“Bu estetik ideallar Biləsuvarın Nərimankəndində doğulub”

“Bu estetik ideallar Biləsuvarın Nərimankəndində doğulub”

Elbrus Ərudun çoxşaxəli yaradıcılığı sırasında esse janrı bəlkə də birinci yerdədir. Onun yaradıcılığına bələd olan hər kəs bu faktı təsdiqləyə bilər. Əslində Elbrus ədəbi-bədii, publisistik janrların hər birində qələmini işə salmağı bacara biləcək yazıçı – jurnalistdir. Lakin o, zamanın nəbzini duyan, oxucu tələbini nəzərə alan bir yaradıcı şəxsiyyət kimi oporativliyi, bədii təxəyyüldən daha çox faktlara söykənməyi üstün tutur. Yəqin həm də elə buna görədir ki, Elbrus Ərud bu gün öz operativliyi, dəqiqliyi, balanslı yanaşma pirinsipinə əməl etməyi ilə geniş izləyici auditoriyasına malik Qafqazinfo saytını yaratmışdır. Biz bu saytda Elbrusun saysız-hesabsız yazılarını izləməkdəyik. Yenə də təkrar edirəm, bu yazılar sırasında esse seçimi ilkin yerdə dayanır. Onun hələ 2015-ci ildə nəşr olunmuş “Anne annem” kitabında da bunun şahidiyik.

Elbrus Ərudun janr kimi esse seçimi bu janrın daha çox fəlsəfi, bədii, publisistik istiqamətləri özündə birləşdirməsi ilə əlaqədardır. Və bir də insanın kövrək duyğularını ifadə etmək imkanına bağlıdır. Elbrus Ərudun lap bu günlərdə Türkiyənin “Nestor yayınları” nəşriyyatında çap olunmuş “Adını Albert qoy!” esselər kitabı yazıçı-publisistin ən yeni yaradıcılığının toplusudur.

Kitaba maraqlı və çox orijinal bir “Ön söz” yazmış yazıçı İlham Əziz Elbrus yaradıcılığının bir sıra xüsusiyyətləri barədə söylədiyi fikirlər sırasında məni ən çox duyğulandıran aşağıdakı sətirlər oldu:

“Elbrusun yazılarında yuxarıda dediklərimdən də əvvəl bir qayə var ki, sadaladıqlarım olmasaydı da, o mətnlər qənimət sayılacaqdı. Bu, Elbrusun həyatının devizi, onun yaradıcılığının ana xətti olan Vətən, torpaq sevgisidir.”

Şəxsən mən də Elbrusun bir oxucusu kimi onun bütün əsərlərində gördüyüm bu keyfiyyət –Vətən sevgisi üstündə dayanmaq istərdim. Yazıçının, jurnalistin Vətən sevgisi birbaşa sözlə ifadə olunur. Söz isə müqəddəs anlayışdır və onun bu müqəddəsliyini həmişə yadda saxlamalıyıq.

Etiraf edək ki, Azərbaycan mühitində Vətən sevgisi, Vətən müqəddəsliyinə bu qədər ehtiram heç vaxt indiki səviyyədə – 44 günlük Vətən müharibəsi çağında və ondan sonrakı dövrdəki səviyyədə olmayıb. Bunu biz ordumuzdakı gənclərin ürəyində gördük. Amma bu sevgini yaradan və möhkəmləndirən bir liderimiz də var ki, qələbəmizin hər nöqtəsi ona bağlıdır: Prezident, Ali Baş Komandan İlham Əliyevə!

Elbrus Ərud İlham Əliyevin Qələbəmizin-Zəfərimizin təminatçısı kimi ədəbi obrazını “Adını Albert qoy!” kitabındakı esselərin ilk sırasına qoymuşdur: “İlham Heydər oğluna açıq məktub”. Sərlövhədəki rəsmiyyətin “İlham Heydər oğlu” sözləri xaricilərin müxtəlif məzmunlu məktublarındakı müraciətə uyğun qələmə alındığını ifadə edir və 3,5 səhifəlik bu yazıda müəllif Qalib Ali Baş Komandanın Qarabağ görüşlərinin portretini yaratmışdır: Yurdumuzun Qarabağını işğaldan azad etmək vədlərini, illərin Prezident narahatlığını qələmə alaraq bu vədlərin, narahatlığın necə sona yetdiyindən qürür duyduğunu belə ifadə edir: “Cənab Prezident… İllər keçdi, çox fəsillər dəyişdi, biz azərbaycanlıların ümidsizliyə qapıldığı bir vaxtda, siz elə bir geridönüş etdiniz ki… Siz göstərdiniz ki, tarix son 30 ildən ibarət deyil, tarix minillərə söykənir.”

Müəllifin 2020-ci il oktyabrın 29-da qələmə aldığı bu esse anında ordumuz Şuşanı azad etməyə doğru inamla irəliləyirdi: Elbrus Ərud bu hadisələrlə bağlı Ali Baş Komandanın müraciətlərinin necə həyəcanla qarşılandığına işarə ilə yazırdı: “İndi də Ordumuz Şuşaya yaxınlaşır və yaxınlaşdıqca çox böyük təlatüm yaşanır içimizdə. Sizdən ricam, Şuşanın işğaldan azad olunmasını elan edərkən, özünüzü də, ölkənin həssas insanlarını da nəzərə alın. Şuşa ilə bağlı müraciətinizdə bu həssas məqamlar yenidən yaranacaq. Heydər Əliyevin Sizə özü qədər inanması necə dərin bir hiss imiş…Tanrı Sizi və bu məmləkəti qorusun! Sizi çox sevdiyimiz son fikirlərinizdən biri də, “ Mən özüm nəyi nə vaxt etmək lazım olduğunu yaxşı bilirəm” deməyiniz idi… Bu dünyada hər şeyin bir vaxtı var, əlbəttə. Hər vaxtınız Azərbaycan olsun, Ali Baş Komandan!”

“Adını Albert qoy!” kitabındakı bu esse bütün əsərlərin leytmotivi və prelüdiyasıdır. İstər şəhidlər və qazilər haqqında, istərsə də digər esselərdə bir ədəbi-bədii motiv var: Vətən sevgisi!

“Üç ananın bir oğlu…” essesində şəhid Sübhan Əbülzadənin anası ilə analığının eyni dərdi eyni ağırlıqda çəkmələri Vətənə sevgini hər şeydən üstün tutan qadınlarımızın milli-mənəvi dəyərlərimizə necə sığındıqlarının duyğulu ifadəsidir. Döyüşdə yaralanıb evə qayıdan və sağalan kimi yenidən cəbhəyə yollanan Sübhanın bu sözləri müasir gənclərimizin ürəyində bir peyğəmbər ifadəsi kimi səslənir: “Mən iki sağlam anamı burada qoyub yaralı Anamın (Vətəni nəzərdə tutur-C.M) dalınca gedirəm.” Bu sözlər Vətən sevgisi ilə şəhidlik zirvəsinə qalxan bir cavanın düşüncəsidir və bu düşüncəni maariflik səviyyəsinə yüksəltməyin özü də Vətənə sevgidən doğur.

44 günlük Vətən müharibəsi günlərində daha müqəddəs məqam özünü göstərdi: Azərbaycanda yaşayan azsaylı xalqların yurd-yuva saldıqları torpağa sonsuz sevgisi. Onların Azərbaycan sevgisinin aydın göründüyü anları cəbhənin bir çox yerində jurnalistlərimiz çox gördülər. Milliyətcə yahudi olan Albert Aqarunovdan elə cəbhədəcə-ermənilərin 9 tankını məhv edən yerdə, tankın lükündə müharibə boyu jurnalist səngərində olan Mirşahinlə ani bir müsahibəsi media məkanında hadisəyə çevrildi və Elbrus Ərud bu faktı duyğulu bir essəyə köçürtdü. Essenin əsas kontenti Albertin-Azərbaycanı özünə Vətən seçən bu yəhudi oğlanın adını ədəbi düşüncədə də əbədiləşdirmək oldu. Essedə Albertə Prezident Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi, Bakı küçələrindən birinin onun adı ilə adlandırılması, şərəfinə abidə ucaldılması lakonik sətirlərlə yenidən canlandırılır və esse müəllifi öz dostuna oğlu olsa, adını Albert qoymasını xahiş edir. Və…Albertin doğum günündə onun şərəfinə ucaldılmış abidəni ziyarətə gəlir. Səhər-səhər ziyarətçilərin çox olacağını hiss edən xadimələr onun abidəsini tər-təmiz təmizləyirlər. Belə bir anda bir jurnalist kimi həmin heykəlin fotosunu çəkəndə xadimələrdən biri soruşur:

-Nəyinizdir?

Cavab:

-Oğlum!..

Bu ani sual-cavab hadisəylə yaxından tanış olmayan hər kəsin böyük marağına səbəb olacaq bir hadisəyə çevrilir.

Elbrus Ərud esselərinin çoxistiqamətli estetik ideallar sistemi var. Amma bu çox istiqamətin hamısı bir ideal ətrafında birləşir-Vətən sevgisi. Bu estetik ideallar Biləsuvarın Nərimankəndində doğulub, Vətən uğrunda döyüşlərdə şəhid olmuş Əbilzadə Sübhanın “üç anasının evindən başlamış Şuşada düşmənə yanıq verən “Xarı bülbül” festivalına, yağı düşmənin xaraba qoyduğu Ağdamın “divara dönmüş” (“Vətən necə divara dönərmiş, İlahi…”) dağıntılarına, Heydər Əliyev Fondunun Ümummilli Liderin 100 illiyi ilə bağlı hazırladığı “İz” sənədli filminin növbəti “Xarı bülbül” festivalındakı möhtəşəm nümayişinə, xaricə ezamiyyətlərindəki Vətən-xaric müqayisələrinə qədər hər bir mövzuda özünü göstərməkdədir.

Elbrus hər bir mövzuya çox orijinal yanaşan, heç nəyi güzəştə getməyən bir sənətkardır. Onun yazı üslubu bütün detalları ilə oxucunu mövzuya cəlb edən videoanonsa bənzəyir. Bu üslubun, bu dilin birbaşa xalq danışıq tərzinə bağlılığı da onun Vətənə, xalqa bağlılığı səbəbindən irəli gəlir.

Yuxarıda adını çəkdiyim “İz” filmi barədə Elbrusun təhlillərində də elmi-publisistik yanaşmadan daha çox sadə tamaşaçı, sadə xalq heyranlığının ifadəsini görürük. Bu film barədə Elbrusun aşağıdakı fikirləri obyektə elmi yanaşma prinsipi daşıyır: “Bütün əsərlərin kulminasiyası olur. Bu filmdə isə hər epizod özü bir kulminasiyadır.” Aşağıdakı fikirlər isə xalq dilinə bağlıdır: “Əslində, “İz” dən sonra “yükümü tutmuşam” və başqa heç nəyə baxmaq istəmirəm. Yaranan fasilə zamanı Şuşanı bir az dolaşmaq imkanım olur. Şuşanın hər tinində adamın qarşısına o qədər möhtəşəm simalar çıxır ki, düşünürəm, bu qədər böyük şəxsiyyətləri bir yerdə başqa heç bir şəhərdə görmək mümkün olmaz”. Festivalın və “İz” filminin yüzlərlə iştirakçıları arasında doğurduğu əks-sədanın nəticəsini müəllif azman yazıçı-jurnalistimiz Rəşad Məcidin xalq dilindən gələn bir cümləsi ilə beləcə ifadə edir: “Bu guppultuya erməni qalar?”

“Adını Albert qoy!” kitabında müəllifin çoxsaylı esselərinən cəmi 15-i təqdim olunub. Elə bu onbeşlik də bəs edir ki, oxucu Elbrus yaradıcılığının mövzu, bu mövzunu ifadə sənətkarlığını aydınca görə bilsin.

Bu kitab həm də özünün tərtibatı, çap formatı və poliqrafik orijinallığı ilə diqqət çəkir. Elbrus bundan əvvəlki kitabının (“Anne annem”) üz qabığında belə bir loqo təqdim edib: “Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitab mətbuat sahəsində çalışanlara, xüsusilə jurnalistika fakültələrinin tələbələrinə tövsiyə olunur”.

Mənə elə gəlir ki, jurnalistikanın bu gün ən çox yayılmış esse janrının mükəmməl nümunələrini təqdim edən “Adını Albert qoy” kitabına da həmin cümlə əlavə edilə bilərdi.

Cahangir Məmmədli


Share: