“Azərbaycanda koronaya yoluxma sayının artmasını Britaniya ştammı ilə əlaqələndirmək doğru deyil”.
Müstəqil.Az xəbər verir ki, bunu ARB24-ün “Nə baş verir?” verilişinə müsahibəsində TƏBİB-in Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib.
O bildirib ki, hansı ştamm olmasından asılı olmayaraq insan təması yüksək olan yerlərdə yoluxma sayları artacaq:
“Koronavirusa yoluxan şəxs onun Britaniya ştammı olub-olmamasını özü müəyyənləşdirə bilməz. Vətəndaşa da onda hansı ştamm olması barədə məlumat verilmir. Ştamdan asılı olmayaq, müalicədə hansısa fərqlilik yoxdur. Tək fərq bu virusun yoluxuculuq qabiliyyəti daha yüksəkdir”.
Vasif Əliyev onu da qeyd edib ki, Britaniya ştammını uşaqlar ağır keçirəcək:
“Bundan başqa araşdırmalarda Britaniya ştammına yoluxan uşaqlar arasında ölüm nisbətinin yüksək, yoluxuculuq qabiliyyətinin isə 1.5 dəfə artıq olduğu bildirilir. Yuxarı yaş qrupu üçün isə bu ştammın ölüm nisbətində adi koronavirusla müqayisədə hər hansı fərq yoxdur”.
TƏBİB rəsmisi bildirib ki, məhdudiyyətlərlə bağlı ehtiyac yaranarsa, Nazirlər Kabineti yanında Operativ Qərargah öz təlimatını verəcək.