Bu Azərbaycanın zəfər səlnaməsidir!.. – Əlisahib Hüseynov

Bu Azərbaycanın zəfər səlnaməsidir!.. – Əlisahib Hüseynov
Biz qalib gəldik. 44 gün davam edən Vətən müharibəsi, İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tam və qəti qələbəsi ilə başa çatdı. Əsgər və zabitlərimiz cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, sərkərdəliyi altında sözün əsl mənasında tarix yazdılar. Bu qəhrəmanlıq tarixidir. Bu Azərbaycanın zəfər səlnaməsidir!
Şanlı Ordumuz bu Vətən müharibəsinin gedişində həsrətimizi, arzularımızı gerçəyə çevirməyi bacardı və yüzminlərlə məcburi köçkün soydaşlarımıza təzədən öz yurd yerlərinə sahiblənmək şansını verdi. Beləliklə, hərb və dövlətçilik tariximizə son 500 illik dönəmin ən böyük zəfər səhifəsi yazıldı.
Mən fürsətdən istifadə edib cəbrayıllıları, füzulililəri, qubadlıları, zəngilanlıları, şuşalıları təbrik edirəm! Gözünüz aydın olsun!
Eləcə də Kəlbəcər, Laçın və Ağdamın döyüşsüz təslim edilməsinə, itkilərsiz və qurbanlarsız geri qaytarılması qərarını alqışlayıram. Əziz kəlbəcərlilərimizin, ağdamlılarımızın, laçınlı bacı və qardaşlarımızın da tezliklə üzləri güləcək.
Bəli, bütün bunlar hamısı Ordumuzun və Prezidentimizin şücaətinin, uca Millətimizin birliyinin sayəsində mümkün oldu. Xalq-Ordu-Ali Baş Komandan birliyi bu savaşda öz sözünü dedi. Məhz milli həmrəyliyimizin sayəsində möhtəşəm Qələbəyə imza atdıq.
Biz Milli Həmrəylik Partiyası (MHP) olaraq Prezident İlham Əliyevin birgə Bəyanatı və dövlət başçımızın xalqa son müraciətində səsləndirdiyi fikirləri, müəyyən etdiyi gələcək hədəfləri tam dəstəkləyirik.
Biz möhtərəm Prezidentimizlə qürur duyur və onun bu 44 günlük müharibədə göstərdiyi mübarizə əzmini, qətiyyətini, siyasi iradəsini yüksək qiymətləndiririk. İlham Əliyev bu günlərdə sərkərdəliklə siyasi müdrikliyi birləşdirməyi bacardı və eyni zamanda bunu böyük Qələbəmiz üçün etibarlı zəminə çevirə bildi. Bu ustalıq, bu ustadlıq heç də hər siyasi liderə, hər dövlət başçısına nəsib olmur.
İnanırıq ki, İlham Əliyevin rəhbərliyi ilə müharibədən sonra Azərbaycanımızın yeni inkişaf mərhələsi başlayacaq. Qarabağımızın azad edilməsi bizə qüdrətli Azərbaycanı Bütöv Azərbaycana çevirməyə imkan verəcək. Bir sözlə, qarşıda bizi böyük xariqələr gözləyir!
Mən bu şanlı Qələbəmiz münasibətilə bütün dünya azərbaycanlılarını ürəkdən təbrik edirəm. Qələbəmiz mübarək, əziz azərbaycanlılar!
Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan Ordusuna və Ali Baş Komandanımıza! Qarabağ Azərbaycandır!
Əlisahib Hüseynov –
Milli Həmrəylik Partiyasının (MHP) sədri
Share: