Heç sükan arxasına keçmədən İstanbuldan Londona quru yolu ilə iki ay sərf etmək istəyirsiniz?
“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, Hindistanın “Adventures Overland” ekspedisiya şirkəti bu səyahəti təşkil edəcək.
Avtobus avqust ayında yola düşəcək. 30-a qədər sərnişin üçün nəzərdə tutulan 56 günlük səyahət 22 ölkəni əhatə edəcək. Həmçinin sərnişinlər Türkiyənin ən böyük şəhərindən, Balkanlar, Şərqi Avropa, Skandinaviya və Qərbi Avropadan keçərək Böyük Britaniyanın paytaxtına gedə biləcəklər.
Finlandiya körfəzində bərə keçidi, kontinental Avropanın şimal nöqtəsi olan Şimali Capeyə (və ya Nordkapp) səfər və Norveç Fyordları boyunca kruiz – 12.000 kilometrlik səyahətin əsas hissələrinə aiddir.
Səyahətçilər 24,300 dollar ilə gündəlik səhər yeməyi, 30 nahar və şam yeməyi, eləcə də bütün otellərdə qalma (iki nəfərlik) imkanı qazanacaqlar.
Avtobusda iki ay səyahət etmək bəziləri üçün o qədər də cəlbedici görünməsə də, nəqliyyat vasitəsi uzaq məsafələrə rahat səyahət üçün nəzərdə tutulmuş xüsusi lüks avtobus kimi təsvir edilir.
Londona gedən avtobus avqustun 7-də İstanbuldan yola düşəcək və oktyabrın 1-də Londona çatacaq.