“Bu cür qarpızdan azyaşlılar bir dilim yeyərsə, artıq zəhərlənə bilərlər”

“Dörd ildir ki, apardığımız monitorinqlər nəticəsində belə qənaətə gəlmişik ki, Azərbaycanın əmtəə bazarında olan qarpız və yemişlərin hətta mövsüm vaxtında belə 98 faizi nitratlarla zəngindir”
Artıq yayın əsas bostan bitkilərindən olan qarpız və yemişin bazarlarda satışına başlanılıb. Hər il insanların bostan bitkilərindən zəhərlənməsi halları ilə rastlaşırıq. Bəs bununla bağlı hansısa bir monitorinq keçirilirmi?
Azad İstehlaçılar Birliyinin sədri Eyyub Hüseynov Moderator.az-a açıqlamasında bildirdi ki, qurumda olan cihazla hər il qarpız və yemişin tərkibindəki nitratların miqdarı ölçülür:
“Bizdə qarpız və yemişin tərkibində nitratların miqdarını ölçən cihaz var və biz bu cihazla hər dəfə nitratların miqdarını ölçürük. Bu il də üç dəfə bunu həyata keçirmişik. Qarpızın bir kloqramının tərkibində nitratların miqdarı 60 milli qramdan artıq olmamalıdır. Lakin biz ölçərkən görürük ki, bu nitratların miqdarı 120 milli qramdır. Əgər azyaşlılar bu cür qarpızdan bir dilim yeyərsə, artıq zəhərlənə bilərlər. Dörd ildir ki, apardığımız monitorinqlər nəticəsində belə qənaətə gəlmişik ki, Azərbaycanın əmtəə bazarında olan qarpız və yemişlərin hətta mövsüm vaxtında belə 98 faizi nitratlarla zəngindir. Bu da qapız və yemişlərə verilən dərmanların nəticəsidir. Qida Təhlükəsizliyi Agentliyi gərək indi kəndlinin yanında olsun və həmin azot və gübrələrin verilməsini izləsin”.

Share: