mən atamın oğluyam.
-Bu dünyada sən nə qədər
ömr etmisən, ey insan?
-Bu günədək yaşayıram
mən anadan olandan.
-Söylə görüm, nə edirsən,
sən nə işlə məşğulsan?
-Mən də elə hamı kimi
ömr edərəm, yaşaram.
-Yaşamaqçün hamı kimi
nə içir, nə yeyirsən?
-Mən ömrümü xərcləyirəm,
dolanıram onunla.
-Bəs de görüm, bu dünyada
sənin böyük arzun var?
-Heç arzusuz insan varmı?
Mən də elə bu sayaq
istəyirəm hamı kimi
ölənədək yaşamaq.
Şairin bir an da cilovda dayanmayan söz atı ağzı köpüklənən kəhərə bənzəyir. Şeiri gələcəkdən xəbər gətirən işıqlı, nurlu bir səhərə bənzəyir. Bu şeirlər onun qəlbinin odudur, sözləri isə arzularının qanadlarıdır. Buna görə də şair iddia edir ki, onun şeirləri sabah üçündür bağlasan da dünəndə qalmır. Cəbrail Həşimovun ədəbi kredosu onun şəxsiyyətini tamamlayır:
Mən sözün düzünü deyirəm hər an.
Mənim saf amalım, doğru sözüm var.
Hamının yanında ucadır başım,
Hamının yanında açıq üzüm var.
Şeirləri kimi hekayələri də narahatedici mövzulardadır. “Balaban”, “Mən ölmüşəm, yaxud rusca məhəbbət”, “Qurban kişinin əsiri”, “Düşmənlər”, “İt və insan”, “Kənd şairinin bir günü”, “Üsyan”, “Son öpüş”, “Fanatlar”, “Leyla”, “Dialoq”, “Adsız hekayə”, “Keçmişə səfər”, “Elçilik”, “Telefon zəngi” hekayələri Qarabağ müharibəsi, sevgi hissləri, həyat reallığı, arzular dünyası kimi aparıcı mövzular üzərində qurulmuşdur. Bu hekayələrin bəziləri əhatə dairəsinə görə balaca romanı, bəziləri isə çoxşaxəli süjetləri olan piovestləri xatırladır. Obrazların xarakterik xüsusiyyətləri canlı təsvir olunur, hətta dialoqlar və monoloqlar obrazların daxili aləmini açmağa hesablanır.
Cəbrail Həşimovun nəsr dili zəngindir, axıcıdır, oxunaqlıdır.
Kitabın üçüncü bölümü müəllifin publisistik düşüncələrindən ibarətdir. “Bekarçılıqdan” adlı bu bölümdə məqalələr, publisistik qeydlər, hətta bir cümlədən ibarət müstəqil fikirlər yer almışdır.
Bir çox publisistik qeydlər Cəbrail Həşimovun Facebook social şəbəkəsindəki səhifəsində gedən düşünməcələrindən (statuslarından) ibarətdir. Social şəbəkədə qaldırdığı məsələlər yüksək ixtisaslı bir müəllim kimi müəllifin pedaqoji, ictimai, siyasi və publisistik fikirlərini ifadə edir. Bu problemlər yaşadığımız cəmiyyəti narahat edən müxtəlif mövzulardadır. Onların içərisində pedaqoji mahiyyətli yazılar daha uğurlu alınmışdır. Cəbrail Həşimovun məqalələri də maraqlıdır. Bunların içərisində “Mənim atam” və “Mənim anam” yazıları avtobioqrafik xarakter daşıyır. “Bizim malokanlar” tipli yazılar isə tarixi mövzudadır. Bölgənin dialekti ilə bağlı fikirlər də maraqlı və inadırıcıdır. Müəllifin folklora dair yazıları da var. “Quyruq doğdu”, yoxsa “quyruq dondu” başlığı altında verilmiş yazıda bir xalq təqvimi ilə bağlı hadisəyə aydınlıq gətirilir. Cəbrail Həşimovun təqdim etdiyi bölgə lətifələri də maraqlı folklor nümunələridir. Müdriklərin fikirləri, həmçinin şagirdlərinin Cəbrail müəllim haqqında rəyləri publisistik düşüncələrin sırasında yer almışdır.
Qədəmin mübarək, Cəbrail Həşimov, sən ədəbi mühitin qapısını kamil qələm təcrübələrinlə döyürsən! Oxucunun bu uğurlu addımın davamını ummağa haqqı var!
Bilal Alarlı HÜSEYNOV,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl Qələm” Media mükafatı laureatı,
filologiya üzrə fəlsəfə doktoru,
Prezident təqaüdçüsü