Bu gecə depresiyanın “Sən” rəngindəyəm-ÜLFƏT ZİYAFƏTQIZI

Müstəqil.Az  şairə ÜLFƏT ZİYAFƏTQIZININ yeni şeirlərini təqdim edir:

Can verən dəniz quşuyam

Mən buludların
göydən yerə çırpılan
qupquru göz yaşıyam..
Torpaq neyləyir
qurumuş yağışları?
Balıqçı torlarına
qanadları ilişib can verən
dəniz quşuyam…
Əslində balıqçı da
balıq gözləyirdi,
neyləsin indi məni?…
Onun nəyinə lazım
mənim azadlıq savaşlarım,
Gücsüz çırpınışlarım?..
Yaşam mübarizəsində
qırılıb qanadlarım…
Qalaqlanıb hirslərim,
Həyata inadlarım..
“Bəxtinizi bir daha
sınayın”da pozulubdu andlarım…
Necə sənə vəd edim
rəngbərəng xoşbəxtliyi?…
Necə sənlə əhd edim
məndəki Ülfətliyi?..
Bitdi ömrün pay verdiyi
ayım, günüm…
Gedirəm mən,
salamat qal, sevgili…

 

Səhərədək yandı içim

Yuxuların boynuna
zəncir keçirdin….
Aparıb göz qapında bağladın…
Səhərədək uladılar…
Ayrılığın yollarını yaladılar…
Səslərindən yatmadım…
Səhərədək
yandı içim…
Əlim oduma çatmadı…
Hər şeyim axı səndin-
balım,
şəkərim,
Şipşirinim…
Getdi sənlə şirinliyim…
Səhərədək ürəyimə
duzlu dənizlər içirdim…
Bu gecə kəşf elədim
bədənimin 4/4ü
dəniz imiş…
Bu gecə kəşf elədim
qalmaq istəyənə səbəblər,
getmək istəyənə
bəhanələr əziz imiş…
Anladım ki,
gecələr köhnə ayı
doğramaq üçündür…
Gündüzlər Günəşi
ovuc-ovuc
oğramaq üçün…
Və hiss etdim
daha köhnəlmiş gündəyəm,
doğranıram için-için…
Güzgülər qışqırdı,
daraqlar çırpıldı
başıma…
…Bu gecə depressiyanın
“Sən” rəngindəyəm…
Ayrılmışam
” Can” dediyim yarımdan…
Canımdan qopan canı
güclə tutdum dişimə…
Qorxma…
mənimki intihar deyil…
Sadəcə asılmışam
hörümçək torundan…

Eşq cinslərarası – müharibə

İki dodaq arasından başlar,
bəs, gorəsən ,
harda bitər bu həyat?
İnsan
soyunmağa başlar
ürəyindən,
Yoxsa köynəyindən?
Ruh hardan əriyər
ehtirasın buz halından,
qulaqların söz halından?
Qadın hardan ölməyə başlar
kürəyindən,
yoxsa ki, sol biləyindən?…
Görəsən, dabandan soyulmaq ağrılıdır,
yoxsa gözdən?
Hardan başlar qansızlıq
Yeyilmiş dırnaq dibindən,
yoxsa siçanlar yaşayan bir kişinin cibindən?
Bu dünyanın tavanında
kimi boğazından asılır,
kimi göbək bağından…
Bədən bir ovucluq hüceyrə,
O da ki, gecə-gündüz parçalanır atomlara
zərrə-zərrə…
Eşq cinslərarası
ən böyük müharibə…
Bədənlər minalanmış sahə…
Ehh…onsuz da sülhdən bezmişəm…
Gətir imza edim dodağımla bu hərbə…

 

Share: