Təranə MUSAYEVA
Keçən ilin bu günü (31 avqust 2021) idi. İstanbulda Gülhanə parkında bir skamyada oturmuşdum. Bir yanımda yenicə ziyarət etdiyim M. K. Atatürkün büstü, bir yanımda Nazim Hikmətin ceviz ağacının olduğu yer. Parkın girəcəyindən aldığım qaynar qarğadalını əlimlə dənələyib keyflə yeyirdim ki bir az irəlidəki oarkın içərilərinə gedən yolla irəliləyən bir adamın yerlilərdən fərdli səliqəli geyimi nəzərimi cəlb etdi.
Qolları yuxarı qatlanmış çəhrayı köynəyi, kül rəngli şalvarı və elə o rənglərdə ayaqqabı geyinmiş birisi həsrət, acgözlük və maraqla ərafına baxaraq yavaş addımlarla irəliləyirdi. Mən istər-istəməz onlarla adamın içində onu izlərkən onun da nəzəri mənə ilişdi və xatırlaylrmış kimi diqqətlə baxdı. Uzaq da olsa nəzərlərimiz bir anlıq toqquşanda adamda bir doğmalıq hiss etdim. Türkiyə bizimdi, vətənimizdi, olsun, amma doğma kimsən olmayan yer qürbətdi – bir mənalı şəkildə. Və mən bu qürbətdə o adamın baxışı ilə doğmalıq əhatəsinə düşdüm bir anlıq.
Məni gördükdən sonra addımlarının ahəngi dəyişmiş adam getdiyi yöndən qətiyyətli addımlarla geri dönüb birbaşa qarşıma dikildi:
– Azeri misin, hanım efendi?! – deyə soruşanda mən artıq onu tanımışdım!
– Bəli, azərbaycanlıyam,……. – deyib adı və soyadı ilə ona müraciət edəndə ürəkdən gülümsündü.
Bəli, məhz ürəkdən gülümsündü. Üzündə xoşbəxt günəş parladı. “Xoşbəxt günəş” necə olur, deyib soruşmayın, çünki boynuma alıram ki, izah edə bilməyəcəm! O anda o insanı görməniz lazımdı ki, bu ifadəni doğru işlətdiyimi biləsiz.
Mən də sevinmişdim onu görəndə. Azərbaycanda yaxından tanış olmasaq da burda – doğma Türkiyədə bir anda doğma olmuşduq. Heç vaxt söhbət etmədiyim bu insanla o qədər edilməli söhbətlər yarandı ki…
– Burda niyə dayanmışıq, gedək bir yerdə oturaq həm çay içək, həm də söhbətlərimizi edək – deyə təklif edəndə mən onun pul xərcləməsini istəmədiyimdən etiraz elədim. Etirazımı sonadək etməmiş o heyrətlə dedi:
– Təranə Musayeva, sizi görməmiş başına qəribə bir iş gəldi, bilirsizmi… Atatürkün büstünün qarşısında dayanıb içimdən onunla söhbət edirdim ki, gözümə birdən yan tərəfdəki kolların arasındakı rəngarəng kağız dəydi. Yaxınlaşıb baxanda bunun 200 tl olduğunu gördüm. O an ürəyimdə Atamıza minnət yarandı. Az sonra da sizi gördüm. Bu pulu-bərəkəti atamız bizimçün göndərib ki Azərbaycanın Türkiyəyə qonaq gəlmiş iki övladı gedib çay içsinlər.
Artıq birlikdə çay içməyə etiraza etməyə yer qalmamışdı. Bütün Azərbaycanın düzlüyünə, dürüstlüyünə heyrətləndiyi bu adam ‘yalan’ danışırdı. Amma bu yalan o qədər xeyirxah yalan idi ki, eynən mənim o pul xərcləməsin deyə susuz olsam da “susuz deyiləm, çay içmək istəmirəm” dediyim məsum yalanım qədər!
…
O gün o məşhur və sevilən insanla keçirdiyim bir neçə saat ömrümə yazılan saatlar oldu.
“Gülhanə” parkından “Sultan Əhməd”, “Ayasofiya’ ordan tarixi yerlərlə dolu olan küçə ilə Aksaraya gedərkən məktəbli uşaqlar kimi idik, desəm yalan olmaz! Aksarayda körpünün altından keçəndən sonra balaca yaşıllığın içindəki daş parçasının üzərində oturub ayaqqabılarını soyunub yalın ayaqları ilə otların üzərinə basan adama kənardan baxan olsaydı onun müstəqil, azad Azərbaycanın sevilən və məşhur adamlarından biri olduğuna inana bilməzdi. Mən də bir zamanlar hökmlü, sərt, zəhmli biri kimi tanıdığlm bu insanın hələ də bir tərəfinin uşaq qalmasına heyrətlə tamaşa edirdim…
…
Kim olduqlarından, hansı vəzifəni daşıdıqlarından asılı olmadan insanların bir tərəfi heç böyümür, hep çocuk qalırmış…