Bu faktı ermənilər özləri etiraf edir – “Deyli Tribun”

Bu faktı ermənilər özləri etiraf edir – “Deyli Tribun”

“The Daily Tribune-News of Bahrain” qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin “Ermənistanın tarixi əsassız saxtalaşdırmaq cəhdləri” sərlövhəli məqaləsi dərc olunub.

Müstəqil.Az xəbər verir ki, bir çoxlarının Dağlıq Qarabağ münaqişəsi haqqında yanlış təsəvvürləri olduğunu, bəzilərinin bu problemə qərəzli yanaşması, digərlərinin isə məlumatsız olması səbəbindən yanlış fikirlər yürüdüldüyünü qeyd edən müəllif bir neçə ölkədə öz vətəndaşları arasında ermənipərəst dairələrin Azərbaycan əleyhinə mövqe formalaşdırdığını yazır. Bu cür halların beynəlxalq mediada da mövcudluğunu diqqətə çatdıran səfir əlavə edir ki, sözügedən sindromun əsas səbəbi tarixi faktların saxtalaşdırılmasıdır.

Ermənilərin XIX əsrin əvvəllərində İran və Osmanlı imperiyasından Dağlıq Qarabağa köçürüldüyünü diqqətə çatdıran səfir əlavə edir ki, bu faktı onlar özləri də etiraf edirlər. Belə ki, ermənilər Dağlıq Qarabağa köçürülmələrinin 150 illiyi ilə əlaqədar Azərbaycanın Ağdərə rayonunun Marağa kəndində “Marağa-150” abidəsi də ucaldıblar. 1836-cı ildə isə Rus çarının fərmanı ilə qədim alban kilsələri ermənilərin ixtiyarına verilib.

Məqalədə azərbaycanlıların hazırda Ermənistan adlanan ərazidən zorla köçürülməsi, ermənilərin 1905-1920, 1948-1953 və 1988-1992-ci illərdə xalqımıza qarşı etnik təmizləmə siyasəti aparması da qeyd olunur. Diqqətə çatdırılır ki, Çar Rusiyasının siyasətini davam etdirən bolşeviklər Qarabağı iki yerə bölərək onun dağlıq hissəsində erməni muxtar vilayəti yaradıblar. Bundan başqa, Azərbaycanla Türkiyə arasında əlaqəni kəsmək məqsədilə 1920-ci ildə Zəngəzur, 1929-cu ildə isə Mehri əraziləri Ermənistanın tərkibinə verilib.

Müəllif Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məqsədilə 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyətindən, hazırda Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün apardığı hərbi əməliyyatlardan, döyüş meydanında ağır məğlubiyyətə düçar olan Ermənistanın dinc əhaliyə qarşı törətdiyi müharibə cinayətlərindən də bəhs edir. Vurğulayır ki, atəşkəsə nail olmağın yeganə yolu Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməsi, öz qoşunlarını işğal altında qalan ərazilərdən çıxarmasıdır.

Müstəqil.Az

Share: