“Bu günə qədər heç bir mükafatla təltif olunmamışdım”

“Bu günə qədər heç bir mükafatla təltif olunmamışdım”

“Bu mənim ilk mükafatım oldu”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Prezidentin müvafiq sərəncamı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunan Akif İslamzadə deyib.

Müğənni mükafatın onun üçün gözlənilməz olduğunu qeyd edib: “On dəqiqə olar ki, ordenlə təltif olunduğumdan xəbər tutmuşam. Allah razı olsun! Təşəkkür edirəm! Xəbərim yox idi. 15 dəqiqə öncə zəng etsəydiniz, məlumatım olmadığını deyərdim. Zənglər gəldi, ondan sonra xəbər tutdum. Gözləmirdim, anidən oldu. Adlar, məncə də, bu şəkildə verilməlidir. Bu mənim ilk ordenimdir. Bu günə qədər heç bir mükafat ilə təltif olunmamışam. Üç hiss bu dəqiqə bir aradadır. Təəccüb, sevinc və təşəkkür hissi keçirirəm. Prezident İlham Əliyev ilə görüşüm də, qismət olsa, baş tutacaq. Hər kəsə uğurlar arzulayıram”.

Qeyd edək ki, xanəndə Sara Qədimovanın ilk övladı olan müğənni Akif İslamzadə 2016, 2017 və 2018-ci illərdə Prezident Mükafatına, 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. 14 avqust 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib. 120-dən çox mahnının ifaçısıdır. Bakının Binəqədi rayonu və Badamdar qəsəbəsində Akif İslamzadənin adına küçələr var.

Mahnılarından “Sarı gəlin” və “Bu gecə” diqqətləri cəlb edib. 1986-cı ildə müğənninin səs tellərinin birində bədxassəli şiş əmələ gəlib. Altı aylıq müalicələrdən sonra cərrahiyyə əməliyyatında müğənninin səs tellərinin biri götürülüb. Bununla da Akif İslamzadənin müğənni kimi fəaliyyəti yekunlaşıb.


Share: