Vüsal HƏBİBLİnin şeirləri
Gətirsin
Bəndə, hörmət bəslə qibləgahına,
Tutsun əl tutanlar qəlbən ahına.
İnsanı, gərək ki, Xuda rahına,
Etdiyi əməlin özü gətirsin.
İdarə eləməz əsəb ərkanı,
Düz yola gətirməz tələb ərkanı,
Oturuş-duruşun, ədəb-ərkanı
Dediyin sözündə sözü gətirsin.
Şeytan simasını soymayan biri,
Xətir-salama üz qoymayan biri,
Bu dünya mülkünə doymayan biri,
Məcburdur, gündəmə bizi gətirsin.
Həyatdan əlini üzənlər, Allah!
O qədərdi candan bezənlər, Allah!
Kasıbın ahını əzənlər, Allah
görüm ki, insafa sizi gətirsin.
PƏNAHİ ZƏVVARLARIN OL…
Günah var, insanı yıxar, birdəfəlik məhv eliyər,
Etdiyim günahlarımı tanrım, əlbət, əhv eliyər,
Sığınanlar Allahına bilmədən də səhv eliyər,
Bağışlayandır o səni, təki allah rahini get.
Kiçiklərdən götür ibrət, böyükləri eşit ki sən,
Eşitməyib çevirsən üz, demək, bizlərə itkisən.
İlahi məhəbbətini qəlb evində böyüt ki sən,
Bu dünyadan o dünyaya
əhv etdir günahını, get.
Son nəfəsdə görüb götür məddahi zəvvarların ol,
Tövbə et pis əməllərə cinahi zəvvarların ol,
Kəbəyə get, Məkkəyə get, pənahi zəvvarların ol,
Allah evinə çevirsən üz tutub bəzmgahini get