Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Orxan Cuvarlının “Kərəm haqlı idi” hekayəsi haqqında yazarların fikirlərini təqdim edir.
Seymur Baycan:
Bir-iki xırda qüsurları nəzərə almasaq, hekayənin dili xoşuma gəldi. Orxan dilini yad və lazımsız təsirlərdən xeyli dərəcədə təmizləyib. Afərin. Digər gənc yazıçılar da bu mənada Orxandan nümunə götürməlidirlər. Yəni demək istəyirəm ki, dili təmizləmək, qaydaya salmaq mümkündür. Həmçinin hekayədəki genişlik də futbol şərhçilərinin təbirincə desək, müəllifin aktivinə yazılmalıdı. Bir sözlə, Orxan əfəndi xeyli artırıb. Bu açıq-aşkar hiss olunur. Amma hekayədə qüsurlar da var. Məsələn :
“Bircə o yadındadı ki, axırda professor alnını masaya söykəyib yuxuladı, Kərəm büllur külqabını qəzəblə yerə çırpıb çilik-çilik elədi. Səs-küyə professordan başqa hamısı dik atıldı. Sonralar Rasim söhbətin axırına çıxanda Kərəm Bəylərdən yaman gileylənirdi:
– Qudurasan, qurbağa. Camaat xaricə gedib ağıllanır, bizimkinin olan-qalanı da gedib. Gərək o külqabını yerə yox, keçəlinə çırpaydım. Mənim atam kimi müəllimlər barmaqsayıdı”.
Burada müəllif barıtı bir az artıq eləyib. Kərəmin hisslərini elə qəzəblə ifadə etməsi, külqabını yerə çırpması süni göründü. Daha sakit formada hissləri ifadə etmək olardı. Belə olduğu halda Kərəmin incikliyi, gərginliyi daha inandırıcı, təsirli görünərdi. Hissləri harda sakit, harda qəzəblə ifadə etməyi müəllif özü dəqiq bilməlidir.
Yaxud götürək bu hissəni :
“Bir azdan Bəylərlə Hülya xanım rəqs meydançasında vals oynayırdılar. Professorun boyu Hülya xanımın sinəsindən idi, onların rəqsi kənardan məzəli görünürdü. Rasim pıqqıldayıb gülməmək üçün masanın örtüyünü tumarlayırdı”.
Burda da müəllif barıtı çox eləyib. Rəqsin kənardan məzəli görünməsi, Rasimin pıqqıldayıb gülməmək üçün masanın örtüyünü tumarlaması artıqdı.
Gələcəkdə bu kimi məqamları nəzərə almaq lazımdır.
Ümumən götürəndə, Orxanın bundan sonra mövzu cəhətdən həyata daha da yaxınlaşmağını, cəsarətlə həyatın içinə girməyini istərdim. Uğurlar arzulayıram.
Aqşin Yenisey:
Bu cür çağdaş mövzuların hekayəyə gətirilməsi vacibdir. Amma mənə elə gəldi ki, Orxan bəyin bir qrammatika qorxusu var, həddindən artıq ehtiyatkarlıq hiss olunur təhkiyəsində. Və bu ehtiyatkarlıq mətləbin yolunu dolayılaşdırır. “Topal Teymur” demək əvəzinə, “yerimə əngəlli Teymur” deyir. Bu da ifadə tərzinin sərrastlığını korlayır.
Alpay Azər:
Orxan Cuvarlının “Kərəm haqlı idi” hekayəsi müxtəlif sosial təbəqələrə aid adamlar arasında gedən söhbətlərin, münasibətlərin ziddiyyətliliyi, eləcə də onların daxili dünyasının açılması, sonda fərqli obrazların yaradılması baxımdan pis deyil, təhkiyə, təsvirlər yerindədir. Amma elə bilirəm, hekayənin kuliminasiyası olan detal, Rasimin Bəylərlə bir yerdə dondurma oğurluğuna gedərkən baş verən hadisə – bu cür uzun hekayə üçün standart, sıradan olan bir detaldır, yəni bu hekayənin daha uğurlu, mükəmməl olması üçün sonda fərqli hadisə olmalı idi. Hərçənd, bu mətnə uğursuz, alınmayan hekayə demək olmaz.
Bir texniki qeyd: bizim oxucular arasında rus dilini bilməyənləri, üstəlik, cümlələrin latın əlifbasıyla yazıldığını (o cümlələr kirillə yazılsa, “google translator”-lə bizim dilə tərcüməsini tapmaq olardı.) nəzərə alsaq, Rasimin hotelin qeydiyyat işçisiylə ilə kiçik dialoqunun bizim dilə tərcüməsini vermək lazım idi.
Orxan istedadlı nasirdir, bir neçə hekayəsi ilə müasir ədəbiyyatımızda özünü təsdiq edə bilib, yenə də əla hekayələr yazacağına inanıram.
Təvəkkül Boysunar:
Orxan Cuvarlının bu hekayəsini çapdan əvvəl oxuyub fikirlərimi özünə də bildirmişdim. O fikirləri ümumiləşdirsək, bunları deyə bilərəm ki, Orxanın yazı dili redaktə qüsurlarından maksimum uzaqlaşmış, ehtiyatlı bir dildir. Müəllif yazı dilini maksimum səliqəli saxlamağa çalışır və bunu bacarır. Artıq sözlərin alaq otu kimi, cümlələri boğmağına izn vermir. Bunlar Orxanın müsbət cəhətləri sırasındadır. Hekayə ilə bağlı digər məqamlara gəldikdə isə deyə bilərəm ki, məncə, müasir ədəbiyyat üçün maraqlı süjet xətti, dinamik mətn olduqca vacibdir. Orxanın bu məqamlarda çox da uğurlu olduğunu deyə bilmərəm. Bəlkə, yanılıram, amma mənə həm də elə gəlir ki, müasir dövrün yazıçısı kütləni də müəyyən qədər nəzərə almalı, ciddi ədəbiyyat və kütlənin marağı arasında qızıl ortanı tapmağa çalışmalıdır. Belə olduqda, mətn və süjet maraqlı alına bilər. Məncə, müasir ədəbiyyatda ən uğurlu mətnlər həm də kütləvi oxucunun az-çox zövqü olan nümayəndələrini də tutub hekayədə saxlamağı bacaran mətnlərdir. O fikirlə də razıyam ki, bu gün kimsə, məsələn, Prust kimi kilsə qüllələrinin təsvirinə səhifələrlə yer ayırsa, bu, kütlə üçün maraqlı olmayacaq, lakin belə bir fakt, o prustvari əsərin möhtəşəm ədəbiyyat olmağına mane olmağı da bacarmayacaq. Bununla belə, məncə, mətnin maraqlı olması, oxucunu çəkib aparması müasir ədəbiyyatda ən əhəmiyyətli meyarlardandır. Müasir oxucu laqeydləşdikcə, müasir yazıçı da bu meyarın dozasını bacardığı qədər artırmalıdır. Orxana uğurlar arzu edirəm və arzu edirəm ki, bu cür yüksələn xəttlə irəliləməyinə davam edib bizi növbəti əsərləriylə sevindirsin.
Orxan Həsəni:
Orxan Cuvarlı yazdığı son hekayələri onun nəsr potensialını göstərdi. Doğrudan da, onun son mətnləri hekayə janrının olduqca uğurlu nümunələridir. Orxan üzərində işləyir, dərin duyumu və incə müşahidələri ilə ədəbiyyat eşqini doyurur. Müəyyən ədəbiyyat təsəvvürləri, bünövrəsi üstündə öz dünyasını inşa edir. Mətnləri səliqəli və mütəmadidir. Keyfiyyət göstəricilərinə görə müsbətə doğru inkişaf edir və edəcəyinə inanıram. Bilmirəm, təsadüfdür, yoxsa zərurət onun hekayələrində əsas obrazların daim keçmiş xiffəti duyulur. Keçmiş incikliklər, umu-küsülər illər öncə insanların qəlbində yuva salan ağrılar özünü hekayələrin mövzusu kimi oyadır. Bu hekayələr sanki hesablaşmadır, haqq hesab çəkmədir. Və illəri adlayıb gələn təəssüratların haqq hesabı Orxanın qələmində özünü sənətkarcasına ifadə edir.