Bu bəyannamə Azərbaycanın uğurudur – Deputat

Noyabrın 24-də Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində Birgə Bəyannamə imzalandı. Bu sənədin bu dəfə ki, məzmununa xüsusi ilə Ermənistanda və Azərbaycanda çox böyük diqqət var idi. Çünki iki il bundan əvvəl Riqada keçirilən Avropa İttifaqı Şərq Tərəfdaşlığı Sammitinin yekun sənədində Ukraynanın, Moldavanın və Gürcüstanın ərazi bütövlüyü ilə bağlı məsələlər birmənalı şəkildə öz təsdiqini tapsa da, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə belə bir yanaşma öz əksini tapmamışdır. Mücərrəd şəkillə bir yandan ərazi bütövlüyü, bir yandan xalqların öz müqəddəratını təyinetmə, bir yandan da güc tətbiq edilməməsi ilə bağlı prinsiplərdən bəhs edilirdi. Elə o zaman Azərbaycan tərəfi bu məsələyə kəskin etirazını bildirmişdi.

Müstəqil.Az  xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində qəbul olunmuş Birgə Bəyannamənin əhəmiyyətini Azərtac-a şərh edərkən bildirib.

Elman Nəsirov deyib: “Bu dəfə isə Azərbaycan Prezidentinin ötən iki il müddətində Avropa İttifaqı ilə münasibətlərin daha da dərinləşməsi istiqamətinə apardığı siyasət, xüsusilə də dövlətimizin başçısının Aİ-dən gələn nümayəndələrlə açıq söhbətləri, bir çox hallarda onlarla bağlı tənqidi yanaşmaları öz bəhrəsini verdi. Xüsusilə də Azərbaycan ilə Avropa İttifaqı arasında enerji və nəqliyyat təhlükəsizliyi sahələrində aparılan müştərək işlər nəticəsiz qalmadı. Belə ki, bu dəfə Brüsseldə imzalanan sənəddə Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə bağlı bənd öz əksini tapdı. Bu, olduqca vacib məsələdir. Həmçinin Şərq Tərəfdaşlığı dövlətlərində münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həlli məsələsi fərqli bənddə ifa edildi. Yəni, bu münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin beynəlxalq hüququn normaları çərçivəsində həlli o deməkdir ki, münaqişənin həlli BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əsaslanmalıdır. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin heç bir şərt irəli sürülmədən işğal olunmuş əraziləri tamamilə tərk etməsi məsələsi öz əksini tapıb. Eyni zamanda, ATƏT-in, AŞPA-nın, Avropa İttifaqının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkətının, NATO-nun da bu məsələ ilə bağlı müvafiq sənədləri var. Həmin sənədlərdə Azərbaycanın ərazi bütövlüyü məsələsi öz əksini tapıb. Bu nöqteyi nəzərdən sənədə belə bir bəndin salınması təbii ki, bizim diplomatik uğurumuz kimi qeyd edilə bilər. Eyni zamanda, həmin Birgə Bəyannamədə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji təhlükəsizliyi sahəsində əlaqələrin inkişafından bəhs edilir. Xüsusilə də Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasının çox mühüm əhəmiyyəti qeyd edilir, Azərbaycanın bu sahədə təşəbbüsləri dəstəklənir. Eyni zamanda, qeyd olunur ki, Azərbaycan ilə Avropa İttifaqı dövlətləri arasında vizasız gediş-gəliş məsələləri də öz həllini tapacaq. Bütün bunlar bir daha o qənaətə gəlməyə əsas verib ki, Prezident İlham Əliyevin ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin genişləndirilməsi istiqamətdə həyata keçirdiyi müstəqil, xalqın siyasi iradəsinə, ümummilli mənafeyə söykənən siyasət öz bəhrəsini verməkdədir. Bu nöqteyi nəzərdən hesab edirəm ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində qəbul olunan Birgə Bəyannamənin məzmunu Azərbaycanın milli mənafeyinə və maraqlarına uyğun gəlir və onunla üst-üstə düşür. Bir sözlə, bu Bəyannamə Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu xarici siyasətin daha bir təzahürüdür.

Müstəqil.Az

Share: