Bu filmə görə 400 nəfər işdən çıxarılacaqdı – Rejissorların boyun qaçırdığı Azərbyacan filmi

Müstəqil.Az  “Qatır Məmməd” bədii filminin təhlilini təqdim edir.

Zeynal Xəlilin eyniadlı pyesinin motivləri əsasında çəkilən film 1918-19-cu illərdə Gəncə quberniyasında mövcud rejimə mübarizə aparan Qatır Məmməd haqda bioqrafik filmdir.

Rasim Ocaqov tərəfindən ekranlaşdırılan “Qatır Məmməd”in ideoloji dəyəri kinematoqrafik keyfiyyətlərindən güclüdür. Yeri gəlmişkən, bu film, o vaxtadək ondan çox filmdə operatorluq etmiş Rasim Ocaqovun rejissor qismində ilk işidir. Filmin ilk versiyasını Həsən Seyidzadə çəkmişdi. Onun quruluşundakı “Qatır Məmməd”in qadağan olunması səbəblərinə irəlidə aydınlıq gətirməyə çalışacağıq.

Gallery

Dediyim kimi filmin ideoloji konteksti güclüdür və bir sıra səhnələrin plakatçılığı gözə girir. Xüsusən, bu günün rakursundan baxanda bu plakatçılıq saxta və şişirdilmiş görünür. Dünya kinosunda plakatçı, amma kino sənətinin meyarlarına cavab verən filmlər əlbəttə var. Amma Rasim Ocaqovun yozumundakı plakatçılıq ona görə önə çıxır və qıcıqlandırır ki, həmin epizodlarda təsvir həlli, ifadə vasitələri, aktyor oyunu uyğunsuzdur. Misalçün final səhnəsində zabit Əziz (Rasim Balayev) Qatır Məmmədi (Şahmar Ələkbərov) arxadan vurur. Ona iki güllə açılır. Qatır Məmməd isə ölmək bilmir, horror, fantastika janrında olan filmlərin personajları kimi elə ayaqda dayanır, özü də banal məğrurluqla. Üstəlik, yeriyir, hətta rahat-rahat xəyallara (çox güman ki, gələcək haqda) dalmağa macal da tapır. Aydın məslədir ki, rejissor ideoloji tələblərdən irəli gələn simvolik, şərti vəziyyətlə onun ölməzliyini mənalandırmağa çalışıb. Kino sənəti şərtiliklə ehtiyatla davranmağı, ifrata varmamağı tələb edir, əks halda reallıq estetik mənada eybəcərləşir və falş yaranır. Kamera isə falşı dərhal büruzə verir. Yəni final epizodunu şişirtmədən, təmkinli işləmək mümkünüydü.
Musiqi istifadəsi də ekrandakı mübaliğədə rol oynayır. Cahangir Cahangirov ən yaxşı film musiqisi yazan bəstəkarlarımızdan biri olub. Onun bəstəsi tematikdir və mövzuya tamamən uyur. Lakin Rasim Ocaqovun digər rejissorlarımız kimi musiqidən lazımsız istifadəsi filmin keyfiyyətinə mənfi mənada təsir göstərib.

Əhvalatın mərkəzi fiquru Qatır Məmmədin obrazı çox güman ki, bilməyərəkdən bir qədər infantil və küt alınıb. Yəqin ki, rejissor onun portretini emosional və dəli-dolu ştrixləri ilə yükləmək istəyib. Amma bu keyfiyyətlər əks effekt verib. Və Qatır Məmmədə bütün film boyu silahdaşı Səməd (Həsən Məmmədov) çəki-düzən verməyə çalışır, ağıllı olmağa səsləyir.

Maraqlıdır ki, Qatır Məmmədin sinfi düşmən Əhəd bəylə (Səməndər Rzayev) qarşıdurması zamanı üstünlük ikincidədir. Əhəd bəyin qorxmaz, cəsarətli davranışı qarşısında Qatır Məmməd zəif və haqsız görünür. Və Qatır Məmməd ədalət məhkəməsi qurulmadan çox asanlıqla öz yoldaşlarını da öldürə bilir. Şahmar Ələkbərov müsahibələrindən birində Qatır Məmmədin qisasçıdan yetkin inqilabçıya çevrilməsini göstərdiyini deyib. Hərçənd, filmdə onun dəyişmə prosesini görmürük.

Gallery

Filmdə xan və bəylərin zülmünün təsvirini görmürük, bu, sözlərdə ifadə olunur. Bundan başqa əhvalatdan adı ən çox isimlərdən biri Fətəli xan Xoyski olsa da, filmin mərkəzi personajlarından biri deyil və ekranda az görünür.

1930-cu illərin repressiyasının əsas prinsiplərindən biri oğulun atanın günahlarına şərik çıxarılması və bağışlanmaması- filmdə Müsavat zabiti Əzizə münasibətdə üzə çıxır. Bolşeviklər Əzizə müsavatçı olduğuna görə şübhəylə yanaşır və təbii ki, rejissor da gedişatda bolşevik personajları haqlı çıxarır. İlk epizodlardan birində meyxanada axtarış səhnəsi dəqiq pauza və planlarla işlənib.

Ekspozisiyada Qatır Məmmədin bəylərin mülkünü müsadirə etməsi kadrları ilə Gəncə quberniyasında onu ələ keçirmək üçün planların qurulmasının paralel montajda verilməsi qəhrəmanın əhəmiyyətini göstərmək üçün, irəlidəki fəaliyyətinə girişi kimi yaxşı düşünülüb…

Filmin ssenarisini kinodramaturq Mixail Maklyarski və Kirill Rapoport yazıb. Hüseyn Seyidzadə onların versiyası ilə razılaşmayıb. Onun fikrincə, müəlliflər milli mədəniyyət və tariximizdən xəbərdar deyil, buna görə Seyidzadə Qatır Məmməd haqda ətraflı araşdırma apararaq məlumat toplayır, ssenarini dəyişir və öz versiyasını çəkir. Ulduzə Qaraqızının “Azərbaycan filmlərinin yaranma tarixi” kitabında qeyd edildiyinə görə, Seyidzadə Qatır Məmmədlə Həbibənin sevgisini xüsusi qabardacaqmış.

Araşdırmaçı-rejissor Babək Abbaszadənin dediyinə görə, rejissor cümhuriyyətçi obrazlarına da geniş yer verib. Onun ehtimalına görə, ssenarilərin ruslara həvalə edilməsi onunla bağlı ola bilər ki, buna kimi “Dəli Kür”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım” filmlərində müsbət yüklü bəy obrazları yaradılmışdı və mərkəz növbəti dəfə inqilabi mövzuda ssenarini özü nəzarətə götürmək istəyib.

Filmin xeyli hissəsi çəkilsə də, Moskvada Bədii Şura onu qəbul etmir və yenidən çəkilməsini tələb edir. Bir məqamı da qeyd edim ki, Maklyarski əkskəşfiyyatçı, DTK-in zabiti, Əlisəttar Atakişiyevin “İstintaq davam edir” filminin ssenari müəlliflərindən biriydi. Rapoport isə sovet kinosunun məşhur filmlərindən “Zabitlər”in ssenaristlərindən biri olub. Ona görə bu şəxslərin filmdə nə olursa-olsun ideoloji məsələni önə çəkməkləri təbiiydi.

Beləliklə, “Qatır Məmməd” Hüseyn Seyidzadədən alınır, onun yenidən işlənməsi bir çox rejissora təqdim olunsa da, onlar imtina edirlər. Kinostudiyanın direktoru Adil İsgəndərov filmi Rasim Ocaqova təklif edir. Çünki R. Ocaqov həmişə rejissorluq arzusundaydı. Adil İsgəndərov isə ona “sən rejissor ola bilməzsən, diplomun yoxdur” deyirmiş. Bundan sonra Rasim Ocaqov rejissorluq təhsili almışdı. “Qatır Məmməd”i ona təklif edəndə rəhbərlik belə şərt qoydu ki, əgər filmi başa çatdıra bilsə, onda gələcəkdə rejissor kimi film çəkmək imkanı olacaq. Nəhayət, “Qatır Məmməd” çox qısa müddətə yenidən çəkilir. Filmin ilk variantında dövlət tərəfindən ayrılan bütün vəsait xərcləndiyi üçün, ikinci variantda yaradıcı heyət qonorarsız işləyir.

Gallery

Rasim Balayev müsahiblərindən birində deyir ki, Adil İskəndərov toplantı keçirərək bildirdi ki: “Bu filmi təhvil verməsək, 300-400 nəfərə yaxın əməkdaş kinostudiyadan ixtisar olunmalıdır. Filmi çəkmək üçün pul qalmayıb. Filmi pulsuz çəkmək lazımdır. Əgər 300-400 nəfərin ixtisara düşməsini istəmirsinizsə, ilin axırınadək filmi təhvil verməliyik. Əks təqdirdə, bu adamlar işsiz qalacaq”.

Filmin ikinci variantında birinci variantdakı aktyorlar çəkilməyib. İlk versiyada Qatır Məmmədi Əlabbas Qədirov, Əzizi Fual Poladov oynayıb.

Aygün Aslanlının “Skafandrlı adam” kitabında Fuad Poladov bu haqda danışıb: ”Seyidzadə “Qatır Məmməd” filmini öz ssenarisi əsasında çəkirdi. İlkin ssenarini Mixail Maklyarski və Kirill Rapoport adlı iki yəhudi yazmışdı. Seyidzadə də işi götürəndə şərt qoymuşdu ki, filmi mənə verirsinizsə, ssenariyə əlavələr eləməyə də icazə verin. Maklyarski, Rapopot nə qanır, Qatır Məmməd kimdi?! Onun haqqında nə yaza bilərlər, axı?! Beləcə, filmin 80%-i çəkilmişdi. Mingəçevirdə idik. Son kadrlar çəkilirdi. Birdən pul kəsildi. Bir həftə pul gözlədik, gəlmədi. Əvəzində filmin direktorunu Bakıya çağırıb dedilər ki, şələ-külənizi yığın qayıdın. Seyidzadəyə də dedilər ki, bizə xəbər çatıb ki, sən ssenaridən kənara çıxırsan. O da bu barədə ilk gündən xəbərdarlıq elədiyini xatırlatdı. Təkid elədilər ki, qayıt, onların ssenarisini çək. Rejissor razılaşmadı. “Mən necə başlamışamsa, elə də bitirəcəm, ya da çəkmirəm” dedi. Filmi aldılar əlindən. Hüseyn Seyidzadə belə möhkəm xarakterli insan idi”.

Filmin ilk versiyası məhv edilib. İlk versiyadan ikinci versiyaya ümumi planda əsgərlərin qaçışı, bayraqları yerə atmaları səhnəsi daxil olunub.

Maliyyə olmadığı üçün R. Ocaqov çəkilişləri Bakıətrafı ərazilərdə-Ramanada, Qalada, Qobustanda aparıb.

Filmin digər adı “Gəncəbasarlı qisasçı”dır.

“Qatır Məmməd” filminin sonunda “14 gündən sonra Azərbaycanda sovet hakimiyyəti quruldu. Qatır Məmməd o günü görmədi” sözləri deyilir. Əslində Qatır Məmməd 18 sentyabr 1919-cu ildə qətlə yetirilmişdi.

Sovet dövründə Azərbaycanda xalq qəhrəmanı elan edilmiş Qatır Məmmədin əsl adı Məmməd Əli oğlu Məmmədov (1887-1919) idi. Onun haqqında indiyədək ziddiyyətli fikirlər səslənir. Bəzi mənbələrə görə o quldur, digər mənbələrdə isə kəndlilərin hüquqlarının müdafiəçisi kimi göstərilir.

Gallery

Ümumi versiyaya görə, Qatır Məmməd törətdiyi cinayətlər səbəbindən 1909 və 1914-də həbs olunaraq məhkəmənin hökmüylə Sibirə sürgünə göndərilmiş və görünür, orada bolşeviklərlə dostlaşmışdı.

Sibirə katorqaya göndərildikdən sonra Məmmədə «Qatır» ləqəbi verilib. Bu ləqəb ”katorqa” sözünün azərbaycancaya uyğunlaşdırılmasının nəticəsidir katorqa-katır. Yəni Qatır Məmməd – katorqaya göndərilmiş Məmməd.

1917-ci il rus inqilabından sonra geri dönmüş və öz dəsətəsi ilə ADR hökumətinə qarşı silahlı mübarizə aparmışdır.

Qatır Məmmədin sovet hakimiyyəti tərəfindən xalq qəhrəmanına çevrilməsi görünür onunla bağlıydı ki, Azərbaycanda da kəndli hərəkatının başçıları olduğu və proletar inqilabı nəzəriyyəsinin doğruluğu sübuta yetirilsin.

Sevda SULTANOVA

Kulis.az

Share: