Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşü beynəlxalq, regional və yerli medianın gündəliyində özünəxas mövqedədir. Bu, Brüssel Sülh Gündəliyinin təşəkkülü, müəyyənləşməsi və perspektiv vəd etməsi ilə sıx bağlıdır. Və həmin gündəlik İlham Əliyevlə Şarl Mişelin ortaq əsəridir. Paşinyan isə həmmüəllif yox, iştirakçıdır.
Bu formatda ilk üçtərəfli görüş ötən il – dekabrın 14-də keçirilmişdi. Nəticə etibarilə, Azərbaycan Prezidenti və Aİ Şurasının Prezidenti tərəfindən Brüssel Sülh Gündəliyi formalaşdırılmışdır. Əgər qarşılıqlı güvən, perspektivə inam və imza qədər etibar qazanmış sözlər olmasaydı, 14 dekabr 14 dekabrda, Brüssel Brüsseldə qalacaqdı. İndi isə obrazlı desək, dekabr aprelə, Brüssel bütün regiona daşınıb… Yəni Brüssel Sülh Gündəliyi öz işlək mexanizmlərini doğurmaqdadır.
Budur, 6 apreldə üçtərəfli əsasda 5 saata yaxın davam edən görüş 14 dekabrın təsbiti, keçən müddətin analizi və bundan sonranın yol xəritəsini cızdı.
Görüşün nəticəsi olaraq Şarl Mişelin verdiyi Bəyanatda təsbit edildi ki, Ermənistanla Azərbaycan arasında Sülh Müqaviləsi üzrə danışıqlar başlayır. İki ölkənin xarici işlər nazirliklərinə uyğun təlimat verildi. Bu, məhz Azərbaycan Respublikasının irəli sürdüyü məlum 5 maddəlik təklifin qəbulu və bunun əsasında danışıqların aparılmasını ifadə edir. Və sənəddə bizimçün ən əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.
Bəyanatda Ermənistanla Azərbaycanın sərhəd məsələləri üzrə birgə komissiya yaratması, ilk növbədə delimitasiya prosesinə başlaması yönündə razılığın əldə olunduğu ifadə edilirdi. Təbii ki, delimitasiyanın nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılır.
Aİ-nin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərməsi sənəddə təsdiq olunur.
Ayrıca, nəqliyyat-kommunikasiya xətləri də təsdiq olunur, dəmir yolunun, avtomobil yolunun çəkilməsi və iqtisadi məşvərət şurası mexanizminin yaradılması təsdiq olunur.
Sənəddə “Dağlıq Qarabağ” ifadəsi və haqlı olaraq “keçmişin qalığı” sayılan “Minsk Qrupu həmsədrlik institutu”na birmənalı istinad yoxdur.
Aİ-nin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm, format yaranır. Aydındır ki, bunun məqsədi ilk növbədə Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşdırılmasıdır. Doğrudur, belə bir normallaşdırma bütün regiona, Azərbaycana, qonşularımıza, dostlarımıza da lazımdır, lakin bu ilk növbədə Ermənistana lazımdır.
Uğursuz dövlətin hərbi-siyasi rəhbərliyi bu doğruları nə qədər tez idrak və qəbul etsə, bu, ilk növbdədə onların özü üçün faydalı olacaq. Sülh prosesini sabotaj etməksə, ilk növbədə Ermənistanın öz dövlətçiliyinə, sabitliyinə və iqtisadiyyatına təsir edəcək. İndi gedişat elədir ki, Ermənistan öz rəhbərinin imzasına sayğı duysa da, duymasa da, Paşinyan Brüssel razılaşmasına sadiq qalsa da, qalmasa da, Ermənistan çox təsirlənəcək. Buyursunlar, ya irəli dursunlar ya geri. Yerində saymaq olmaz…