Bu adam iki min ildir yaltaqlanır…

Bu yaxınlarda bir tarixçi alimin başqa bir filoloq alim, müəllim haqqında yazısını oxudum və istər-istəməz uzun-uzun düşünməyə başladım. Filoloqun doğum günü idi, iki min yaşı tamam olurdu, tarixçi isə onu təxminən, bu sözlərlə təbrik eləmişdi: “Əziz filankəs müəllim, siz çox təlatümlü həyat yolu keçmisiniz, ancaq heç kimə boyun əyməmisiniz, sınmamısınız, hər zaman sözünü çəkinmədən demisiniz…”

Mən o filoloq alimi yaxşı tanıyıram, xarakterinə, mahiyyətinə bələdəm. Dünyaya eramızdan əvvəllər göz açıb, iki min ildir ki, yaltaqlana-yaltaqlana yaşayır. Allahın da ona gücü çatmır. Təsəvvür edin, Sasanilər Azərbaycanı istila eləyəndə onları ən birinci müdafiə eləyən bu adam olub, ərəblər gələndə isə onların tərəfinə keçib, monqollar Azərbaycana hücum eləyəndə onları birmənalı olaraq dəstəkləyib, sonra ruslar gəldi, onları da uğurladı, Qara Yusif, Uzun Həsən, Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas, Nadir şah, Ağa Məhəmməd şah Qacara da əl çalıb, Zubov Bakıya gələn kimi onun da qabağına birinci yüyürüb, Sisianov Bakıya qoşun çəkəndə yenə özünü qabağa verib, Azərbaycanın parçalanmasını da dəstəkləyib, bütövlüyünü də. Azərbaycan Xalq Cümhuriyyəti qurulanda deyib ki, nəhayət, müstəqilliyimizə qovuşduq, Cümhuriyyət süqut eləyəndə isə Lenini müdafiə eləməyə başlayıb, sosializim quruculuğunu bəşəriyyətin xilası kimi görüb və bunu ən yüksək tribunalardan dilə gətirib. Və ən sonda müstəqil Azərbaycan Respublikası yarananda yenidən sevinməyə başlayıb, Ayaz Mütəllibova, sonra Eçibəya, sonra Heydər Əliyevə peyğəmbər kimi baxıb. Və bütün bunlardan sonra isə təlaütümlü həyat yolu keçən görkəmli bir alim, heç kimə boyun əyməyən, sınmayan, hər zaman sözünü deyən bir insan kimi təqdim olunur. Adam yanıb tökülməzmi?

İki min illik ömrü kefin istəyən kimi yaşayasan, şimal küləyi kimi hər tərəfə əsəsən, ağa da əl çalasan, qaraya da, məqsəd isə ancaq və ancaq şəxsi mənafeyin ola, yaxşı dolanmağı, yaxşı yeyib-içməyi, yalnız qohum-əqrəbanın firavanlığını həyatının ən başlıca amalına çevirəsən, axırda isə adın heç kimə boyun əyməyən, sınmayan, həmişə həqiqəti deyən bir ziyalı kimi çəkilə. Ömürünü həqiqətən də, şərəflə, təlatümlərlə yaşayan adamlara baxıram, onlara yazığım gəlir. Dünya niyə bu qədər ədalətsizdir?

Söhbət təkcə adını çəkməyə-çəkməyə haqqında danışdığım filoloq alimdən getmir. Oxuduğum orta məktəbdə də, təhsil aldığım universitetdə də həmişə şərəfli müəllimlə şərəfsiz müəllimlərin adının bir sırada çəkildiyini görmüşəm. Və uşaq ağlımla fikirləşmişəm ki, görəsən, şərəfli olmaqla şərəfsiz olmağın fərqi nədir? Mənim orta məktəb illərim Misir Mərdanovun nazirlik dövrünə düşür. Bir də görürdüm ki, Təhsil Nazirliyindən 15-20 diplom gəldi, müəllimlər bir-bir təltif olundu. O diplomları kimlərə versələr yaxşıdır? 8 Mart, Novruz bayramlarında, müəllimlər günlərində iki ayağını bir başmağa dirəyib şagirdlərdən zorla pul yığan müəllimlərə. Özü də nəyə görə versələr yaxşıdır? Səmərəli fəaliyyətlərinə görə. O diplomlardan bir-ikisini isə ömürünü şərəflə, ləyaqətlə, aldığı quruca maaşdan başqa heç bir harama əli dəyməyən müəllimlərə də verirdilər. Onlara nəyə görə versələr yaxşıdır? Yenə də səmərəli fəaliyyətlərinə görə.

Burada Vaqif Səmədoğlunun bir yaxşı sözü yadıma düşür: “Halal çörək də, haram çörək də eyni dükanda satılır”. Doğrudan da, ömürü halal yaşamağın heç bir mənası yoxdur. Adamlar özlərini elə aparırlar ki, elə bil bu məmləkətdə mən yaltaq olmuşam; hamının qarşısında boyun əyən, qapısında qul olan, sınan, şərəfini, ləyaqətini itirən də ancaq mən olmuşam…

Share: