BU DA BİR XATİRƏ… – Şəfəq Nasir yazdı

Uşaqlıqdan üzü bu yana yaddaşımda o qədər xatirələr yaşayır ki! Vaxt-bivaxt məni zamanımdan qopararaq, öz çağlarına alıb-aparır, bir başqa ovqata kökləyirlər. Xoş xatirələr yeni açılan şəfəqli səhərlər kimidir, yadına düşüncə səni səmalara yüksəldir, mavi göylərin ənginliklərinə çəkir… Sanki bəxtəvərlik içində üzürsən… Ayılanda asta-asta Yerə enir, xoş duyğuların içində közərirsən…
Xatirə də var, yadına düşəndə sanki qorxunc bir yuxu səni arxasınca çəkib aparır, ürpənirsən. Dirənirsən, xatırlamaq istəmirsən, amma istədin-istəmədin, düşüncənə gəldimi, gözlərinin qarşısında canlandımı, geri dura bilmirsən. Axı yaddaşında şırım açıb… Nə etməli, xatirələrin hamısı ürəkaçan, fərəh gətirən olmur ki…

Başladım. Jurnalistika fakültəsinin ikinci kursunda bir semestr Məntiq fənnindən mühazirə keçdik, sonda da imtahan oldu. Bu fənni bizə Mahir İsrafilov keçmişdi, imtahanı da özü götürdü. Ona münasibətimi birbaşa bildirəcəm: canavar baxışlarından ürpənirdim, səsi, hərəkətləri, tələbəyə müraciəti xoşuma gəlmirdi. Üzünə belə baxmaq istəmirdim, tədris etdiyi fənnini də sevmirdim, odur ki, mühazirəsini də yazmırdım. O da mənim nifrətimi hiss edir, başa düşürdü. Ağlıma da gəlməzdi ki, bu hərəkətlərimin cavabı çox ağır bir intiqam olacaqmış…

İmtahan günü gəlib çatdı. Düzünü deyim ki, yaxşı hazırlaşmamışdım, həm də düşündüm ki, bu imtahandan o, heç kimi kəsməz, çünki bizim vaxtımızda məntiqdən elə bir ədəbiyyat da yox idi ki, tapıb, ciddi hazırlaşasan.

İmtahanda tələbələri tək-tək qəbul edirdi (bəlkə səhv edirəm, amma mən tək idim). Növbəm çatanda içəri keçdim. Mahir müəllim məni ovunu ovlamaq üçün marıqda yatan canavar təki qarşıladı. Bunu açıq-aydın görsəm də əhəmiyyət vermədən yaxınlaşıb bilet çəkdim. Heç 2 dəqiqə fikirləşməmiş o, məni cavab verməyə dəvət etdi. Suallar ətrafında qısaca, yadımda nə qalmışdısa, danışdım. Hiss etdim ki, cavablarım onu qane etmədi. Amma tramvay altında qalmış bir “3” verə bilərdi. Necə verəydi, axı bu insanda humanizmdən əsər-əlamət belə yox idi, qəddarın biriydi. Tələbələrsə, belə müəllimləri sevmirdilər.

Danışdığım müddətdə o, yırtıcı gözlərini üzümə zilləmişdi. Zəif cavabım onun üçün göydəndüşmə oldu. Elə bunu gözləyirdi də! Qəfldən tapança kimi üstümə açıldı, nə açıldı!

– Hə, deyəsən ilişdin, belə olar də, nə mühazirə yazırdın, nə də müəlliminə qulaq asırdım. – qəfldən səsinin ahəngini dəyişdi. – Amma mənim bütün diqqətim həmişə səndə olurdu… eybi yox, yaxşı qiymət qurbandı sənin o mavi gözlərinə… amma daha incitmə məni. Bir şərtim var…

Mən onun niyyətinin təmiz olmadığını duysam da ağızucu mızıldandım: “Nə şərt, müəllim?” O, saralmış həvə dişlərini ağardaraq üzümə baxdı… “Tələbə müəllimi eşitsə…” Sonra da elə məntiqdə məsələ həll edirmiş kimi dolaşıq, ikibaşlı fikirlərini üyüdüb-tokdü. İçimdə bir qəzəb tüğyan edirdi, özümü güclə ələ alır, gözləyirdim görüm bu canavar öz məntiqinin məsələsini necə həll edir… Səhərdən yaşadığım imtahan həyəcanımı qatı bir qanqaralıq üstələmişdi. O isə ilanlar yallı gedən xain gözlərini üzümdən çəkmədən irişirdi. O sarı ilanlar canıma qorxu salsa da özümü ələ aldım, həmin anda elə bil mənə hardansa güc gəldi, cəsarətləndim: “Tələbə müəllimi eşitməyəcək, amma qiymət alacaq,- şirə dönmüşdüm – özü də imtahan vərəqini qarşınıza gətirəcəklər, siz də can-başla yüksək qiymət yazacaqsınız!” Sözümü bitirib, ayağa qalxdım. O da qalxıb mənlə qabaq-qənşər dayandı. İlanların “fısıltısından” ürpənmiş kimi özümü kənara çəkdim. Bayaqdan üzümə “üfürdüyü” iyrənc irişməsinin yerini indi qəzəb aldı, qırmızı üzünün dərisi səyirirdi. Beynimi cırmaqlayan səsi ilə hədəsini üzümə çırpdı:

– Ay aldın ha!

Bayırda tələbə yoldaşlarım məni əhatəyə aldılar: “Neçə?” Çiyinlərimi çəkdim və əsəbi səslə, “heç neçə”- deyib, pəncərəyə tərəf çəkildim. Özümü sakitləşdirməkdən ötrü gözlərimi bayıra zilləmişdim. Dedilər, elə şey olmaz, məntiqi kimi bilir ki, yəqin kafidən-zaddan bir şey yazar… Əlqərəz, o gün imtahandan kəsilənlərin sayı çox idi, amma axırda məlum oldu ki, məndən başqa hamıya qiymət yazıb. Demə, bu qəliz adamın mənlə qərəzi uzun çəkəcəkmiş…

O gündən qara günlərim başladı. Əvvəla təqaüddən kəsildim. Sonra da bir neçə dəfə akademik borcumu vermək üçün imtahan vərəqi alıb, universitetin Filologiya fakültəsinə getsəm də soruşub-eləmədən vərəqə qeyri-kafi yazaraq üstümə atırdı. Bu da bəs deyilmiş kimi, səsini başına ataraq qara-qışqırıq salırdı: “sən məntiqi bilmirsən, bilməyəcəksən də! Məndən kafi qiymət də gözləmə! Universitetdən qovulacaqsan!” Dəli olmaq dərəcəsinə gəlmişdim. Sonuncu dəfə bir aydan sonra borcumu vermək üçün qəbuluna gedəcəkdim. Bu dəfə də imtahanı verə bilməsəm, həqiqətən universitetdən qovulacaqdım…

Tələbə yoldaşlarım mənə görə yaman narahat olmuşdular. Bir gün də Azər, Elman, Vaqif təklif etdilər ki, gedək Axundov kitabxanasına, məntiqə aid ədəbiyyat tapaq birlikdə hazırlaşaq. Elə də etdik, dərslərdən sonra düz iki həftə uşaqlarla kitabxanaya gedir, az da olsa materiallar əldə edir, oxuyub-əzbərləyirdim. Oğlanlar növbəylə mənə suallar verirdilər. Axırda Vaqif dedi ki, əla, bütün sualların cavabını öyrənmisən. Üstəlik, Azər Filologiya fakültəsindən onun öz mühazirələrini tapıb gətirdi. Üç-dörd gün onları da oxuyub əzbərlədim. Vaqif dedi ki, səninlə hazırlaşa-hazırlaşa özümüz də məntiqi əməlli-başlı öyrəndik… Artıq özümə arxayın idim, amma yenə qorxurdum, çünki, fakültədə müəllim qalmamışdı, məni Mahirə tapşırmasın, o isə inadından əl çəkmirdi. Deyirdilər, sənin bir “bağışla” sözünü, gözləyir… mənsə, bunu heç vaxt etməyəcəkdim…

Bir gün fikirli-fikirli dekanatlığın qarşısında var-gəl edirdim. Qəflətən fakültəmizin dekanı Şirməmməd Hüseynov kabinetindən çıxdı və biz üz-üzə gəldik… ayaqlarım əsdi, astadan salam verib çəkilmək istəyirdim ki, onun zəhmli səsi məni yerə mıxladı:
– Bir bura gəl görüm, deyib, məni kabinetinə dəvət etdi. Həyəcanın, qorxu-əsməcənin içində arxasınca getdim. Dekan yerini rahatlayandan sonra sözə başladı:

– Görürəm, televiziyada süjetlər aparırsan, çıxışlar edirsən… Sən axı, pis oxuyan tələbə deyilsən, bəs bu kəsir nədi? Heç bilirsənmi ki, bu dəfə də qiymət almasan qovulacaqsan…

Mən başımı aşağı salıb susurdum, nə deyəcəyimi bilmirdim. Bu dəfə o, bir az astadan, özü də qayğıkeşliklə xəbər aldı.- Mənə düzünü de, hazır deyilsən, öyrənə bilmirsən, ya müəllim səni qəsdən kəsir?..
Nə deyim, necə deyim, özü də Şirməmməd müəllim kimi ciddi, qeyrətli bir kişiyə… amma dekan məndən cavab gözləyirdi. Nəsə deməliydim…

– Əvvəl hazır deyildim, amma indi bütün biletləri əzbər bilirəm… neçə dəfə getmişəm, ağzımı açmağa qoymur…

Şirməmməd müəllim ucadan, həm də əsəbi səslə: – de görüm, komissiya ilə imtahan verə bilərsən, – deyə xəbər aldı. Dərhal dilləndim:
– Əlbəttə, verərəm…
– Sabah saat 10-da burda olarsan, mənim kabinetimdə, Mahir İsrafilovu dəvət edəcəm.

Ertəsi gün deyilən vaxtda dekanın kabinetində idim. Fənn müəllimi biletləri masanın üstünə düzmüşdü. Şirməmməd müəllim məni yaxına dəvət etdi:
– Qızım, əyləş, bilet çək, həyəcanlanma, rahat fikirləş, sonra cavab ver…

Mən bilet çəkib, dərhal suallara göz gəzdirdim. Hamısını bilirdim. Odur ki, fikirləşmədən danışmağa icazə istədim. Şirməmməd müəllim başının işarəsilə razılıq verdi. Birinci suala əhatəli şəkildə, dayanmadan cavab verdim. İkinci suala da eləcə. Mən danışdıqca Şirməmməd müəllim gah ona, gah mənə baxırdı. Görürdü ki, müəllim məni yarıda kəsmir, etirazını da bildirmirdi. Üçüncü suala keçəndə M.İsrafilov qəflətən dilləndi:

– Sən ki mühazirəni yazmırdın, hardan öyrənmisən bunları?
Onun üzünə baxmadan:- Filologiya fakültəsində öz mühazirələrinizi əldə edib öyrənmişəm, -dedim. Bu yerdə Şirməmməd müəllim söhbətə müdaxilə etdi:

– Daha bəsdi, üçüncü suala cavab verməsən də olar. Görürəm, yaxşı hazırlaşmısan, əla da cavab verdin. Amma kəsr olduğu üçün sən “4” qiymət alırsan. – Belə deyib, imtahan vərəqini əsəbi bir hərəkətlə ona uzatdı: – götür tələbənin qiymətini yaz!

Əsəbindən qırmızı çuğundura dönmüş, üzünün dərisi səyriyən Mahir İsrafilov dinməz-söyləməz imtahan vərəqini qarşısına çəkdi. Şirməmməd müəllim mənə baxdı:

– Qızım, sən bu universiteti bitirəcəksən, yaxşı da jurnalist olacaqsan. İndi gedə bilərsən…

İnana bilmirdim, doğrudanmı aylarla çiyinlərimdən, ürəyimdən asılmış daş kimi yükdən azad oldum! Dekana təşəkür edib kabinetdən çıxdım. Arxamca qapını örtər-örtməz Şirməmməd Hüseynovun səsi bu tərəfdə əks-səda verdi:

– Mahir, aç qulağını eşit, səni iti qovan kimi bu fakultədən qovacam, yenə də köhnə işlərindən əl çəkməmisən. Özünün qara, murdar niyyətinə görə qız uşağını aylarla süründürürüb, universitetdən qovdurmaq istəyirdin?! Onu görməyəcəksən!

Daha orda dayanmayıb özümü küçəyə atdım. Dərindən nəfəs alıb, evə yollandım…

Şirməmməd müəllim dediyini elədi, Mahiri İsrafilovu Jurnalistika fakültəsindən qovdurdu. Amma sonrakı illərdə o, yenidən Jurnalistikada göründü… O, bir il sonra filologiyada oxuyan qardaşımı, sonra da onun həyat yoldaşını da imtahandan kəsdi, məsələyə qarışan nüfuzlu müəllimlər onlara qiymət yazdırdılar…

İllər ötdü. “Gənclik” nəşriyyatında “Elmi-kütləvi ədəbiyyat” redaksiyasında işləyirdim (Sonradan “Uşaqlar və orta məktəblilər üçün ədəbiyyat” redaksiyasına keçmişdim). Bir ara gördüm Mahir bizim nəşriyyata gəlib-gedir. Demə, işlədiyim redaksiyanın tematik planında əlyazması varmış. Amma içəri keçmir, müdirlə koridorda danışırdı. O zaman şair Musa Ələkbərli də “Gənclik”də
“Yeniyetmələr üçün ədəbiyyat” redaksiyasında işləyirdi. Münasibətimiz də çox yaxşı idi. Bir gün o, mənə dedi ki, Mahir müəllim məndən xahiş edir ki, məni Şəfəqlə barışdır. Dedim, Musa, bir də mənə belə söz desən, sənlə haqq-salamı kəsəcəm. İnsafən, Musa bir daha onun adını mənim yanımda çəkmədi…

Bir neçə il əvvəl yolum Jurnalistika fakültəsinə düşmüşdü. Binanın qarşısında pillələri qalxırdım ki, gördüm Mahir müəllim içəridən çıxdı, dərhal da alıcı quş kimi gözü məni aldı. Həmin anda elə bil kimsə məni qaldırıb pilləkənlərə çırpdı. Ağrıdan dişlərimi bir-birinə sıxdım. Dizlərim sıyrılmış, üzüaşağı qan süzülürdü… O, mənim bu halıma irişərək yanımdan ötüb keçdi… Bir il sonra Elmlər metro-stansiyasının qarşısında 39 nömrəli marşuruta minmək istəyəndə gözüm 1-ci sırada gözlərində ilanlar qaynayan Mahiri gördü. Pilləkəndə yıxılacaqdım, kimsə arxadan məni saxladı. Daha o avtobusa minməyib geri qayıtdım…

P.S. Doğulduğum ailədə müəllim valideynlərimin, məktəbdə müəllimlərimin, Universitetdə də bu adı şərəflə, ləyaqətlə daşıyanların timsalında mənəvi keyfiyyətləri ilə nəzərimdə ucada olan əsl pedaqoqlar gördüm. Və heç birini unutmadım, unutmaram…

Share: