Elçin Mirzəbəyli: “BTQ Rusiyanın özü üçün də alternativ imkanlar yaradır”
Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsinin Azərbaycan üçün iqtisadi dividentlərlə yanaşı, ciddi siyasi dividentlər də gətirəcəyi şübhəsizdir.
Ekspertlər bildirir ki, BTQ Azərbaycan neftini dünya bazarına daşıyan Bakı-Tiflis-Ceyhan kəmərindən sonra regionun ən böyük layihəsidir və Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan önəmlidir. Dəmir yolu vasitəsilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə etmiş oldu. Azərbaycanın ilk illərdə tranzitdən minimal illik gəlirinin 50 mln. dollar olacağı proqnozlaşdırılır. 838 km-lik tarixi İpək Yolunu canlandıracaq BTQ-nin 503 km-i Azərbaycan, 259 km-i Gürcüstan, 76 km-i isə Türkiyə ərazisindən keçir.
BTQ dəmir yolunun uğurlu fəaliyyəti ölkəmizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq. Bu layihə mədəni və sosial gəlişmələr də yaradacaq.
Politoloq Elçin Mirzəbəyli hesab edir ki, BTQ dəmir yolu xəttinin istifadəyə verilməsi Azərbaycanın tarixi uğuru olmaqla yanaşı, regional və qlobal nəqliyyat dəhlizlərinin şaxələndirilməsi və təhlükəsizliyi baxımından da olduqca mühüm əhəmiyyət kəsb edir.
E.Mirzəbəyli bildirdi ki, bütün dövrlərdə olduğu kimi, bu gün də nəqliyyat istənilən ölkənin, bütövlükdə isə dünyanın ağırlıq mərkəzidir. Geosiyasi proseslərin intensivləşdiyi, ziddiyyətlərin dərinləşdiyi zaman kəsiyində nəqliyyat dəhlizlərinin əhəmiyyəti daha da artır və onlar, sadəcə, yük daşınmaları üçün nəzərdə tutulan vasitə rolunu oynamırlar, həm də mühüm təhlükəsizlik, geosiyasi alət amilinə çevrilirlər: “Bu müstəvidə, Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin nə qədər strateji önəm daşıdığını söyləsək, düşünürəm ki, mübaliğəli görünməz.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən digər layihələr kimi, Bakı-Tiflis-Qars dəmir yolu xətti də ölkəmizlə yanaşı, digər region dövlətlərinin -Türkiyə və Gürcüstanın da geosiyasi önəmini artırır, eyni zamanda Mərkəzi Asiya ölkələrinin yalnız bir geosiyasi qütbdən asılı olmamalarına, real və təhlükəsiz alternativlər əldə etmələrinə imkan verir.
Əgər Bakı-Tiflis-Qars dəmir yolu xəttinin inşası ilə bağlı ilkin ideyaların səsləndirildiyi, müzakirələrin aparıldığı və layihənin həyata keçirilməsi ilə bağlı real addımların atıldığı zaman kəsiyinə diqqət etsək, bu müddət ərzində regionda və dünyada mühüm geosiyasi, geoiqtisadi dəyişikliklərin, qlobal maliyyə böhranlarının, kəskin qarşıdurmaların baş verdiyini nəzərə alsaq, Azərbaycanın bu layihənin həyata keçirilməsi üçün nə qədər böyük güc və enerji sərf etdiyini müəyyənləşdirə bilərik. Mübaliğəsiz şəkildə deyə bilərik ki, layihənin reallığa çevrilməsi məhz Azərbaycan prezidentinin siyasi iradəsi, qətiyyətli mövqeyi və böyük əməyi sayəsində mümkün olub”.
Bəs Rusiyadan yan keçən BTQ-yə regionun nəhəng dövləti olan Rusiyanın münasibəti necə olacaq?
Elçin Mirzəbəyli qeyd etdi ki, BTQ ayrıca nəqliyyat dəhlizi deyil. Layihənin unikallığı da bundadır. Əlverişli coğrafiya ən müxtəlif nəqliyyat dəhlizləri üçün daha öncə istifadə edilən məsafənin qısaldılmasına imkan yaradır. BTQ Astara-Rəşt dəmir yolu xətti başa çatdıqdan sonra həm də İranla Rusiyanın iştirakçı olduğu Şimal-Cənub nəqliyyat dəhlizinin çox önəmli bir hissəsinə çevriləcək. Odur ki, məsələyə BTQ-nin Rusiyadan yan keçməsi kontekstindən baxılmamalıdır: “Əksinə, BTQ Rusiyanın özü üçün də alternativ imkanlar yaradır. Məsələn, təkcə Panavropa nəqliyyat dəhlizinin 10 fərqli marşrutu var. Onlardan bir neçəsi həm Rusiya, həm də Ukrayna ərazisindən keçir. Rusiya ilə Ukrayna arasındakı böhran nəticəsində yükdaşınmalarında müəyyən problemlər yaranıb ki, bu da hər iki ölkə üçün müəyyən problemlər yaradır. Bu baxımdan, həm Rusiya, həm də Ukrayna BTQ-dən alternativ kimi istifadə edə bilər. Unutmaq lazım deyil ki, BTQ ilk növbədə əlverişli biznes layihəsididir və təbii ki, Azərbaycan, Türkiyə və Gürcüstanın tranzit ölkə kimi mövqelərini möhkəmləndirir. Layihə hansısa geosiyasi qütbün deyil, layihəni həyata keçirən ölkələrin və təbii ki, ilk növbədə Azərbaycanın maraqlarına xidmət edir”.