“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin layihəsi olaraq hazırlanan “Dənizçilərimiz Vətən müharibəsində” kitabında haqqında bəhs olunan dənizçi-döyüşçülərdən biri də Əliyev Mürsəl Kamil oğludur. Qəhrəmanımızla tanış olaq:
Mürsəl Kamil oğlu 1999- cu ilin noyabr ayının 28-də Cəlilabad rayonun Sabirabad kəndində anadan olub.
2006-cı ildə Həmid Tağıyev adına 2 saylı Sabirabad kənd orta məktəbinin birinci sinfinə gedib.
2015-ci ildə orta məktəbin 9-cu sinfini bitirdikdən sonra dənizçi olmaq arzusuyla Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində olan Azərbaycan Dənizçilik Kollecinə daxil olub. “Gəmi masın mexanizmlərinin quraşdırılması və onlara texniki xidmət” fakültəsi üzrə təhsil alıb.
2019- cu ildə Kolleci bitirib və həmin ilin iyul ayında həqiqi hərbi xidmətə yola düşüb. Gəncə və Qazax rayonlarında xidmət edib.
Vətən müharibəsi başlayan gün onu Füzuli rayonuna aparıblar. Füzuli, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Xocavənd rayonu uğrunda gedən döyüşlrdə yaralanıb. Müalicəsi başa çatdıqdan sonra yenidən cəbhəyə yollanıb. Daha sonra Kəlbəcər rayonun ərazilərinin azadlığı uğrunda döyüşlərə qatılıb.
Mürsəlin Vətən müharibəsi ilə bağlı xatirələrindən:
“Döyüşün ilk günündən ön cəbhədə oldum. Bir vaxtlar kitablardan oxuduğumuz, kinolardan gördüyümüz müharibənin dəhşətini gözlərimizlə gördük. Əsgərlərimizin üzündən düşmənə nifrət və eyni zamanda təbəssüm həmişə hiss olunurdu. Bu bizim haqq savaşımız idi. Biz düşmənə yerini göstərmək, 30 ilə yaxın bir müddətdə ayaqları ilə murdarladıqları torpaqlarımızı döyüşərək işğaldan azad etmək missiyasını yaşıyırdıq. Sevinirəm ki, Tanrım mənə bu imkanı yaratdı ki, Qarabağ uğrunda döyüşə bildim.”
Vətən müharibəsindəki şücaətlərinə görə Ali Baş komandanın sərəncamı ilə Hərbi xidmətə görə 1-ci dərəcəli medalla yanaşı Füzulinin və Xocavəndin azadlığına gərə medalları ilə təltif edilən Mürsəl, 2021-ci ilin iyul ayının 2-də ordudan tərxis olunub.
Mürsəl bu günlərdə yeni sevindirici bir xəbər də aldığını deyir. Belə ki, AXDG QSC-yə ixtisası üzrə işə düzəlmək üçün etdiyi müraciətə müsbət cavab alıb. AXDG QSC-nin “Bibiheybət” Gəmi Təmiri zavodunda işə düzılmək üçün yoxlanış baxımından ona müsbət rəy verilib.
Faiq Balabəyli