Birləşmiş Krallığın Beynəlxalq Ticarət Departamentinin İxracat üzrə naziri Qraham Stuart Azərbaycana səfərə gəlib. Bu barədə Qraham Stuart Tvitter hesabında yazıb.
“Sabahın xeyir, Bakı! Azərbaycanda səfərdəyəm, ticarət və iqtisadi əlaqələrimizin dərinləşməsini səbirsizliklə gözləyirəm”, – nazir qeyd edib.
Xatırladaq ki, Stuart Birləşmiş Krallıq Hökuməti və Azərbaycan Respublikasının Hökuməti arasında fəaliyyət göstərən Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasında iştirak etmək üçün Bakıya gəlib.
Britaniya səfirliyinin daha əvvəl yaydığı açıqlamaya görə, səfər zamanı bərpa olunan enerji sektorundakı əməkdaşlıq imkanları müzakirə ediləcək və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə və enerji keçidinə Birləşmiş Krallığın dəstəyi vurğulanacaq.
Azərbaycana ilk səfərində nazir Stuart, ölkə rəhbərliyilə görüşəcək, ikitərəfli əlaqələrin möhkəmləndirilməsini, habelə Birləşmiş Krallığın maliyyə, təhsil, İKT, səhiyyə və yaradıcılıq sektorlarında iqtisadiyyatı şaxələndirmək üçün Azərbaycana göstəriləcək dəstəyini müzakirə edəcək.
Səfər çərçivəsində Böyük Britaniya naziri, həmçinin iqtisadiyyatı şaxələndirmək üçün Azərbaycanla gələcək əməkdaşlığı və bərpa olunan enerjiyə keçidi müzakirə etmək məqsədilə Enerji, İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar və Ekologiya və Təbii Sərvətlər nazirləri ilə də görüşlər keçirəcək.
Müstəqil.Az