Avropa İttifaqının Xarici Əlaqələr Şurasının sessiyasında Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesi müzakirə olunacaq.
Müstəqil.Az xəbər verir ki, bu barədə Aİ-nin mətbuat xidməti məlumat yayıb.
“Mövcud məsələlər çərçivəsində yüksək səviyyəli nümayəndələrin Ermənistan və Azərbaycanın problemləri, bu iki ölkə arasında münasibətlərin normallaşması prosesi və Aİ-nin Ermənistana dəstəyi ilə bağlı məsələlərə toxunacağı gözlənilir”, – məlumatda deyilir.
Qeyd olunur ki, Xarici Əlaqələr Şurasının sessiyası bu gün Brüsseldə Aİ diplomatiyasının rəhbəri Josep Borrelin sədrliyi ilə keçiriləcək.
İclasın əvvəlində Avropa İttifaqının XİN rəhbərləri ABŞ dövlət katibi Entoni Blinkenlə onlayn şəkildə fikir mübadiləsi aparacaqlar.
Şura daha sonra Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə onlayn şəkildə müzakirələr aparacaq və Rusiyanın Ukraynaya təcavüzünü müzakirə edəcək.
Görüşdə Belarus və Yaxın Şərqdəki vəziyyətin də müzakirə olunacağı qeyd edilir.
Müstəqil.Az